Azərbaycan multikulturalizmi Bakının
memarlıq abidələrində öz əksini tapıb
Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür
Azərbaycanın zəngin mədəniyyəti bütün dünyada yüksək səviyyədə qəbul edilir. Mədəniyyətimiz memarlıqda, ədəbiyyatda və incəsənətdə məxsusi obrazını yaradaraq tarixə öz möhrünü vurub.
Multikultural və tolerant dəyərləri özündə əks etdirən mədəniyyət abidələri hələ qədim dövrlərdən mövcud olub. Azərbaycanda multikulturalizm, başqalarına qarşı dözümlülük kimi ideyalar da, məhz tarixin köklərindən "su içir".
Müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan ta qədim zamanlardan Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Bu səbəbdən də ölkəmizdə mədəniyyət müxtəlifliyi çox böyük sürətlə inkişaf edib. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də burada öz mədəniyyət hüquqlarına böyük hörmətin şahidi
olublar. Humanizm ideyalarının carçısı olan Azərbaycan mədəniyyəti dünyaya böyük mütəfəkkirlər bəxş edib.
Elm, mədəniyyət, incəsənət və ədəbiyyat nümunələrimizdə multikulturalizm dəyərlərinin ifadəsi yüksələn xətlə keçir. Mütəfəkkirlərimiz sözügedən dəyərlərin ümumbəşəri səviyyəyə çatmasında önəmli rol oynayıblar.
Hələ ötən yüzilliklərdə yaşayan alim və mütəfəkkirlər multikulturalizm ənənələrini öz yaradıcılıqlarında böyük ustalıqla tətbiq ediblər. Ensiklopedik bilik sahibi olan Nəsrəddin Tusinin astronomiya, fizika, fəlsəfə, məntiq və elmin digər sahələrinə aid əsərlərində bu dəyərlərin ifadəsi aparıcı yer tutur. Onun yaratdığı rəsədxana və "Hikmət evi" adlı elmi mərkəz müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanların toplaşdığı, çalışdığı bir məkan olub. Tarixi mənbələrdən bəlli olur ki, orada müxtəlif millətlərin nümayəndələri çalışıblar və bir çox ölkələrdən gələn tələbələr də həmin mərkəzdə təhsil alırdılar. Sözügedən mərkəzdə Mosuldan, Dəməşqdən, Tiflisdən, Buxaradan, Qəzvindən, Monqolustandan, Çindən, Hindistandan gələn alimlər elmi
işlərlə məşğul olublar. Təsadüfi deyil ki, akademik Ziya Bünyadov Tusinin yaratdığı rəsədxananı , elm-təhsil mərkəzini Şərq ölkələrinin və dünya sivilizasiyalarının ilk elmlər akademiyası adlandırıb.
Təkcə Şərqin deyil, bütün dünyanın böyük mütəfəkkiri olan Nəsrəddin Tusi öz əsərlərində insanlar arasında birliyin qırılmaz bağ olduğunu bəyan edib. Dahi insan göstərirdi ki, insanlığın, cəmiyyətin əsasını təşkil edən dəyərlərə hörmətlə yanaşmaqla və onları yaşatmaqla böyük bir sivilizasiya qurmaq, onu müasir səviyyəyə qədər gətirmək mümkündür. Azərbaycanın belə dahi, müqtədir şəxsiyyətlərinin qoyub-getdiyi elmi-ədəbi məxəzlər ölkəmizin ərazisində yaşayan xalqlara göstərilən isti münasibətin, birgəyaşayışın indiyədək davam etməsində əhəmiyyətli rol oynayıb.
Unikallığı ilə daim diqqət mərkəzində olan Azərbaycan mədəniyyəti dünyanın aparıcı mədəniyyət sistemlərindən bəhrələnib. Nəticədə, milli mədəniyyətimizə digər mədəniyyət nümunələrinin də inteqrasiyası baş verib. Qədim atəşpərəstlikdən başlanan türk, Qafqaz, yəhudi, xristian, slavyan, İslam və digər müasir dünya sivilizasiyasıyalarını formalaşdıran mədəniyyətlər birləşərək ümumi bir mədəniyyət və inkişaf modeli yaradıb. Bu isə dünyanın inkişafına təkan verən amillərdən hesab edilir.
Bu mənada, Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür. XX əsr Bakı memarlığını da multikulturalizm nümunəsi hesab etmək olar. Belə ki, Bakı keçən əsrin əvvəllərində multikultural mədəniyyətə yaxınlaşmaqda davam edib.
"Multikulturalizmə giriş" kitabında da qeyd edilir ki, keçən əsrin əvvəllərində Bakı memarlığı multikulturalizmin nümunəsi kimi təqdim edilir.
Bakı şəhəri özünün memarlığı, əzəmətli tikililəri ilə diqqəti cəlb edib. Bakının memarlığı, inşa edilən binalar, həmin binaların müxtəlif memarlıq məktəbinin üslubunda tikilməsi indi hamıda maraq doğurur. Onu olduqca unikal bir memarlıq hesab edənlər orada həm əski, həm də müasir dövrün izlərini tapa bilirlər.
Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur. Şərq sivilizasiyasının daşıyıcısı olan ölkəmiz, öz mədəniyyətini zənginləşdirir və bununla da multukultural dünyaya daha da yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanlarının təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər Ötən əsrdə kapitalist Bakısında inşa edilən bir çox tikililər də Qərb memarlığı üslubunda salınıb. Bu memarlığın formalaşmasında isə alman memarları böyük rol oynayıblar.
Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də getdikcə inkişaf edib. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə H.Z.Tağıyevin pulu ilə
memar Koqnovitskinin layihəsi əsasında tikilib. Milli teatr ölkədə multikultural dəyərlərin inkişafında özünəməxsus rol oynayıb.
Kapitalist Bakısı Qərb mədəniyyətinin komponentlərindən olan teatrı qəbul etsə də, öz milli mentalitetindən də imtina etməyib. Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları əsaslı şəkildə qorunurdu. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışından da imtina etmirdi.
Bir sıra tədqiqat əsərlərində qeyd edildiyinə görə, həmin teatrda 1908-ci ildə "Leyli və Məcnun" operası oynanılıb. Azərbaycanın mədəni həyatında xüsusi yer tutan bu hadisə, ölkəni multikultural dünyaya aparırdı. İlk dəfə olaraq Şərqdə, Azərbaycanda Qərb mədəniyyətinin komponenti - opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.
1909-cu ildə "Bakının incisi" adlanan Dənizkənarı Bulvarın salınmasına istedadlı mühəndis, vətənpərvər bir şəxs olan Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır. Multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından A.Eyxler də öz aktivliyi ilə seçilir.
Bütün bunlardan aydın olur ki, qəzalarda tarixi tolerantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriyyəçiləri İslam ənənələrini inkişaf etdirməyə daha çox meylli, kapitalist Bakısında isə İslam dəyərlərinin qoruyucusu idilər. Onlar eyni zamanda, paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya aşılamış və Qərb-Şərq mədəniyyətinin sintezi kimi bəşər tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmişlər. Bunun əyani nümunəsi kimi, 1907-ci ildə N.Z.Tağıyevin tikdirdiyi "Con Mironosets" kilsəsini misal göstərmək olar.
Ümumiyyətlə, Azərbaycan xeyriyyəçiləri öz fəaliyyətləri ilə ölkəmizin sosial-mədəni həyatında özünəməxsus tolerantlıq dəyərlərini yaratmışdılar. Bakının tarixində, memarlıq abidələrində bu, əyani şəkildə görünür. Bununla da onlar hələ o dövürdə ölkəmizdə multikulturalizmin inkişafına böyük tarixi xidmətlər göstəriblər.
Bunu, eyni zamanda, multikultural dəyərlərin təbliği kimi də anlamaq olar. Hələ yüzillər əvvəl də Azərbaycanda bütün xalqların özünü təsdiq etməsinə şərait yaradılıb. Mədəniyyətimizin yaranmasında, formalaşmasında və inkişaf etdirilməsində milli memarlarla yanaşı, ölkəmizdə yaşayan xalqların nümayəndələri olan memarları, əcnəbi mütəxəssislər və incəsənət xadimləri də öz əməyini əsirgəməyiblər.
Bir sözlə, Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla yanaşı, əcnəbi mütəxəssislər də fəal iştirak ediblər. Burada həm Şərq üslubu qorunub,, həm də Avropa stili geniş əksini tapıb.
Bu mənada, Bakının arxitekturasında polyak memarların da xüsusi əməyi var. Polşa memarlarının Bakıya gəlməsi ilə paytaxtda möhtəşəm binalar inşa edilməyə başlayıb. Polyak memar İosif Ploşko həcm plastikası, daş üzərində oyma və ornament motivlərilə heyranedici olan Şirvanşahlar saray ansamblına xüsusi maraq göstərib və istedadı sayəsində şəhərin bəzəyi olan gözəl, monumental binaların müəllifi olub. O, çox sayda yaşayış evləri, binalar, ictimai, mülki və dini tikililər inşa edib. Memarın sifarişçiləri isə yerli milyonçular olublar. Avropa klassikası, Venesiya və fransız qotikası, modern əsərlər onun əsas üslubu idi.
Ploşko qotika və modern üslubunda binalar tikəndən sonra yerli memarlıq elementlərinə müraciət edib. Onun layihəsi əsasında inşa edilən tikililər Bakının memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutub. Monumental səciyyəli ilk işi olan "İsmailiyyə" binası memarı şəhərin memarlıq mühitində ön sıralara çıxarıb. Milyonçu Ağamusa Nağıyev erkən vəfat edən oğlunun xatirəsinə tikdirdiyi "İsmailiyyə" ictimai-xeyriyyə cəmiyyəti binasının inşasını Ploşkoya sifariş edib.
Memarın Venesiya qotikası üslubunda tikilən bu binadan başqa da məşhur əsərləri var. Misal üçün, Ploşkonun milyonçu Murtuza Muxtarovun sifarişi ilə tikdiyi indiki "Səadət sarayı"nı misal göstərmək olar. Ploşko Bakıda mühəndis kimi işləyib və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsində iştirak edib.
Əcnəbi memarlar Azərbaycanda öz üslublarını tətbiq etməklə bərabər, yerli memarlığın bədii-estetik cəhətdən çox zəngin olduğunu da qeyd ediblər. Onlar bu elementlərdən interyerdə istifadə edirdilər. O illərdə zəngin adamların sifariş etdiyi binaların içində bir otağı yerli memarlıq üslubunda işləyirdilər. Məsələn, "İsmailiyyə"nin memarlığı yerli mühiti özündə əks etdirib, Bakı və Abşeronun bütün qədim abidələrində də çatma tağlar üstünlük təşkil edir. Eləcə də, Hacı Zeynalabdinin evinin bir otağı Azərbaycan milli memarlıq elementləri ilə işlənilib.
Beləliklə, qeyd edilənlər Azərbaycanın multikultural mühitinin hələ ötən əsrlərdən qaynaqlandığını deməyə əsas verir. Bütün bunlar həm yazılı, həm də tarixi faktlar olmaqla ölkəmizin multikultural dəyərlərə verdiyi hörmətin əyani nümunəsidir.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub