Həyat eşqli olmaq uzunömürlülüyün əsasıdır

ƏLAĞA MEHDIYEV - 80

 “Cavanlığım əsasən oxumağa və gərgin işləməyə sərf olunub”

REDAKSIYADAN: Dəyərli beyləqanlılar! Sizə Beyləqanda prinsipial, təəssübkeş, işinin öhdəsindən ləyaqətlə gələn, obeyektiv insan, ziyalı, ağsaqqal kimi tanınan əzizimiz Mehdiyev Əliağa Təhməz oğlunun həyat və fəaliyyətini öz dilindən təqdim edirik.

 - Mən mənsub olduğum Elat camaatının sadə bir nümayəndəsiyəm. Şəxsi araşdırmalarıma və ehtimal etdiyimə görə bizim Elat camaatı Borçalı mahalından qopan, oradan Qazax mahalına, sonra isə Peyğəmbər torpağı olan Aran Qarabağa, qədim Beyləqana gələn köçəri tayfa olan tərəkəmələrdir.

Mənim dədə-babalarım, yaxın qohum-əqrəbalarım köçəri həyat sürüblər. Onlar isti yay aylarını buz bulaqlı yaylaqlarda, qış aylarını da aran yerlərindəki qışlaqlarda keçiriblər. Hər şeyin xalisi olduğu kimi, insanların da xalisi məhz tərəkəmələrdir. Onlar harada olursa-olsunlar, hansı sahəyə baş vursalar, orada birinci olarlar. Ola bilsin ki, birinciliyi onlara verməsinlər, yenə necə olursa-olsun, əsl həqiqətdə birincilik onlardadır. Çünki tərəkəmələr gördükləri işlərə sidq- ürəklə yanaşarlar. Onlarda kələk, yalan olmaz. Ürəkləri təmiz, xislətləri də saf olar.

Taleyə inanıram. Taleyi hərə bir cür başa düşür. Mənə görə insanın taleyi onun məhz hansı ata-anadan dünyaya gəlməsidir. Niyə? Çünki üç şey əvəz oluna, sonralardan dəyişdirilə bilməz. Onun biri doğulduğu yurd yeri, o birisi də ata-anadır.

Mən birbaşa köç yolunda doğulmuşam. Gecə-gündüz açıq təbiətin qoynunda olduğumdan, kiçik yaşımda bərk soyuqlamışam. Həkim yox, isti şərait yox, əlac türkəçarəyə qalıb. Atam köçü saxlayaraq bir erkəyi kəsib məni isti dərinin içərisinə salıb, bunun hesabına soyuqdəymə məndən uzaqlaşıb.

Rəsmi sənədlərdə təvəllüdüm 20 noyabr 1939-cu il yazılıb. Amma həqiqətdə anadan olma tarixim 16 may 1938-ci ildir. Anadan olma tariximi bir il qabağa çəkib yazdıran da, həqiqi təvəllüdümü mənə deyən də ata əvəzi böyük qardaşım Ağalar olub. O, son dərəcə diqqətli, həssas və hər şeyə dəqiq yanaşan adam olub. O, nəyi deyibsə, deməli, doğrudan da elədir. Onun dediklərində nöqsan axtarmaq, parlaq Günəşdə ləkə axtarmaq kimi bir şeydir.

Müharibə illəri olsa da, ev şəraitinə və dolanışıq çətinliklərinə baxmayaraq, oxumaq həvəsim çox yüksək olub. 1946-cı ildə Əlinəzərli kənd ibtidai məktəbinə daxil olub, sonra qonşu kəndin yeddillik məktəbində təhsilimi davam etdirmişəm. Yaxın kəndlərdə orta məktəb olmadığından 1953-cü ildə Beyləqan (keçmiş Jdanov) orta məktəbinin VIII sinfinə daxil oldum. 1956-cı ildə orta məktəbi əla qiymətlərlə bitirdim. Həmin illərdə Beyləqan şəhərində yalnız bir orta məktəb olub.

Qismətə inanıram. Bu cəhətdən Allahımdan çox razıyam və şanslı olduğumu etiraf edirəm. Çünki səksən illik ömrümü vərəqlədikcə,  özüm də bir-bir bunun şahidi oluram. Dövrün, zamanın çətinlikləri olsa da, evin, var-dövlətin olmamasına, yoxsulluğun isə yetərincə olmasına baxmayaraq, 17 yaşında atadan yetim bir uşağın kamal attestatı ala bilməsi şans deyilmi?

1956-cı ildə o vaxtkı Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olub, 1961-ci ildə oranı əla qiymətlərlə bitirərək müəllim adını aldım. İnstitutun beşillik olması bizimlə də bitdi. Bu da bir şans idi. Dördüncü kursda "Baksovet" metrostansiyasının qarşısındakı 132 saylı məktəbdə 4 ay, "Montin" qəsəbəsindəki 57 saylı orta məktəbdə 6 ay sərbəst müəllim kimi təcrübə keçmişəm. Metodist müəllimlərin nəzarəti altında əsl müəllim peşəsinə hazırlıq keçmişik. O dövrdəki müəllim hazırlığını dağın zirvəsi hesab etsək, indiki hazırlıq olsa-olsa həmin dağın ətəyində olar. Ona görə də mən daim müəllim adımı qoruyub saxlamağa çalışmışam, çox şeyləri ona qurban da vermişəm. Bununla da müəllimlərimin əməyini yerə vurmadım.

1961-ci ildə ölkə üzrə cəmi 175 nəfər fizika-riyaziyyat ixtisası olan müəllim buraxılıb. Bəzən deyəndə inanmayanlar da olur. Amma bu bir tarixdir, sənədlərdə qalır. O vaxtlar Bakı Dövlət Universitetini bitirənləri müəllim göndərmirdilər.

Doğrudan da, bizlərin qarşısına fantastik şanslar çıxıb. Əlaçı tələbə kimi, bütün kurs üzrə ən şanslı tələbə də mən idim. Birbaşa dövlət təyinatım o vaxtkı Politexnik İnstitutuna müəllim olub. Bu, birinci şansım. Axırıncı kursda oxuyarkən o vaxtkı "Kommunist" qəzetində elan olunan müsabiqəyə qatılan 6 nəfərdən biri olmuşam. Yüksək səviyyəli münsiflər heyətinin apardığı "Azərnəşr"də kiçik redaktorluq müsabiqəsinin qalibi olmuşam. Necə qalib oldum, özüm də bilmədim. O dövrlər halallıq idi. Hamı yaxşıya doğru baxırdı. Görünür, mənim hərəkətlərim, ixtisas üzrə savadım və ortaq işə meyilli olmağım münsifləri qane etmişdi.

Müsabiqədən sonra məni "Azərnəşr"in 4-cü mərtəbəsinə aparıb, orada bir nəfərlə yerləşdirdilər. Bu da məni tapan 2-ci şansım. Əla şansdır, deyilmi? İnstitut üzrə bizim kursdan 3 nəfəri fizika lobaratoriyasına cəlb etdilər. Onların da biri mən idim. Bu da qarşıma çıxan 3-cü şansım.

Atalar doğru deyib: "Qismətdən artıq yemək olmaz". Ali təhsili başa vurarkən qarşıma çıxan şansları valideynlərimə demək üçün kəndə gəldim. O dövrdə kəndlər də çox geridə qalmışdı. Valideynlərin məsləhəti belə oldu ki, kəndə gəl, müəllim işləyərsən. Mən də buna razılıq verdim. Beləliklə, qismət məni yeni-yeni çətinliklərə gətirib çıxardı. 1961-ci ildə ilk təyinatım qonşu kənd məktəbində dərs hissə müdiri və müəllim işləmək oldu. Həmin dövrdə müəllimlik əlçatmaz bir iş yeri idi. Məktəblər pak bir yer, müəllim isə böyüklü-kiçikli hamının hörmət etdiyi şəxs idi. Müəllimlər məclislərdə yuxarı başda əyləşdirilərdi. Hər yetən də müəllim ola bilməzdi.

Uşaqlıqdan çətinliklərdən dərs aldığım üçün iradəm də polad kimi idi. Subay olsam da gündə 45-50 saat dərs demək kimi çətinliklər bizlərə adi görünürdü. Müəllim kimi fəaliyyətimdən zövq alırdım. Həmin illər ölkədə savadsızlığın ləğvi kimi tarixi şans yenə mənimlə oldu. El-oba arasında hörmət və nüfuz qazandım.

Həyatım boyu şans mənim yanımda olub. Kəndimizdə ilk səkkizillik və orta məktəbi açmaq da mənə qismət oldu. Müəllim fəaliyyətimi nəzərə alıb, Əlinəzərli kənd orta məktəbinə direktor təyin olundum. Az keçmədi ki, yaxşı müəllim adının yanına yaxşı məktəb direktoru adı da yazıldı. Bu müsbət imici özümə böyük mükafat hesab etmişəm. Həmin dövr işimdən zövq aldığım dövr idi.

Sonralar ikinci ali təhsil qismətim olub. 1973-cü ildə Bakı Marksizm-Leninizim Universitetinin qiyabi şöbəsinə daxil olub, 1975-ci ildə oranı qırmızı diplomla bitirərək ali siyasi təhsil aldım.

Heç vaxt özümə iş axtarmamışam, iş məni tapıb. 1969-cu ilin dekabrında gözləmədiyim halda məni rayon partiya komitəsində işə dəvət etdilər. Birinci katibin qəbulunda oldum. O, məni yaxşı direktor kimi irəli çəkərək işə dəvət etdiklərini bildirdi. Qardaşlarımla məsləhətləşdim. Onlar isə buna razı olmadılar. Mən də təklifə yox dedim. Amma bir neçə aydan sonra, 1970-ci ilin yanvarında yenə büronun qərarı ilə partiya işinə göndərildim. Təşkilat şöbəsinin təlimatçısı kimi işə başladım. 1973-cü ilin mart ayına kimi büroda işlədim.

1973-1975-ci illərdə rayon mədəniyyət şöbəsində müdir, 1975-1979-cu illərdə rayon həmkarlar şurasının sədri kimi vəzifələrdə çalışdım. Bu dövrdə həmkarlar ittifaqının Moskvada keçirilən ümumittifaq aylıq kursunda oldum, Moskvada keçirilən həmkarlar ittifaqının qurultayında iştirak etdim.

1979-1981-ci illərdə keçmiş Kirov adına kolxozda sədr, 1981-ci ildən 1996-cı ilə kimi isə rayon təhsil şöbəsində metodist, inspektor və müdir müavini vəzifələrində çalışdım. Şəxsi təşəbbüsümlə lisey siniflərini  açmaq da qismətim oldu.

Mənə görə şəxsi təşəbbüsü olmayan işçi yararsız kadrdır. Təkcə deyilənləri yerinə yetirən, işdə təşəbbüskarlıq olmayan işçi robort kimi bir şeydir. Gərgin işdən xoşum gəlir. İşdə planlılıq, doğru-düzgün vaxt bölgüsü uğurlarımın əsasını təşkil edib. İşdən yorulmağın nə demək olduğunu qəbul etmirəm. Yetər ki, çəkdiyin əziyyət hədər getməsin. İndiki halda da bir dəqiqə belə, işsiz dura bilmirəm. Hər gün kifayət qədər həm fiziki, həm də zehni işlə məşğul ola bilirəm. Mənə görə bekarçılıq insan səhhətinə ağır bir zərbədir...

1996-cı ilin fevral ayından 2005-ci ilin noyabr ayına kimi, Beyləqan şəhər ərazi nümayəndəsi vəzifəsində işləmişəm. Bu sonuncu iş yerim də xahişsiz- minnətsiz rəhbərlik tərəfindən mənə təklif olunub. 2003-cü ildən təqaüdçüyəm. Heç vaxt qanundankənar tapşırıqların arxasınca getməmişəm. 47 illik əmək fəaliyyətim dövründə rüşvət vermədən, yaltaqlıq etmədən, vəzifə üçün qapı arxasında oturmadan, "dayday"sız, xahişsiz, fasilə vermədən müxtəlif vəzifələrdə işləyən, rayonda barmaqla sayılan tək-tək adamlardan biri olmuşam.

Asudə vaxtlarımda xobbim nərd oynamaq və yaradıcılıqla məşğul olmaqdır. Rayon yazarlar birliyində fəaliyyətim olub. Publisist yazılar yazmaq vərdişim var. Bu vaxta kimi 7 kitabım çıxıb.

-"Yadigaranə söhbət", 312 səhifə, 2001

-"Həyat düşüncələri qısa sətrlərdə", 160 səhifə, 2005

-"Kişilik şərəfi", 180 səhifə, 2007

-"Beyləqan məzhəkələri", 126 səhifə, 2009

-"Nəvələr babası haqqında", 142 səhifə, 2011

-"Sözün mustafasını deyək", 190 səhifə, 2014

-"Həyat hekayələrim", 200 səhifə, 2017

Mərhum şairimiz Vaqif Cəfərlinin 3 cildlik seçilmiş əsərlərinin tərtibçi və redaktoru olmuşam. Respublikanın qəzet və jurnallarında çox sayda məqalələrim çıxıb. Bu fəaliyyətimi bu gün də davam etdirirəm. İctimai işlərə həvəsim və təcrübəm var. Əmək fəaliyyətim zamanı dəfələrlə rayon və şəhər sovetinin deputatı, plenum üzvü olmuşam.

Ailəliyəm, 5 övladım , 11 nəvəm və 3 nəticəm var. Övladlarımın hamısı ali təhsilli və ailə -uşaq sahibləridir.

Uşaqlıq dövrümdən çox razıyam. Gözlərimizi açıb dağ-dərə, çay, daş-qaya, təbii çəmənlik görmüşəm. Çətinlikləri çox olsa da, uşaqlığım xoş xatirələrlə doludur. Uşaqlıq dövrüm nə qədər qaynar keçibsə, cavanlığım bir o qədər passiv keçib. Cavanlığım əsasən oxumağa və gərgin işləməyə sərf olunub. Oxumaq, yeməkdən də vacib daxili tələbatım olub.

Həyatımdan razıyam. Yaşamaq çox gözəldir. Həyat eşqli olmaq uzunömürlülüyün əsasıdır. Dünya fani deyil, insanlar fanidir. Dünya heç də beş günlük deyil, onu beş günlük edənlər də insanlardır. Sağlam olmaq üçün beyni sakit və təmiz saxlamalısan, uzunömürlü olmaq üçün isə yaxşı adamların əhatəsində olmaq gərəkdir. Hikkəli və pis xislətli olmaq öz əllərinlə ömrünü baltalamaq kimi bir şeydir. Yaxşıları unutmayaq ki, bizi də unutmasınlar.

Redaksiyadan: Əlağa Mehdiyevin 80 illiyi ilə bağlı baş redaktor Tapdıq Abbasın təbriki ilə qəzetin 2- ci səhifəsində tanış ola bilərsiniz.

0.37432193756104