Heydər Əliyev qısa müddətdə dünyanın Azərbaycanı
tanımasına nail oldu, dünyanı buna məcbur etdi

"Heydər Əliyevin xarizması, nüfuzu xalq arasında çox böyük idi"

 "Heydər Əliyev tərəfdarlarını aradan götürmək üçün real variant idi"

 Teleqraf.com saytının suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Salahlı (Aran) cavablandırıb.

 Müsahibəni müəyyən ixtisarlarla oxucularımıza təqdim edirik:

-Səyyad müəllim, söhbətimiz Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi günə təsadüf edir (müsahibə noyabrın 21-də götürülüb-red.) Partiyanın yaranmasını şərtləndirən amilləri necə sadalamaq olar?

- Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. O zaman Azərbaycanda çox qarışıq vəziyyət yaranmışdı. Siyasi situasiya tələb edirdi ki, yeni bir partiya yaransın, eyni zamanda Naxçıvan Ali Məclisinin sədri, böyük mütəfəkkir, dahi siyasətçi, XX əsrdə Azərbaycan xalqının və dövlətinin yetirdiyi ən böyük ictimai-siyasi xadim və dövlət addmı Heydər Əliyev hakimiyyətə gəlsin. Hadisələrin inkişafı da, məhz buna səbəb oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. 1993-cü ilin əvvəllərindən, yanvar ayından isə artıq respublikada ilk təşkilatlar yaranmağa başladı. 15 iyunda isə məlum hadisələrlə əlaqədar xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana dəvət edildi və o, Milli Məclisin sədri seçildi. Sonrakı hadisələr isə artıq hamıya bəllidir.

- İstərdik partiyanın yaradılma prosesi barədə danışasınız. Hansı çətinliklər vardı, hansı əngəllər yaradılırdı?

- Yeni Azərbaycan Partiyasının Bakıda təsis konfransı keçirməsinə keçmiş hakimiyyət, yəni AXC-Müsavat hakimiyyəti heç cür imkan vermədi. Partiyanın yaranmasını istəyən təşəbbüs qrupunun üzvləri məcbur olub Naxçıvana getməyə başladılar və ayrı-ayrı reyslərlə muxtar respublikaya yola düşdülər. Demək olar ki, təşəbbüs qrupunun əsasən, Bakıdakı üzvləri getdilər. Eyni zamanda respublikanın bölgələrindəki nümayəndələri də bu işdə böyük rol oynadılar. Noyabrın 21-də təsis konfransı keçirildi.

 Heydər Əliyev soyuq havada kostyumda oturmuşdu

 

Noyabrın 21-i çox yağışlı, soyuq bir gün idi. Konfrans Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında keçirilirdi. Bina çox soyuq olsa da, zal ağzınacan dolmuşdu. Bütün iştirakçılar - 550 nəfər nümayəndənin hamısı paltoda, papaqda, şərfdə oturmuşdu. Ancaq bütün dahiləri fərqləndirən xüsusiyyətlər Heydər Əliyevin də simasında özünü göstərdi. Heydər Əliyev olduqca soyuq bir havada teatrın səhnəsində kostyumda tək oturmuşdu. Köməkçisi Bəylər Eyyubov təşəbbüslər göstərirdi ki, kürkə bənzər bir şey gətirib ulu öndərin çiyninə salsın. Ulu öndər buna etiraz etdi. O, hamıdan nazik  geyinmişdi. Amma hamıdan şux, hamıdan sağlam, həyat eşqi güclü görünən də, məhz Heydər Əliyev idi.

 

Gecə yağış yağa-yağa şəhidlərin məzarını ziyarət etdik

 

- Adətən, təsis konfransları qurultaylara nisbətən tez yekunlaşır.  Konfransın bu qədər uzun çəkməsi nə ilə bağlı idi?

-Çünki respublikanın əksər rayonlarından nümayəndələr gəlmişdilər, orda çıxış etdilər. Eyni zamanda ulu öndər partiyanın nizamnaməsi, proqramı və s. haqqında geniş məlumat verdi. Bu istiqamətdə müzakirələr oldu. Sonra isə partiyanın mərkəzi orqanları seçildi. Siyasi Şura üzvlüyünə namizədlərin hamısı bir-bir səsə qoyuldu və qarşıda duran vəzifələrlə bağlı Heydər Əliyev geniş nitq söylədi. O nitqdə demək olar ki, bizim bütün gələcək fəaliyyətimiz izah olundu, şərh edildi. Ordan çıxandan sonra isə biz hamımız yağış yağa-yağa gecə şəhidlərin məzarına əklil qoyduq. Biz dərhal partiyanın yaradılması prosesini həyata keçirmək, eyni zamanda elan etmək istəyirdik. Şəhidlərin məzarını ziyarət etdikdən sonra yenə gecə Naxçıvan Ali Məclisinə gəlib, yenicə seçilən Siyasi Şuranın üzvlərindən 11 nəfər İdarə Heyətinin üzvünü seçdik. Heydər Əliyev orda bir daha geniş nitq söylədi.

- Səyyad müəllim, Naxçıvana ayrı-ayrı reyslərlə getdiyinizi vurğuladınız. Niyə nümayəndə heyətinin üzvləri hamısı eyni təyyarədə deyil, ayrı-ayrı reyslərlə uçmaq qərarına gəlmişdi?

- Bütövlükdə uçmağa icazə verilmirdi və Naxçıvana uçan təyyarələrin tərkibi yoxlanılırdı. Buna nəzarət edilirdi. Heydər Əliyevin partiyasının yaranması haqqında şayiələr artıq ölkədə dolaşırdı. Təbii ki, belə bir partiyanın yaranmasını istəmirdilər. Bilirdilər ki, o, ən güclü partiya olacaq və gələcəkdə hakimiyyətə iddialı ola bilər. Heydər Əliyevin xarizması, nüfuzu xalq arasında olduqca böyük idi və xalq bu partiyanın yaranmasını gözləyirdi. Yəni hadisələrin qarşısını almaq üçün Heydər Əliyev tərəfdarlarının Naxçıvana bir yerdə uçması prosesin pozulmasına gətirib çıxarardı.

- Bu yaxınlarda professor Şahlar Əsgərovla müsahibəmiz zamanı o dedi ki, Naxçıvana müxtəlif qruplar şəklində getməkdə məqsəd Heydər Əliyev tərəfdarlarının hamısının olduğu təyyarənin vurula biləcəyinə dair mətbuatda səslənən fikirlər olub...

- Bəli, mümkün idi. Bu, Heydər Əliyev tərəfdarlarını aradan götürmək üçün real variant idi.

- Bəs sonra yaradılan əngəllərlə bağlı nə deyə bilərsiniz?

- Naxçıvandan qayıtdıqdan sonra artıq qruplar müəyyənləşdirildi ki, respublikanın rayonlarına çıxmaq və Yeni Azərbaycan Partiyasının yerlərdə ilk təşkilatlarını yaratmaq lazımdır. Beləliklə, partiyanın tanınmış nümayəndələrindən ibarət qruplar respublikanın rayonlarına çıxdı. Artıq iyunun 15-dək bir çox rayonlarda təşkilatlar yarandı. Aydın məsələdir ki, iyunun 15-dən, yəni Heydər Əliyev Bakıya gəlib Milli Məclisə sədr seçiləndən sonra partiyanın rayon təşkilatlarının yaradılması prosesi sürətlə getməyə başladı və 1993-cü ilin iyunun axırınadək respublikanın 90 faizində Yeni Azərbaycan Partiyasının ilk təşkilatları yarandı. 1999-cu ildə isə ilk qurultayımızı keçirdik.

- Səyyad müəllim, sizinlə müsahibə zamanı ulu öndərlə keçirdiyiniz görüşlərdən bəhs etməmək düzgün olmazdı. Ona görə də istərdik bu barədə danışasınız...

-Ulu öndərlə Naxçıvanda və Bakıda bir çox görüşlərim olub və mən böyük Heydər Əliyevlə həm 1994-cü il martın 6-11-də Çin səfərinə, həm də 1997-ci il 27 iyul-5 avqust tarixində ABŞ səfərinə getmişəm. Bu görüşlər və səfərlər zamanı ulu öndəri yaxından müşahidə etmək imkanım olub. Axı, o, siyasətçi idi, biz onu həmişə siyasətçi kimi görmüşük, qəbul etmişik. Ancaq Heydər Əliyevin arxa planda qalan çox unudulmaz və dahiyanə keyfiyyətləri var idi. Əvvəla, olduqca diqqətli idi. İkincisi, son dərəcə səmimi və təbii söhbətləri ilə qarşısındakı müsahibin ürəyinin ən dərinliklərində saxlamış sözlərini, sirlərini, demək istəmədiyi fikirlərini də dedirtməyə qadir bir şəxs idi. Nümayəndə heyətinin tərkibindəki hər bir adamı tərcümeyi-halına, ailə üzvlərinədək yaxından tanıyırdı. Bəzən elə suallar verirdi, insan özü heyrət edirdi ki, o, bu məsələni hardan bilir. Çox ciddi şeylər var, mən indi onları deyə bilmirəm. Amma ya təşkilatda, ya da başqa bir yerdə baş vermiş məsələləri o, heyrətamiz şəkildə xatırladırdı.

Heydər Əliyev qısa müddətdə dünyanın Azərbaycanı tanımasına nail oldu, dünyanı buna məcbur etdi. Eyni zamanda ondan sonra gələn, Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi İlham Əliyev Azərbaycan dövlətinin şöhrətini daha da yüksəklərə qaldırdı. Bizi dünyada söz sahibi olan ölkələrdən biri etdi. Məlumdur ki, biz Cənubi Qafqazda ən böyük ölkəyik, ən böyük iqtisadi potensiala malik dövlətik. Biz Avropanı neft və qazla təmin edirik və bir çox dünya dövlətləri bu gün Azərbaycandan asılıdır. Biz Azərbaycanı gətirib, bax belə bir səviyyəyə çatdırdıq.

 

Heydər Əliyev məni və daha iki nəfəri məşhur ürək cərrahına göstərib dedi ki...

 

-Qeyd etdiniz ki, bu görüşlər və səfərlər zamanı ulu öndəri yaxından müşahidə etmək imkanınız olub...

- Çox maraqlı xatirələr var. Bilmirəm hansını deyim. Məsələn, onun diqqəti, fenomenal yaddaşı haqqında çox adamlar danışırdı. Mən də sizə bir söz deyim. ABŞ səfərindəydik, avqust ayının 1-də Arlinqton Milli Məzarlığına gedirdik. Orda çox təntənəli tədbir oldu. Heydər Əliyev avtomobilə əyləşdiyi anda qəfildən dayandı və geri çevrildi, diqqətlə nümayəndə heyətini nəzərdən keçirib o vaxtkı mətbuat katibini yanına çağırdı və adı ilə soruşdu ki, filankəs hardadır? Biz ya 50, ya da 51 nəfər idik. Təsəvvür edin, o, bu böyük nümayəndə heyətindən kiminsə tədbirdə iştirak etmədiyini dərhal hiss etdi.

Sonra məşhur ürək cərrahı Maykl Debeyki ilə görüş oldu. O, bir çox tanınmış adamların ürəyini köçürmüşdü. Onunla görüş təxminən 15 dəqiqə nəzərdə tutulmuşdu. Amma o qədər gözəl söhbətlər oldu ki, görüş bir saata yaxın çəkdi. İndi ayrılırıq və Debeyki bizi liftin önündə yola salır. Deməli, Heydər Əliyev birdən nümayəndə heyətinə göz gəzdirdi. Mən qəribə bir şəkildə hiss etdim ki, o, nəsə deyəcək və bu söz mənə də aid olacaq. Hiss etdiyim üçün yavaşca sivişib arxa plana keçmək istədim. Əhval-ruhiyyəsi çox yüksək idi. Mənə amiranə şəkildə dedi ki, yerində dur və mən yerimdə durdum. Heydər Əliyev dedi ki, "Cənab Debeyki, siz görkəmli cərrahsız, böyük həkimsiz, dünya səviyyəsində tanınan bir insansınız. Mənin nümayəndə heyətimin bəzi üzvlərinin problemləri var". Bu zaman mən qəti olaraq bildim ki, söhbət nədən gedəcək. Məni, sonra adlarını çəkmək istəmədiyim daha iki nəfəri, ümumilikdə 3 nəfəri göstərib dedi ki, siz bunların başına tük əkə bilərsinizmi? İnanırsız, gülməkdən uğunub getdik. Demə, mənim bu hərəkətimi, yəni arxaya çəkilib nümayəndə heyətinin içində görünməz olmaq istəyimi bəzi dostlarım sezibmiş. Dedilər ki, sən nədən bildin? Dedim, hiss etdim ki, söhbət bu olacaq. Onu da deyim ki, Maykl Debeyki görüşdən olduqca razı qalmışdı.

- İstərdik, "Qoşa çırağın işığında və ya gecə 3-ə 8 dəqiqə işləmiş" sərlövhəli müsahibənin necə ərsəyə gəlməsini bizim oxuculara da danışasınız...

- Ulu öndərlə ən böyük söhbətim və götürdüyüm ən böyük müsahibə "Qoşa çırağın işığında və ya gecə 3-ə 8 dəqiqə işləmiş" sərlövhəli müsahibədir. Bu müsahibə 1992-ci ilin oktyabrında "Səs" qəzetinin iki nömrəsində ardıcıl çap olunub. Deməli, may ayının 28-də "Ümid" körpüsünün açılışı olmuşdu. Bir çox adamlar, o cümlədən "Səs" qəzetinin baş redaktoru Ağabəy Əsgərov da açılışda iştirak etmişdi. Növbəti dəfə Naxçıvana yardım aparmaq məsələsi ortaya çıxdı və Ağabəy mənə dedi ki, getmək istəyirsənmi? Dedim, məmnuniyyətlə. Onda bir həftə idi ki, "Səs" qəzetində işləyirdim. İyunun 26-da yola düşdük, Naxçıvan Ali Məclisinə getdik. Nümayəndə heyətinin tərkibində jurnalist kimi mən, akademik Nadir Seyidov, Fikrət İsmayılov və Məzdək Hüseynov da var idi. Ali Məclis sədrinin köməkçisi Ramizə yaxınlaşdıq. Yeri gəlmişkən, qeyd edim ki, Ramiz bu gün də Vasif Talıbovun köməkçisidir. Çox istedadlı, qabiliyyətli bir oğlandır. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının keçmiş sədri, rəhmətlik Fikrət İsmayılov irəli durub dedi ki, Bakıdan gəlmişik. Ramiz xəbər verdi, Heydər Əliyev bizi qəbul etdi. Hamımızla çox mehribancasına görüşdü, müxtəlif söhbətlər oldu. Mən çıxanda dedim ki, Heydər bəy, mən həm də sizdən intervü götürməliyəm.

Bir kitabı var idi, açıb baxdı, dedi ki, hə, belə bir şey nəzərdə tutulub. Axşam işdən sonra gələrsən. Biz çıxdıq, Naxçıvanda bəzi müxalif partiyaların nümayəndələri ilə şəhərdə görüşümüz oldu, söhbətləşdik, mübahisələr oldu. Axşam 6-nın yarısında Ali Məclisdə oldum. Gördüm ki,  qəbul otağı adamlarla doludur. Ramizə yaxınlaşıb dedim ki, "qardaş, mən gəlmişəm e..." Başını qaldırıb üzümə baxdı, dedi ki, siz tezdən Fikrət müəllimlə gələn nümayəndə heyətinin tərkibində idiniz də... Dedim, bəli. Mən "Səs" qəzetindən Səyyad Aranam, Heydər Əliyevdən intervü götürməliyəm. O da kitabına baxdı, dedi ki belə bir şey nəzərdə tutulub. Dedim, indi mən gəlmişəm. O, heç nə başa düşməyərək mənə baxdı. Dedim, Heydər Əliyev dedi ki, işin axırında gələrsən. Dedi, nə-nə? Dedim, Heydər Əliyev dedi ki, işin axırında gələrsən. İndi də işin axırıdır, 6-ya 25 dəqiqə qalıb. Baxıram ki, burda xeyli adam var, mən bildirmək istəyirəm ki, gəlmişəm, Heydər Əliyev bunu bilsin. Yoxsa deyər ki, bu nə məsuliyyətsiz jurnalistdir.

 

Bir də gördüm gecənin tən yarısı bir nəfər bağırır: "Said, Said"

 

Ramiz qarnını tutub güldü, ağzını tutub otaqdan çıxdı. "Ay Allah, ay Allah" deyərək özünü saxlaya bilmir, gülür. Mən də bunun ardınca çıxdım ki, bu niyə belə edir, burda nə gülməli söz oldu ki? Bunun ardınca getdim, gördüm ki, içəridə bir nəfər də var. Təbii ki, Vasif Talıbovu tanımıram. Vasif müəllim onda Heydər Əliyevin köməkçisi funksiyasını yerinə yetirirdi. Ramiz içəri girdi, Vasif müəllim ona acıqlandı ki, ə, nə gülürsən, dişlərini ağardırsan? Dedi ki, bundan soruş, bundan soruş. "Ay Allah, ay Allah öldüm" deyib divana yıxıldı. Vasif müəllim dedi ki, ə özünü ələ al, bu nə deməkdir? Yenə qayıtdı ki, "bundan soruş, bundan soruş". Vasif müəllim soruşmamış mən dedim ki, çox qəribə işdir, bilmirəm burda nə baş verir. Mən nə gülməli söz dedim ki? Mən Heydər Əliyevdən intervü götürməliyəm, özü də təsdiq elədi ki, bəli, bu doğrudur, mən intervü götürməliyəm. İndi də mən gəlmişəm və deyirəm ki, işin axırıdır. Adam da çoxdur. Qoy Heydər Əliyevə bildirsin ki, Bakıdan həmin jurnalist gəlib. Bu dəfə də Vasif müəllim ürəkdən güldü.

Amma Vasif müəllim ciddi adam olduğu üçün özünü tez yığışdırdı, qoluma girdi, dəhlizdən keçirdi, məni pilləkənlərlə aşağı düşürə-düşürə dedi: "Yoldaş jurnalist, bizdə işin axırı gecə saat 12-dən sonradır. Sən get, 1-də, 2-də gələrsən". Mən heyrətlə ona baxdım, öz-özlüyümdə dedim ki, nə işə düşdüm. Bunlar nə danışır? Biri elə deyir, biri belə deyir. Necə yəni, get, gecə 12-dən sonra gələrsən?! Mən bu fikirdə ikən Vasif müəllim bir nəfəri çağırdı, dedi ki, müxbiri qonaq evinə apar. Axşam da 12-dən sonra ardınca gedib bura gətirərsən. Mənim matım-qutum qurudu, heç bir söz deyə bilmədim. Sürücü məni Naxçıvan Ali Məclisinin qonaq evinə apardı. Qonaq evinin Aleksandr (Saşa) adlı sırf Naxçıvan ləhcəsi ilə danışan komendantı var idi. Saşa dedi, buyur bu da sənin otağın, dincəl.

Hardasa saat 9 olardı. Yatağa uzandım. Görünür, yorğunluq səbəbindən və başıma gələn bu anlaşılmaz işə görə məni yuxu aparıb. Bir də gördüm gecənin tən yarısı bir nəfər bağırır: "Said, Said". Ayıldım, yenə də səs gəlir. Fikir vermirəm. Mən "Said" deyiləm axı... İndi mən anlamıram, mənə çatmır ki, rus Saşa mənim adımı tələffüz edə bilmir. Bir də gördüm səs artıq qapının ağzındadır. Qışqırır ki, "Mən kiminləyəm, Said, Said. Qalx da. Sənin ardınca gəliblər".

Mən qalxdım, dedim kim gəlib? Dedi "mən nə bilim, çıx qapıya görərsən". Çıxdım qapıya gördüm ki, həmin sürücüdür. Dedim nədir ki? Dedi, heç nə, sənin dalınca gəlmişəm. Birdən hər şey yadıma düşdü. Tez qayıdıb blaknotumu, diktofonumu götürüb gəldim. Ali Məclisə çatanda divardakı saata baxıb gördüm gecə saat 1-dir, qəbul otağı da doludur. O gün mən Heydər Əliyevin qəbuluna düşə bilmədim. Ramiz dedi ki, artıq saat 3-dür, sədr evə gedəcək, sən də get, sabah yenə gecə 12-dən sonra gələrsən. Mümkün olsa, qəbuluna düşərsən. Aşağı düşdüm, həmin sürücü məni yenidən apardı. Birisigün səhər geri qayıtmalıydıq. Mən günorta özümü Ramizin yanına çatdırıb dedim ki, "Ramiz bu gün də olmasa, sabah tezdən biz gedirik, mən intervü ala bilməyəcəm, xahiş edirəm mənə kömək elə". Dedi ki, "çalışarıq, get 12-dən sonra gələrsən". Artıq bu dəfə təəccüblənmədim, vəziyyəti anladım. Getdim və deyilən vaxtda geri qayıtdım. Mən içəri girəndə, ilk sualımı verəndə 3-ə 8 dəqiqə işləmişdi. Onu qeyd etdim.

- Bəs qoşa çıraq nə deməkdir?

- Ali Məclisdə elektrik enerjisi yox idi. Heydər Əliyev bir çırağın işığında işləyirdi. Təsəvvür edirsiz? Məni aydın görsün deyə, səsləndi ki, Ramiz, o çırağını götür, bura gətir. Gətirəndən sonra dedi ki, qoy müxbir tərəfdən. Mənim tərəfdən qoydurdu ki, sifətimi görə bilsin. Biz qoşa çırağın işığında söhbət etdik. Heydər Əliyevdən ilk intervüm beləcə alındı.

- Heydər Əliyevin Naxçıvandakı iş prinsipinin başqa hansı özəllikləri var idi?

- Mən onun Naxçıvandakı iş prinsipini öz gözümlə ilə gördüm. Heydər Əliyev təxminən saat 10-a qalmış işə gəlirdi, şikayətçiləri Ali Məclisin qabağında qəbul edirdi. Rəhbər vəzifəli şəxslər də orda olurdu, aidiyyatı üzrə O, adamlara tapşırıq verə-verə şikayətə gələnləri qəbul edirdi. Saat 10-da işə başlayırdı. Düz axşam 7-dək sərasər işləyirdi. Günorta nahar eləmirdi. Hardasa 8-in yarısı nahar edirdi. Gecə saat 3-də qaldığı evə dönürdü. Bunun nəticəsində Naxçıvanın təhlükəsizliyi axıradək qorundu.

Heydər Əliyev bizə çoxlu nəsihətlər edirdi. Xüsusən, noyabrın 21-də. Gecə saat 1-dir, 2-yə işləyib. Artıq noyabrın 22-dir. Dedi ki, siz hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Yüksək vəzifələr daşıyacaqsınız. Sizin qəbulunuza çoxlu insanlar gələcək. Onların bir çoxunun xahişini yerinə yetirə bilməsəniz də, onları diqqətlə dinləyin. Onları heç vaxt oturduğunuz xidməti kreslolarda qarşılamayın. Kimliyindən asılı olmayaraq, ayağa durun, o böyük, geniş, yaraşıqlı kabinetlərinizin ən azı ortasında onları qəbul edin. Yenidən qayıdıb xidməti kreslonuzda oturmayın. Sizin iş masanızın qarşısında balaca bir miz olacaq. Orda həmin adamla üzbəüz oturun. Nə qədər fikirli, dalğın, yorğun, xəstə olsanız da, bunu qarşınızdakı adama bildirməyin. Onunla səmimi, doğma adam kimi söhbət edin. Dərhal çay gətirdin. Çay gətiriləndən sonra əlinizi qəndə atmayın. Masanızın üstündə şokoladlar doldurulmuş büllur qabdan bir şokolad götürün. Bəlkə sizin qarşınızdakı heç bir aydır şokolad yemir. Siz qənd götürsəniz, o da məcbur olub qəndə əl atacaq. Qənddən başlamayın, şokoladdan başlayın

- Yəni, o məqamlara kimi nəsihət edirdi, hə?

- Bizə nələri demirdi? Hər şeyi başa salırdı. Bizə həyatı öyrətdi. Hamımızın, bütün o zamankı Siyasi Şura üzvlərinin həyat məktəbi Heydər Əliyevlə başladı. Biz o məktəbdən keçdik. Allah ona rəhmət eləsin! Necə dahi idi, hər şeyi əvvəlcədən görürdü...

0.37101316452026