Əlilliyi olan şəxslər: fiziki
məhdudiyyətdən sosial inteqrasiyaya

İnkluziv cəmiyyəti nədir və onu kimlər qurmalıdır?

 Köçəriyev Nüsrət Rəfi oğlu

 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının saytında aydın, yığcam və çağrıcı dörd şüar gördüm: "Bizsiz bizim haqqımızda heç nə", "Ədalət və ləyaqət hamı üçün", "Hamı üçün bərabər imkanlar", "Sərbəst hərəkət - hər yerdə". Bu gün bütün bəşəriyyətin hədəf kimi qarşıya qoyduğu inkluziv cəmiyyət məhz, bu şüarların tələblərinə cavab verən cəmiyyətə deyilir. "İnkluziv" sözünün latıncadan hərfi tərcüməsi "daxil etmək" anlamını verir. Yəni inkluziv cəmiyyət o qədər inkuişaf etməlidir ki, təkcə sağlam üzvlərinə deyil, həm də şikəst, əlili, fiziki qüsurlu, qoca və s. üzvlərinə də qucaq açmalı, onları özünə daxil etməlidir ki, sağlam insanlar kimi cəmiyyətin  həyatında aktiv iştirakını təmin etsin. Bu iş əsasən hökumətin üzərinə düşsə də, tək hökumətin qəbul etdiyi qərarlar, ayırdığı vəsaitlər, həyata keçirdiyi sosial layihələr hesabına inkluziv cəmiyyət qurmaq mümkün deyil. Çünki cəmiyyət üzvləri ilə təmasda olan tək hökumət deyil, cəmiyyətin müxtəlif təbəqələri və sinfləri cəmiyyət həyatında özünəməxsus rola malikdirlər. Hər bir cəmiyyət üzvü, qrupu və təbəqələri anlamalıdır ki, onlarla birlikdə elə bu cəmiyyətdə fiziki imkanları məhdud olan insanlar da yaşayır və onların da digərləri kimi yaşamaq, işləmək, yaratmaq, hətta, həyata töhfə vermək haqqı var. Hamımız bu haqqı tanımalı və o haqqın reallaşdırılması üçün gərəkən bütün tədbirləri biz - Allahın sağlamlığı əsirgəmədiyi insanlar həyata keçirməlidirlər. Bu cəmiyyətimizin müqəddəs mənəvi borcudur. Lakin inkluziv cəmiyyətin maddi baxımdan hərəkətverici gücü dövlətdən gəlməlidir. Fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası iki istiqamətdə aparılmalıdır: onların gərəkən müalicə almasına imkan yaratmaq və psixoloji olaraq belə insanların cəmiyyətin sağlam insanları qədər aktivliyini təmin etmək. Göründüyü kimi, məsələnin birinci hissəsi daha çox maddi tutuma malikdir. Əlbəttə, bu hissə sözsüz olaraq dövlətin üzərinə düşür. Lakin dövlətin işi tək bununla tamamlanmır, o, hüquqi-normativ sənədlər vasitəsi ilə real sektordan əlillərin maneəsiz hərəkətini təmin edən avadanlıqların hər yerdə quraşdırılmasını və onların həmişə işlək vəziyyətdə saxlanmasını tələb etməlidir. Dövlət idarə, təşkilat və şirkətləri bu qaydalara nümunəvi olaraq əməl etməlidir.

Vətəndaş isə qüsurlu insanlardan nəinki qaçmalı, əksinə onlara mənəvi dəstək verməyi özünə borc bilməlidir.

 

Şvartseneggerın vəsaiti ilə özünə iş yeri açan Qarabağ qazisi

 

- “Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq, hər iki ayağımı və sağ gözümü itirmişəm. Hazırda birinci qrup əliləm, Qarabağ Qaziləri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin rəhbəriyəm. 1993-cü ildə Mərkəzi Hospitalda müalicə aldıqdan sonra xidmətə yararsız sayılaraq ordudan tərxis olunmuşam. Həmin illərdə ayaqlarım bir yana, "əlil" sözünü belə, həzm edə bilmirdim, utandığımdan camaat arasına çıxmırdım, çox gərgin psixoloji sarsıntılar keçirirdim. Sonralar dövlətin dəstəyi, cəmiyyətin bizə qucaq açması, bizi olduğumuz kimi qəbul etməsi, şəxsən mənim həyatda öz yerimi tutmağımda böyük rol oynadı. Hökumət bizim müalicəmizi yüksək səviyyədə təşkil etdi. Pratez-bərpa mərkəzində protez ayaqları geyinib yeriməyə başlayanda elə bildim ki, həyata yenidən gəlmişəm. Təqaüdlərimiz vaxtlı-vaxtında verilir, ehtiyacı olan əlillərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, əlillərə mənzillər verildi. Qanunla kim haqq edirsə, maşınla təmin edildi. Şəxsən mənə 1998-ci ildə təmənnasız maşın verilib, digər əlil həmkarlarıma da həmçinin. Bizlərin işlə təmin olunması üçün dövlət dəstəyi ilə müəyyən layihələr həyata keçirildi. Bunlar hamısı çox səmərəlidir və bizim cəmiyyətə inteqrasiya olunmağımızda böyük rol oynayır. Bu gün dövlət və cəmiyyət bizi o qədər qayğı ilə əhatə edir ki, hətta, sağlam insanlar da bizim sıramızda olmağı arzulayır. Azərbaycan hökuməti və cəmiyyəti bizim cəmiyyətə tam reablitasiya olunmağımızın öhtəsində gələ bildi. Şəxsən iki ayağımı və bir gözümü itirməyimə baxmayaraq, heç də sağlam insanlardan geri qalmıram”.

Bunu bizimlə söhbətində Beyləqan rayonunun Kəbirli kənd sakini Köçəriyev Nüsrət Rəfi oğlu söylədi. Qarabağ qazisi özünün işlə bağlı problemi olmasa da, hal-hazırda rayonda xeyli əlilin işsizlik problemi olduğunu deyd etdi: "Sovetlər dönəmində idarələrdə hər 25 işçidən birinin əlil kvotası olması ilə bağlı qayda var idi. Həm də əlili işə götürən idarə və müəssisə vergi güzəşləri ilə stimullaşdırılırdı. İndi də bu təcrübədən istifədə edilsə yaxşı olar. Hər bir idarə və müəssisədə 1-2 əlilə fiziki imkanları çatan iş tapmaq olar. Şəxsən mənim məşğulluq problemim yoxdur, 20 ha pambıq əkib, 36 sentner məhsuldarlıq əldə etmişəm. Gələn ildə əkmək fikrindəyəm. Bununla yanaşı, bir neçə il əvvəl ANAMA təşkilatının ABŞ-ın Kalifornya ştatının qubernatoru Arnold Şvartseneggerın vəsaiti hesabına verdiyi kreditlə plastik qapı-pəncərə sexi açmışam, az-çox dolanıram, Allah bərəkət versin! O vaxt ANAMA təşkilatının ayırdığı vəsait hesabına Beyləqanda 11 əlil özünə iş yeri açdı. Düşünürəm ki, belə təşəbbüsləri davam etdirmək lazımdır.

Bir məsələni də vurğulayım ki, bu gün hökumət əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün külli miqdarda vəsait ayırır, mənzillər tikilir və ya təmir edilir, biz bunu alqışlayırıq, bu əlillərə böyük dəstəkdir. Beyləqanda 16 və 48 mənzildən ibarət iki bina tikilib, orada yaşayan bütün sakinlər əlillərdir, bina da "əlillər binası" adlanır. Bu bir tərəfdən, artıq cəmiyyətə inteqrasiya olunmuş, özünü sağlam vətəndaşdan seçməyən əlil üçün mənəvi zədə yaradır, digər tərəfdən isə əlilin aldığı 10 kq kartofu bəzən mənzilə qaldırmağa sağlam adam tapılmır, indi uşaqlar böyüyür, gələcəkdə bu problem də öz həllini tapacaq. Lakin bundan sonra əlillərə mənzili bir binadan deyil, müxtəlif yerlərdə tikilən binaların birinci mərtəbələrində verilsə daha yaxşı olar. Bu həm inteqrasiyanın səmərəliliyini artırar, həm də köməyə ehtiyacı olan əlillərə yardım etmək üçün ətrafda sağlam insanların olması təmin olunar".

Nüsrət bəy bizimlə söhbətində vurğuladı ki, o, iki ayağını itirdiyi, dayağa ehtiyacı olan əlil kateqoryasına aid olduğuna görə, 1998-ci ildə minik maşını ilə təmin edilib. Verilən avtomobilin istismar müddəti 7 il olsa da, Nüsrət bəy 20 ildir ki, növbədən kənarlaşdırılıb. Qarabağ qazisi bildirdi ki, hal-hazırda növbəyə elə adamlar salınıb ki, onun heç bir dayağa ehtiyacı yoxdur, özünü sərbəst idarə edə bilir. Bu da ondan irəli gəlir ki, əlillik verilən vətəndaşlara reablitasiya müddəti verilərək növbəli komissiyadan keçirmirlər, əlillik qrupu birdəfəlik verilir. Bu isə əlillərin reablitasiya olunaraq cəmiyyətə sağlam vətəndaş kimi qayıtması yolunu de-yure kəsir. 20 il əvvəl dayağa ehtiyacı olan əlilin tam reablitasiyası mümkündür, amma ölkəmizdə bu hazırda hüquqi baxımdan mümkün deyil.

N.Köçəriyev onu da qeyd etdi ki, məsələn, Beylaqanda Əmirxanov Namiq və Quliyev Elşad hər biri bir ayağını dizdən aşağı itirib: "Onlar da ikinci qrup əlildir, heç bir fiziki qüsuru olmayanlar da ikinci qrup əlildir. Fərq odur ki, ayağını itirənlar maşın növbəsində deyil, amma dayaq-hərəkət sistemində heç bir qüsur olmayanlar maşın növbəsindədir".

Digər əlilliyi olan insanlarla sbhbətimiz zamanı onların narazı qaldığı əsas məsələlərdən biri də, əlillərə verilən pulsuz dərmanların sayının azaldılmasıdır. Onların sözlərinə görə, pulsuz verilən dərmanların sayı 80-ə endirilib.

 

Yalnız vicdanlı sürücülər əlillərin salona sərbəst daxil olmasını təmin etməlidir?

 

Yuxarıda Qarabağ qazisinin söylədiyi kimi, Azərbaycan hökuməti əlillərin cəmiyyətə reablitasiyası üçün böyük işlər görüb, ümumiyyətlə götürdükdə, problemin öhtəsindən gələ bilib. Lakin görülən işlər, həyata keçirilən layihələr dünyanın heç bir yerində qüsurlardan xali deyil. Ölkədə əlillərin realitasiyası üçün son 20 ildə kifayət qədər vəsait ayrılıb. Bu xərcləmələrin səmərəlilik həddi yerli məmurlardan və cəmiyyətdən asılıdır: cəmiyyət tələb etməli, məmur isə tələbləri yerinə yetirməlidir. Xərcləmədə səmərəsizlik varsa, bu amillərdən biri çatışmır.

Düşünürük ki, ölkənin bütün şəhər və qəsəbələrində əlillərin sərbəst hərəkəti üçün avadanlıqların quraşdırılması təmin edilməlidir. Bu işə artıq başlanılıb, ölkənin böyük şəhərlərində sözügedən qurğu və avadanlıqlar quraşdırılır. Amma bu işin yalnız bir tərəfidir, bu avadanlıqlardan istifadə vərdişlərini cəmiyyətə aşılamaq üçün mütləq sosial reklamlara ciddi ehtiyac var. Məsələn, "BakuBus" avtobuslarında əlillərin salona maneəsiz daxil olması üçün xüsusi pantuslar quraşdırılıb, lakin bu pantuslardan gərəkən məqamlarda istifadə edilmir. Bu sətirlərin müəllifi dəfələrlə belə halların şahidi olub. Hətta, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Adıgözəlovla bu problemi müzakirə etdik. O, bildirdi ki, sürücülərə əlillərin pantus vasitəsi ilə salona daxil olmasını insanlıq xatirinə təmin etmək üçün tapşırıqlar verilib. Bu müzakirədə "insanlıq xatirinə" ifadəsi diqqətimi çəkdi, insanlar xaraktercə müxtəlif olur, hər cür insan sürücü ola bilər - vicdanlısı da, vicdansızı (ifadəyə görə üzr istəyirəm - A.N.) da... Deməli, yalnız vicdanlı sürücülər əlillərin salona sərbəst daxil olmasını təmin etməlidirlər?

Fikrimizcə, belə avtobuslarda sürücülərə əlillərə kömək göstərdiklərinə görə əlavə əmək haqqı ayrılmalıdır ki, hər bir sürücü bu işi həvəslə həyata keçirsin və onun üzərinə məsuliyyət qoyula bilsin.

 Akif Nəsirli

 Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilir.  

0.1448860168457