Ölkəmizdə Beynəlxalq Tolerantlıq
Günü silsilə tədbirlərlə qeyd olunub

Tolerantlıq Azərbaycan xalqının mental dəyərlərindən irəli gələn bir xüsusiyyətdir

 Bir neçə gün əvvəl bütün dünyada Beynəlxalq Tolerantlıq Günü böyük əhəmiyyətli, mühüm tədbir kimi qeyd olundu. Dünyada tolerantlıq məkanı kimi tanınan və qəbul edilən ölkəmizdə də Beynəlxalq Tolerantlıq Günü silsilə tədbirlərlə qeyd olunub.

 Əvvəl onu diqqətinizə çatdıraq ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd, nizamnaməsində də qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşuluq şəraitində yaşamağa çağırışdır. Bu çağırış həm də dünyada birgəyaşayışın, tolerantlığın və multikulturalizmin qorunmasına və inkişafına xidmət edir. Ölkəmizdə isə bu dəyərlər ta qədim zamanlardan formalaşıb, qorunub və bu günümüzə qədər gəlib çatıb. Buna görə də Azərbaycan bu gün dünyada bir çox millətlərin, dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinə çevrilib və multikulturalizmin, eləcə də tolerantlığın örnəyi kimi qəbul olunur. Ümummilli liderimiz  Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu məkana çevirdi. Ümummilli liderin xalqın tələbi və təkidi ilə hakimiyyətə ikinci qayıdışından dərhal sonra dini ocaqlar, məscid və kilsələr, sinaqoqlar dövlət himayəsinə götürüldü və geniş təmir-bərpa işlərinə başlanıldı. Bununla da ölkəmizdə birgəyaşayışın təməl prinsiplərinin qorunması və inkişaf etdirilməsi istiqamətində böyük işlərin təməli qoyuldu. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Xalqımızın dili, dini, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərləri ilə bərabər, burada yaşayan bütün xalqların da ana dilinə, dininə, mədəniyyətinə, adət-ənənələrinə böyük diqqət və hörmətlə yanaşılır, onların fəaliyyətinə və inkişafına geniş imkanlar yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə tarixən formalaşan dini və milli dözümlülük yüksək səviyyədə öz təzahürünü tapıb. Bu da heç şühəsiz ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən milli və dövlətçilik siyasətinin nəticəsidir. Ümummilli liderin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən bu istiqamətdə mühüm qərarlar qəbul etdi, dini abidələrin bərpası, təmiri ilə bağlı ardıcıl tədbirlər gördü, tolerantlıq örnəyi olan qədim dini ocaqlar, müqəddəs yerlər yenidən quruldu. Ən əsas məqam isə odur ki, ölkəmizdə yaşayan bütün xalqlara, dinlərə məxsus tarixi-mədəni abidələr, dini məbədlər də heç bir fərq qoyulmadan qorunur və bərpa olunur. Prezidenit İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir. Azərbaycan dövləti və xalqı da bu sərvəti qorumaq naminə,  öhdələrinə düşən bütün vəzifələri yerinə yetirirlər.

Dövlətimizin başçısının dindarlarla, dini icmaların liderləri ilə keçirdiyi görüşlər, onların ehtiyac və problemlərinin həllinə göstərdiyi diqqət, dini bayramlarda müxtəlif dinə mənsub ölkə vətəndaşlarını təbrik etməsi, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə birgə iftar süfrəsində iştirakı, həmin mərasimlərə Azərbaycanda fəaliyyət göstərən  digər dini icmaların, qurumların nümayəndələrinin qatılması, ölkəmizdə tolerant düşüncənin tam bərqərar olduğunu göstərir.

Bu günlərdə Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizdə keçirilən tədbirlərdə də bu məsələlər geniş müzakirə olunub.

Belə tədbirlərdən biri noyabrın 15-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilirb. "Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah" mövzusunda keçirilən bu konfransda ölkəmizdə  tolerantlıq mühitinin dünəninə, bugününə işıq tutub, gələcək perspektivlər müzakirə olunub.

 Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinin də, məhz tolerantlıqla bağlı olduğunu tədbir iştirakçılarının giqqətinə çatdırıb. O, qeyd edib ki, xalqımızın minilliklər ərzində formalaşan tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasında yer alır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da, öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycan multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını  dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, eləcə də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək olar. Ölkəmizdə təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb. Bu da ondan irəli gəlir ki, tolerantlıq Azərbaycan xalqının mental dəyərlərindən irəli gələn bir xüsusiyyətidir. Bu səbəbdən də Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini tam şəkildə özündə əks etdirir.

Onu da qeyd edək ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin nəticəsidir ki, cəmiyyətdə mənəvi sabitlik, dini və milli tolerantlıq mühiti hökm sürür. Bu da danılmaz faktdır ki, ölkəmizdə tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar və heç zaman hər hansı təzyiq və təhdidlə üzləşməyiblər. Cəmiyyətimiz bu gün də, özünün tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiqdir. Bu səbəbdən də, bu gün Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olaraq göstərilir. Bununla belə, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), eləcə də BBMM Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində çox böyük işlər görür.

Tədbirdə iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein vurğulayıb ki, Azərbaycanda dünyəvilik dövlət və Konstitusiya səviyyəsində dəstəklənir və dünyəvi dəyərlərə, bəşəri ideallara, eləcə də başqa dini dəyərlərə çox böyük hörmət göstərilir.

Digər bir qonaq, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə Azərbaycanda antisemitizm əlamətlərinin heç vaxt müşahidə olunmadığını qeyd edərək bildirib ki, Azərbaycanda həmişə yəhudilərə doğma münasibət olub. Onlar da digər konfessiyaların nümayəndələri kimi, öz dini ayinlərini azad şəkildə həyata keçirir, adət-ənənələrini qoruyub inkişaf etdirə bilirlər.

Tədbirdə iştirak edən digər qonaqlar-Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının nümayəndəsi Moisey Bekker, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında dövlətin qeyri-müsəlman dini konfessiyalara göstərdiyi diqqət və qayğıdan danışaraq, Azərbaycanın nümunəvi tolerant modelinin müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirdiyini bildiriblər.

Konfrans Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq arenada təbliği barədə fikir mübadiləsi ilə öz işini sona çatdırıb.

Beynəlxalq Tolerantlıq Günü münasibətilə digər bir tədbiri noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) keçirib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirdə çıxış edərək Beynəlxalq Tolerantlıq Günü ilə bağlı geniş məlumat verib. O, Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların gsrlərlə dost casına yanaşı yaşadığını bildirib. Natiq qeyd edib ki, Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinə eyni münasibət göstərilir, heç bir ayrı-seçkiliyə yol verilmir.

Bu ənənə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Ölkəmizdə tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibəti nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabər hüquqlara malikdir və öz inancına görə azaddır.

Məlum olduğu kimi, dövlətimizin başçısı bütün çıxışlarında dünyaya çağırış edərək bildirir ki, multikulturalizm Azərbaycanda həyat tərzidir və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamofobiyaya qucaq açmaq deməkdir. Azərbaycan dövləti öz vətəndaşını qorumaq, davamlı sabitliyi təmin etmək üçün multikulturalizm siyasətinə böyük önəm verir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.40923094749451