Multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycanda bir tərəfdən qədim sivilizasiyanın nümunələri, digər tərəfdən
isə müasirlik birləşərək əsrarəngiz harmoniya yaradıb

 

Azərbaycanın multikulturalizm modeli hazırda beynəlxalq səviyyədə təqdim olunur. Bu model imkan verir ki, multikultural və tolerant dəyərlərin təsdiqini ölkəmizdə yaşayan istənilən xalqın, millətin, etnik qrupun və azsaylı xalqın birgəyaşayışında görmək mümkün olsun.

Azərbaycanın multikulturalizm modelindən xəbərdar olan əcnəbi ölkələrin nümayəndələri də, istər ölkə xaricindəki beynəlxalq tədbirlərdə, istərsə də ölkəmizə olan səfərlərində multikultural və tolerantlıq dəyərlərimizi müsbət qiymətləndirirlər.

Bu mənada, İtaliyanın "Radio Atene" kanalının beynəlxalq siyasət və iqtisadi forum rubrikasında bu ölkənin Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) rəhbəri Domeniko Letizia "Azərbaycanda multikulturalizmin kəşfi" mövzusundan danışıb. İtaliyalı tədqiqatçı canlı yayımda Azərbaycandakı dinlərarası dialoq və multikulturalizm ənənələrindən söz açıb. Ölkəmizin bu mövzuları müzakirə etmək üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq formatlar vasitəsilə təqdim etdiyi dünyəvilik və dini dözümlülük modelinin xüsusi əhəmiyyətini qeyd edib.

D.Letizia bildirib ki, Azərbaycanda əhalinin mütləq əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada bütün etnik və dini azlıqların hüquqları dövlət tərəfindən bərabər qaydada müdafiə olunur və ölkədə sülh şəraitində birgəyaşayış mühiti mövcuddur. İtaliyalı ekspert bildirib ki, bu hüquqi model digər ölkələrə və problemli bölgələrə tətbiq edilmək üçün xüsusi araşdırma mövzusu olmalıdır. Ekspert ölkəmizdə çoxsaylı sinaqoqların və yəhudi məktəblərinin mövcud olduğunu da diqqətə çatdırıb. O, sözügedən istiqamətdə Quba rayonunda dağ yəhudilərinin həyatı, eləcə də Azərbaycanla İsrail arasında mövcud əməkdaşlıq haqqında geniş məlumat verib.

D.Letizia Azərbaycanın Ermənistan istisna olmaqla qonşuları ilə yaxın əlaqələrə malik olduğunu deyib. O, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla ölkənin beynəlxalq səviyyədə tanınan

torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu münaqişənin heç bir dini əsası yoxdur və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn bir münaqişədir. Ekspert bu xüsusda nümunə kimi paytaxt Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən yenidənqurma işləri aparılan və beş minə yaxın erməni kitabının saxlanıldığı erməni kilsəsindən söz açıb. Tədqiqatçı həmçinin, Azərbaycanın xristian dünyası ilə münasibətlərindən, eləcə də, 2016-cı ildə Roma Papası Fransiskin ölkəmizə səfərinin əhəmiyyətindən danışıb.

Digər bir tanınmış sima, Fransanın görkəmli heykəltəraşı və rəssamı, UNESKO-nun xoşməramlı səfiri Edva Şer də multikulturalizm dəyərlərinin ölkəmizdəki təşəkkülündən bəhs edib. O qeyd edib ki, Azərbaycanda yəhudilərlə müsəlmanların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı dünyada nadir hadisədir. "Mən Quba rayonunun Qırmızı qəsəbə kəndindəki sinaqoqda olmuşam. Dünyanın 12 şəhərində ucalan sülh ağacının müəllifiyəm. Bu əl işlərimdə üç dinə məxsus simvollar qeyd edilib. Bakı da, sülhə həsr etdiyim əl işlərimdən birinin ən möhtəşəm meydanlarında ucaldığı 12 şəhərdən biridir".

Fransalı incəsənət xadimi bildiri ki, UNESKO-nun xoşməramlı səfiridir və öz əl işləri vasitəsilə dünyada sülhün yaradılmasına xidmət edir. Yaratdığı heykəltəraşlıq əsərləri vasitəsilə mədəniyyət diplomatiyasını inkişaf etdirməyə çalışır. UNESKO çərçivəsində və bu mötəbər təşkilatın dəstəyi ilə münaqişə tərəflərinin incəsənət xadimlərini bir araya gətirməyə çalışır. E.Şer həmçinin vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə malik ölkədir.

O, qeyd edib ki, Fransada olduğu kimi, Azərbaycanın da xalçaçılıq sahəsində zəngin təcrübəsi, bu milli sərvətin üslub, çalar rəngarəngliyini və müxtəlifliyini əks etdirən nümunələri Bakıda muzeydə nümayiş olunur. Bu sənət növü Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. E.Şer bildirib ki, zəngin muzeylərə hər yerdə rast gəlmək olmur. Ancaq Azərbaycanda belə muzeylər çoxdur. Fransalı heykəltaraş həm də Azərbaycan rəssamlarını və onların əl işlərini çox bəyənidiyni, Azərbaycan musiqisini, xüsusilə, orkestr musiqisini və cazı, rəqslərini yüksək qiymətləndirdiyini bildirib. Heykəltaraş bildirib ki, Azərbaycana ilk səfəri zamanı İçərişəhəri kəşf edib. Həmin vaxtdan Azərbaycana hər səfəri zamanı İçərişəhərdə olur, rəsmlər çəkir və onların hamısı bu gün şəxsi kolleksiyasının ayrılmaz hissəsidir."Azərbaycanda bir tərəfdən qədim sivilizasiyanın nümunələri, digər tərəfdən isə müasirlik birləşərək əsrarəngiz harmoniya yaradıb. İşıqlara qərq olunmuş Bakı gecələri möhtəşəmdir. Fransa ilə Azərbaycan mədəniyyəti arasında hər zaman qarşılıqlı anlaşma mövcud olub və bu gün də davam edir. Mən Fransada "Azərbaycanın Dostları Assosiasiyası"nın vitse-prezidentiyəm. Azərbaycan mədəniyyətinin Fransada və iştirak etdiyim beynəlxalq tədbirlərdə bacardığım qədər tanıtmaqda davam edirəm və edəcəyəm".

Qeyd edək ki, fransalı başqa tanınmış şəxslər də Azərbaycan mədəniyyəti və incəsənəti haqda yüksək fikirlər səsləndiriblər. Belə ki, fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Yerar Kardon ölkəmizdə səfərdə olarkən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovla görüşüb. R.Həsənov Azərbaycandakı tolerant və multikultural mühitdən, ölkə rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasətinin uğurlarından söhbət açıb. Fransız yazıçısı isə ölkəmizə hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayaraq, Azərbaycandakı tolerantlıq mühitini təqdirəlayiq hal kimi qiymətləndirib. Yerar Kardon Azərbaycan multikulturalizm modelinin uğurlu olduğu fikrini təsdiqləyərək, gələcək yazılarında sözügedən məsələlərə xüsusi yer ayıracağını bildirib. Azərbaycandakı multikultural mühit və humanitar siyasətlə yanaşı, Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələri xaricdə vaxtaşırı təşviq olunur. Cari ildə keçirilən belə tədbiərdən biri kimi, ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə həsr olunan tədbiri yada salmaq yerinə düşər.

ABŞ-ın Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq universitetində isə oktyabrda keçirilən beynəlxalq simpoziumda Azərbaycanın multikulturalizm modelindən bəhs edilib. Bir çox ölkələrdən ictimai-siyasi və din xadimlərinin, elm, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin qatıldığı simpoziumda insan hüquqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb. Simpoziumda bir sır tanınmış din xadimlər, o cümlədən, ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Sem Braunbek, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verilib. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların da qarşılıqlı anlaşma, mehriban qonşuluq, həmçinin, əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb.

Bu yaxınlarda Bakıda baş tutan VI Bakı Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin multikulturalizm mövzusuna həsr edilməsini təqdirəlayiq hal kimi dəyərləndirən "Art of Livinq" Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar isə ökəmizdəki mövcud modeli müsbət qiymətləndirib. O, qeyd edib ki, belə nüfuzlu tədbirlərin dünyada multikulturalizm dəyərlərinin təbliğində böyük rolu var:

"Hər kəs başqasının dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı, insanlar öz seçimlərinə görə qorxu içində yaşamamalıdırlar", deyən hindistanlı qonaq, multikulturalizmin insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini söyləyən fond təmsilçisi multikulturalizmin və tolerantlığın geniş təbliğinə bu cür imkan yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Bundan başqa, Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycan multikulturalizmi barədə müsbət fikirlər səsləndiriblər. UNESCO-nun xoşməramlı səfiri, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser, eləcə də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri, Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot da Azərbaycanda multikulturalizmə verilən önəmi yüksək qiymətləndiriblər. Multikulturalizmin insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət daşıdığı da xarici qonaqların çıxışlarında vurğulanıb.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.61168193817139