Azərbaycan mədəniyyətlərin, dinlərin müxtəlifliyini
yaşadan və inkişaf etdirən unikal ölkədir

Azərbaycanda millətlər və dinlər arasında təfriqə yaratmaq mümkünsüzdür, çünki buna heç bir əsas yoxdur

 Qloballaşan dünyamızda xalqlar, millətlər və dinlər arasında tolerantlığın, bəşəriyyətdə multikulturalizmin bərqərar olmasının əhəmiyyəti artdıqca, bu dəyərlərə qarşı çıxan radikallar da öz fəaliyyətlərini genişləndirməyə cəhdlər edirlər. Və çox təəssüflər olsun ki, bu qüvvələr bəzən bir sıra Qərb dövlətlərinin də dəstəyi ilə öz çirkin əməllərini həyata keçirə bilirlər. Bunun qarşısının alınmasının bir çox yolları var, ən vacibi isə insanların dini maarifləndirilməsidir. Radikal dindarların öz əməllərini həyata keçirmək üçün istifadə etdiyi insanlar, ilk növbədə dinin əsaslarından xəbərsiz, savadsız və cahillər olurlar ki, onlar da öz yönəlticilərinə fanatcasına tabe olurlar.

Azərbaycanda mövcud olan demokratik mühit, tolerant və multikultural dəyərlərin xalq tərəfindən dəstəklənməsi bu kimi qüvvələrin ölkəmizə ayaq açmasına imkan vermir. Azərbaycan tarixən bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi tanınıb və digər ölkələrə nümunə göstərilib.

Azərbaycan xalqının dini və milli dəyərlərinə söykənən tolerantlıq faktoru da dünyaya bir örnəkdir. Ta qədim zamanlardan  ölkəmiz çoxmillətli, çoxdinli bir ölkə olaraq özünü ən mükəmməl şəkildə dünyaya tanıda bilib. Ölkəmizin mövcud olduğu regiondakı mövqeyi, qonşuluq münasibətləri, həmçinin, multikulturalizm sahəsində sərgilədiyi üstün cəhətləri, burada dini və milli tolerantlığın, millətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deməyə əsas verir. Yüzilliklərin bir-birini əvəz etməsinə baxmayaraq, Azərbaycan xalqı hər zaman humanist mövqeyində qalmaqla bu amili bir ənənəyə çevirib. Məhz bu baxımdan, danılmaz faktdır ki, Azərbaycan bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi digər ölkələrə nümunə olaraq təqdim edilir.

Azərbaycan eyni zamanda dünyəvi, demokratik, başqa xalqlara, ayrı dinlərə inanc bəsləyənlərə sayğı ilə yanaşan bir dövlətdir. Məhz bu faktor  ölkəmizin qanunlarında öz əksini tapıb. Bu gün ölkəmizdə hər kəs dinindən, millətindən asılı olmayaraq, dinc yanaşı yaşayır, Azərbaycanın sosial-iqtisadi quruculuğunda və inkişafında səylə, əzmlə çalışır. Lakin təəssüf doğuran faktlardan biri də budur ki, Azərbaycanda sabitliyin əsası olan bu mühit bəzi dairələrin siyasi və s. baxışlarına cavab vermədiyinə görə, zaman-zaman bu yöndə müxtəlif çirkin planlara əl atılır. Lakin Azərbaycan dövlətinin və xalqının, burada mövcud olan dinlərin monolit birliyi bu cəhdlərin reallaşmasına imkan verməyib.

Müstəqilliyimizin ilk illərində bu kimi hallara daha çox rast gəlinsə də, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan hərc-mərcliklərə son qoyulmaqla yanaşı, dini etiqadların qorunub-saxlanılması və inkişaf etdirilməsinə də xüsusi diqqət ayrıldı. Azərbaycan xalqının ümummilli lideri yaxşı bilirdi ki, bu, ən həssas sahələrdən biridir və hər an bizi istəməyən qüvvələr ondan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Ona görə də, o, ölkədaxili səfərləri zamanı məscidlərin, kilsələrin və sinaqoqların təmiri və bərpası, yeni ibadət ocaqlarının yaradılması məsələsinə daim diqqət edir, xalqı, müxtəlif inanclı vətəndaşları vəhdətə gətirmək üçün uzaqgörən siyasətini həyata keçirirdi.

Bütün bunlara baxmayaraq, xalqların və dinlərin vəhdəti gücləndikcə, qeyri-ənənəvi təriqətlərin, bu istiqamətdə fəaliyyət göstərən sektaların, eləcə də digər missioner təşkilatların çirkin planlarını reallaşdıra bilməmələri onların daha da azğınlaşmasına səbəb olurdu. Bunu nəzərə alan Ulu Öndər Heydər Əliyev bu kimi arzuolunmaz halların  qarşısının alınması üçün də müvafiq addımlar atdı.

Bildiyiniz kimi, hələ 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Məhz bu qanunda bir sıra boşluqların olmasının nəticəsi idi ki, bəzi güclər çirkin məqsədlərini həmin boşluqlardan istifadə edərək, gerçəkləşdirməyə cəhd göstərirdilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müəyyən əlavə və dəyişikliklərin edilməsi istiqamətində də qətiyyətli addım atdı. Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktının tələblərinə riayət olunmasına başlanıldı. O vaxtdan etibarən, Azərbaycan dövləti çoxmillətli, çoxdinli bir respublika olaraq, bu müxtəlifliyini daha dərindən qorumağa başladı. Ölkəmizdə yaşayan bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayışını davam etdirdi, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərərək, mövcud uğurlardan stumul almağa başladılar.

Bu da danılmaz həqiqətdir ki, ölkəmizdə İslam dini ilə yanaşı, xristianlıq, iudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşıblar, sülh və əmin-amanlıq şəraitində yaşayıblar və bu gün də həmin ənənə davam etdirilir. Artıq istər xristian, istər yəhudi, istərsə də müsəlman olan vətəndaş tam əminliklə vurğulaya bilər ki, Azərbaycanda millətlər və dinlərarası, o cümlədən, məzhəblərarası təfriqə yaratmaq mümkünsüzdür, çünki ölkəmizdə buna heç bir əsas və şərait yoxdur! Azərbaycanda qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların ölkəmizə uzunmüddətli sərmayə qoyması da, ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Müasir Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Bildiyiniz kimi, ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən deyib: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir".

Ölkəmizin dünyada tolerant bir ölkə kimi qəbul olunmasını şərtləndirən digər bir nümunə, Roma Papası, mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsidir. Bu səfərin vacib məqamlarından biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar keçirilən tədbirdə deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaq".

Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən bəyan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Ulu Ödər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirməsi, bu işdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rola malik olması, ölkəmizin beynəlxalq aləmdə daha yaxşı tanınmasına stimul verib.

Roma Papası Fransiskin Azərbaycana səfəri də, Azərbaycanın multikultural dəyərlərinin hansı səviyyədə inkişaf etməsinin müsbət yönümlü kulminasiya nöqtəsi oldu. Dünya mediası bu səfər barədə kifayət qədər mühüm məqamlara toxunaraq, Azərbaycanın istər regionda, istərsə də dünyadakı əhəmiyyətli yeri barədə məqalələr dərc edib.

Bu məqalələrdə də , qeyd olunur ki, multikulturalizmin və tolerantlığın alternativi olan dini radikalizm  bütün bəşəriyyət üçün təhlükədir. Bu baxımdan, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında da dini maarifləndirmə mühüm rola malikdir. Bu gün onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biridir.

Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühiti onu deməyə əsas verir ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Respublikamızda dinlər və icmalar arasındakı münasibətlər ən yüksək səviyyədədir. Bununla belə, dini radikalizm və ekstremizmlə mübarizəni bir an belə səngitmək olmaz. Məkrli düşmən hər zaman fürsət gözləyir. Dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi bir dönəmdə Azərbaycanın özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim etməsini həmin qüvvələr həzm edə birmirlər və ölkəmizdə qarışıqlıq salmaq üçün fürsət gözləyirlər. Azərbaycan bu quvvələrdən də özünü qorumağı bacarmalıdır.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.28733205795288