Multikultural cəmiyyətlərdə dil
mühüm amil kimi qəbul olunur

Azərbaycanda tolerantlığın və multikulturalizmin möhkəm təməl sütunları, dərin tarixi-mədəni kökləri var

 

Bunu birmənalı qəbul etmək lazımdır ki, hər bir cəmiyyətin inkişafı orada mövcud olan sabitlik və sülhlə şərtlənir. Bu amillər olmadan nəyəsə nail olmaq mümkün deyil. Sabitliyi və sülhü bərqərar etmək üçün isə cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühiti formalaşdırılmalıdır. Çünki XXI əsrdə monoetnik və təkkonfessiyalı cəmiyyət, demək olar ki, yoxdur (əlbəttə, təcavüzkar Ermənistan istisnadır). Başqa sözlə, tolerantlığı cəmiyyətin inkişafı baxımından ilkin şərt kimi də, qəbul etmək olar. Azərbaycan isə bunun ən bariz nümunəsidır.

Məlumdur ki, Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olaraq tanınıb. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olan ölkəmiz, bu gün də öz missiyasını uğurla yerinə yetirir. Bunun nəticəsidir ki, ölkəmizin ərazisində məskunlaşan dini-etnik qruplar burada özlərini nəinki yad hesab etmir, əksinə yerli əhali ilə qaynayıb-qarışıblar.

 Azərbaycanda tolerantlığın və multikulturalizmin çox möhkəm təməl sütunları, zəngin ənənələri və dərin tarixi-mədəni kökləri var. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli  xüsusiyyətidir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, xristianlığa, yəhudiliyə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.

Bu gün Azərbaycan ərazisində məskunlaşan xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - Türk, Şimali Qafqaz, Hind-Avropa və Kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin əksəriyyəti məhz bu dildə danışır.

Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunub. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılıb. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir.

Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşıblar.

Əsasən, Zaqatala və Balakən rayonları ərazisində yayılan avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.

Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunur.

Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonları ərazisində yayılıb. Tatlar dini mənsubiyyətinə görə də, üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.

Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində - Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində daha geniş yayılıb.

Kürd dili İran dillərinin qərb yarımqrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılıb.

Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunur.

Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunub. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşıblar.

Ölkəmizin ərazisində yaşayan bütün etnik azlıqların bir-biriləri ilə ünsiyyət qura bildikləri bir dil də var-Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dili. Bu dil imkan verir ki, ölkəmizdə tarixən mövcud olan multikulturalizm və tolerantlıq kimi dəyərlər, qorunsun və inkişaf etdirilsin. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını nəticəsidir ki, bu gün ölkəmizdə yaşayan bütün dini konfessiyaların və milli azlıqların nümayəndələri Azərbaycanın Dövlət dilini öz doğma dilliri kimi qəbul edirlər. Bu məsələlərin vaxtaşırı müzakirəsi, Azabaycan dilinin tədrisi, təbliği də, heç şübhəsiz burada mühüm rol oynayır. Çünki multikultural cəmiyyətlərdə dil mühüm amil kimi qəbul olunur.

 Elə bu səbəbdən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)

növbəti tədbiri "Multikultural cəmiyyətdə dil amili" mövzusuna həsr olunub. Konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov ilk əvvəl mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki, Azərbaycan dili müxtəlif dövrlərdə fərqli şəkildə adlanıb. Bəzən "türk dili", bəzən "tatar dili", bəzən "Azərbaycan türkçəsi" və nəhayət "Azərbaycan dili" adlanıb.

 Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biri də, Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin məhz "Azərbaycan dili" adlandırılmasıdır.

Ulu Öndərimiz hər dəfə ziyalılarla görüşündə təkid edib ki, bu dilin "Azərbaycan dili" adlandırılması çox vacibdir. Çünki dil amili Azərbaycan müstəqilliyinin atributudur, bizləri bir yerdə tutan, bir xalqın varlığını göstərən ən mühüm əlamətlərdən biridir.

Bu da danılmaz faktdır ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bu siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı bir daha onu göstərir ki, Azərbaycan dili qloballaşma şəraitində dünya dilləri arasında öz layiqli yerini tutmaqdadır. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan dili, təkcə ölkəmizdə yaşayan etnik qruplar arasında deyil, həm də Qafqazda və Yaxın Şərqdə xalqlar arasında tarixən ünsiyyət vasitəsi rolunu oynayıb. Bu gün Azərbaycan dilində 50 milyondan çox insan danışır.

Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinə son dərəcə diqqət və həssaslıqla yanaşıb. Hələ 70-ci illərdə Azərbaycan dilinin Azərbaycan Konstitusiyasına dövlət dili kimi daxil edilməsi, son dərəcə böyük tarixi və siyasi hadisə idi.

Azərbaycan dili etnik-mədəni zənginliyə malik dövlətdə, multikultural dəyərlərin və ənənələrin yaşadığı cəmiyyətdə, demokratik birgəyaşayış ənənələrinə əsaslanan vahid cəmiyyət tipinin formalaşmasında müstəsna rol oynayıb.

Buna görə də, Azərbaycan dilinin və İslam dininin bugünki Azərbaycanda demokratik dəyərlərə və ənənələrə əsaslanan cəmiyyətin formalaşmasında rolu son dərəcə böyükdür. Azərbaycan dili və İslam dini öz demokratik mahiyyəti etibarı ilə başqa dillərə, dinlərə, inanclara, xalqların mədəniyyətinə basqı ilə yanaşmayıb. Azərbaycanda yaşayan hər bir etnik qrup min illər boyu öz identikliyini, dilini, mədəniyyətini, adət-ənənəsini etnik və etnoqrafik xüsusiyyətini qoruyub saxlaya bilib. Bu zənginliyin və vəhdətin ölkəmizdə təmin olunmasında da Azərbaycan dilinin müstəsna rolu var.

Azərbaycan dili dövlət dili kimi, hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmalıdır.

Mərhum prezidentimiz Heydər Əliyevin, və prezident İlham Əliyevin Azərbaycan dilinə münasibəti kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı üçün örnək olmalıdır.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1noyabr 2018-ci il tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Böyük əhəmiyyət kəsb edən bu dövlət sənədi, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib.

Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək.

2001-ci il 1 avqust günündən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu faktın özü Ulu Öndər Heydər Əliyevin qədim mədəniyyətimizə, dilimizə və zəngin mənəvi dəyərlərimizə göstərdiyi böyük diqqət və qayğının əyani təsdiqidir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.3858790397644