Azərbaycandakı tolerantlıq mühiti bütün
çətinliklərə baxmayaraq, qorunub saxlanacaq

Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi də, xüsusi bir missiya kimi ölkəmizin üzərinə düşür

 Bu gün dünyanı narahat edən əsas məsələlərdən biri də, bəşəri birgəyaşayışın ritminin pozulmasıdır. Multikulturalizmin iflasa uğradığını iddia edən bəzi Avropa ölkələrində baş verənlər də bunu bir daha təsdiq edir. Bir sıra ərəb ölkələrində, o cümlədən Suriyada baş verənlər, Fələstin-İsrail münasibətləri də birgəyaşayışın və dözümsüzlüyün açıq təzahürüdür. Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin  dəfələrlə öz nitqlərində söylədiyi kimi, müasir dünyamızın qorunması və inkişaf etdirilməsi baxımında, multikulturaizmin alterntivi yoxdur, multikulturalizmin alterntivi dini və milli dözümsüzlük, radikalizm, ksenofobiya və terrorizmdir.

Qloballaşan dünyamızda mövcud gərginliklərin yaranmasının əsas səbəbi, multikultural dəyərlərin təbliğində yaranan boşluqlar, yaxud da bəzi qüvvələrin bu dəyərləri qəbul etməməsidir.

Bu baxımdan, Azərbaycan dövləti ölkəmizdə mövcud olan multikultural mühitin təbliği və təşviqi ilə dünyaya sübut etməyə çalışır ki, multikulturalizmin Azərbaycan modeli, yaranmış situasiyadan çıxış üçün ən optimal yoldur. Bu təkcə Azərbaycan dövlətinin mövqeyi deyil, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçıları olan dövlət və din xadimləri, siyasətçilər, multikulturalizm üzrə mütəxəssislər də etiraf edirlər ki, Azərbaycanda mövcud olan multikultural mühit bütün dünyaya örnək və nümunə ola bilər.

Bu fikirlər Azərbaycanın da üzərinə mühüm öhdəliklər qoyur. Bunların arasında Azərbaycan multikulturalizm modelinin bütün dünyada təbliği və təşıiqi də xüsusi bir missiya kimi ölkəmizin üzərinə düşür.

Minilliklər boyunca bütün səmavi dinlərin, onların bir çox qollarının, təriqətlərin daşıyıcıları olan insanların, eləcə də bir çox millətlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadığı və heç bir zaman dini və milli zəmində qarşıdurmanın baş vermədiyi Azərbaycandan böyük örnək ola bilərmi dünyaya?   

Bu gün ölkəmizdə mövcud olan bu mühiti qəbul edə bilməyən radikal qüvvələr də yox deyil. Həmin qüvvələrin zərərsizləşdirilməsi üçün ilk növbədə istər ölkə daxilində, istərsə də ölkə xaricində təbliğat, təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsinə ciddi ehtiyac var.

Bu baxımdan ölkə daxilində görülən işlər qənaətbəxş olsa da, ölkə xaricində görülən işlərin fəallaşdırılmasına ehtiyac var. Bunun üçün də Azərbaycan tərəfi dünyanın bir çox ölkələrində təbliğat işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında "Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli" mövzusunda simpoziumun keçirilməsi də, bu fəaliyyətin istiqamətlərindən biridir.

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, simpozium Azərbaycanın AFR-dəki səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Alman-Azərbaycan Forumu və Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri adından Simpoziumu giriş sözü ilə açan akademik Kamal Abdulla dünyada multikulturalizm ideyalarının tarixi haqda qısa giriş verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitin xüsusiyyətlərinin təhlilinə həsr edilən məruzə ilə çıxış edirb. Akademik qeyd edib ki, Azərbaycanda multikulturalizm həm əhalinin mentalitetindən irəli gələn dəyər, həm də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət qayğısı ilə tam əhatə olunub.

Qloballaşan dünyamızda dini, etnik, irqi, milli zəmində baş verən münaqişələr, irqçilik, habelə islamafobiya, insan haqlarının kütləvi şəkildə pozulması kimi halların aradan qaldırılmasında tolerantlıq və multikulturalizmin əhəmiyyətini inkar etmək mümkün deyil. Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində Azərbaycandakı milli-etnik və dini müxtəliflikdən istifadə edərək, ölkəmizi münaqişələrə cəlb etmək cəhdləri Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iflasa uğradı. Dövlətin milli və dini məsələlərdə həyata keçirdiyi incə siyasət nəticəsində ölkəmizdə milli birliyin tam təmin olunması prosesi baş verdi.

Tədbirdə çıxış edən Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanda tolerantlığı və müxtəlif dinlərin dinc yanaşı mövcudluğunu yüksək qiymətləndirərək qeyd edib ki, bu, Avropa üçün xüsusilə hazırki münaqişələr dövründə nümunə ola bilər.

AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafını, iki ölkə arasında ikitərəfli və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirib. AFR hökumətinin təmsilçisi Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsindən danışaraq qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində dinc yanaşı yaşaması multikulturalizmin uğurlu modelidir və başqalarına da nümunə ola bilir. Kord Mayer-Klodt həmçinin ümid etdiyini bildirib ki, Azərbaycandakı tolerantlıq mühiti regionda mövcud olan bütün çətinliklərə baxmayaraq, qorunub saxlanacaq.

Simpoziumda iştirak edən mütəxəssislər də Azərbaycan multikulturalizm və dinlərarası dialoqa dair məruzələrlə çıxış ediblər.

Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Maria Aux nitqində Azərbaycanın etnik və dini xəritəsinin hazırki vəziyyətini təsvir edib və bu müxtəlifliyin tarixi kökləri haqda tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə qeyd olunub ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il fərmanı ilə yaradılıb. Mərkəzin yaradılmasında məqsəd ölkə daxilində və xaricdə multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği və təşviqi, həmçinin bu mövzuda maarifləndirmə işlərinin həyata keçirilməsidir. Tədbirdə qeyd olunub ki, yarandığı qısa zaman kəsiyində BBMM çoxsaylı layihələri uğurla həyata keçirərək qarşıya qoyulan hədəflərə çatmaq üçün ciddi işlər görür.

Bu da məlumdur ki, dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında, insanlar və dövlətlər arasında anlaşmanın və əməkdaşlığın  yaranmasında da multikulturalizmin və tolerantlığın böyük rolu var və bu işdə Azərbaycan təcrübəsi bir çox dövlətlər üçün nümunə ola bilər.

Tədbirdə Almaniyanın "Bayerischer Rundfunk" ictimai televiziyasının müxbiri Andrea Rotun müəllifi olduğu "Azərbaycan dini dözümlülük üçün nümunə" başlıqlı sənədli filmi nümayiş etdirilib və panel müzakirələri keçirilib. Bu müzakirələrdə iştirak edən natiqlər də, ölkəmizdə dini və milli tolerantlığın yüksək səviyyəsindən, burada yaşayan xalqların xarakterindən, Azərbaycan dövlətinin multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.   

Xüsusi olaraq qeyd olunub ki, multikulturalizmin Azərbaycan modelinin yaranmasında və formalaşmasında dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi əməyi və danılmaz xidmətləri var.

Azərbaycanda dini və milli dözümlülüyün, millətlər və dinlərarası münasibətlərin tənzimlənməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdırsa, multikulturalizmin Azərbaycan modelinin yaranması və mutikulturalizmin dövlət siyasətinə çevrilməsi də, Prezident İlham Əliyevin adı ilə bağlıdır.

"Berlin Avropa tədqiqat institutu" cəmiyyətinin rəhbəri Mathias Dornfeldtin moderatorluğu ilə keçirilən birinci paneldə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev Azərbaycanda dini icmaların və dinlərarası dialoqun vəziyyətini, dövlətin dini icmalara yüksək qayğısını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, din dövlətdən ayrı olsa da, dövlət dini icmaların bütün qayğılarını da öz üzərinə götürüb.

Tədbirin ikinci podium müzakirəsi alman jurnalistlərin iştirakı ilə keçirilib və ona DAF-in icraçı katibi, Berlin federal vilayətinin keçmiş sözçüsü Mixail Butz moderatorluq edib. "Bayerischer Rundfunk" telekanalının müxbiri Andrea Rot, "Almaniyanın yəhudi səsi" qəzetinin naşiri Rafael Seliqman və müstəqil jurnalist, “Das Parlament” qəzetinin keçmiş baş redaktoru Knut Teske Azərbaycanda dini tolerantlıq və mədəni müxtəlifliyin yüksək səviyyəsi barədə danışıblar.

Bu da diqqətçəkən məqamdır ki, tədbirdə Almaniya hökumətinin nümayəndələri, o cümlədən AFR müdafiə nazirinin müavini cənab Markus Qrübel, Bundestaqın əməkdaşları, Almaniyanın elmi və ictimai dairələrindən nümayəndələr, Berlində akkreditə olunmuş diplomatik korpusların üzvləri, KİV təmsilçiləri, eləcə də Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda qeyd olunub ki, dünyada mutikulturalizmin və tolerantlığın bərqərar olması üçün belə tədbirlərin sayını, keyfiyyətini və kəmiyyətini artırmaq lazımdır.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.53064513206482