ƏƏSMN-in VATSAPlı
mətbuat xidməti

Yaxud işi bacarmırsan, məsuliyyəti üzərinə götürmə!

 

Öncə diqqətinizə çatdırım ki, mənim heç bir dövlət qurumu, yaxud bu qurumu təmsil edən həmkarlarımla problemim, qərəzim yoxdur. Əksinə, hamı ilə səmimi həmkar münasibətləri saxlamağa çalışıram, imkanım daxilində!

 

Dövlət qurumlarının mətbuat xidmətlərində gəncləri görəndə isə xüsusilə sevinirəm. Fikirləşirəm ki, gənc, enerjili jurnalist mətbuat xidmətlərində bizim kimi yaşlılardan daha aktiv fəaliyyət göstərə bilirlər. Eyni zamanda, həmin qurumların yeni təyinat alan rəhbərlərinin də gənc olması ümidləri daha da artırır. Lakin çox təəssüflər olsun ki, son zamanlar bunun tam əksini müşahidə etmək zorundayıq. Mən bu gün sizə konkret bir faktdan söz açmaq istəyirəm. Əslində, istəməzdim. Məni buna vadar edən gənc bir həmkarımın, yəni Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Fazil Talıbovun öz fəaliyyətini VATSAP üzərindən qurmasıdır. Bu gənc həmkarım, deyəsən insanlarla ünsiyyət qurmağı belə özünə rəva bilmir.  Təxminən bir ay əvvəl Fazil Talıbova bir təqaüdçünün pensiya artımı ilə bağlı müraciət etdim. Qısaca dedi ki, sorğunu VATSAP-la göndərin araşdıraq. Elə də etdim və təxminən gün ərzində həmin sorğunun cavabını aldım. Və çox sevindim ki, nə yaxşı bu cavan oğlan həmin vəzifəyə təyin ediblər. Lakin çox təəssüflər ki, sevincim uzun sürmədi. Təxminən 10-15 gün əvvəl redaksiyamıza bir Qarabağ müharibəsi əlili şikayət məktubu ilə müraciət etdi.

 

Mənim Qarabağ müharibəsi əlilləri bir yana, hətta müharibə iştirakçılarına, bu gün həmin bölgədə torpaqlarımızı qoruyan əsgərlər belə, xüsusi sayğı və hörmətim var. Bu səbəbdən də, sağlamlığını Vətənin müdafiəsində itirən bir insana kömək məqsədi ilə məktubu qəzetdə dərc etməzdən əvvəl qarşı tərəfində münasibətini öyrənmək üçün Fazil Talıbova müraciət etdim. Fazil Talıbovun savabı çox qısa oldu, "Əlil barədə məlumatları VATSAPa göndər araşdırım". 8.10. 2018-ci il tarixdə bütün məlumatları VATSAP vasitəsi ilə ona göndərdim. Fikirləşdim ki gəncdir, onun üçün VATSAPla işləmək daha asandır nəinki, qələm, kağız, qeydiyyat aparmaq və s. Sən demə, belə deyilmiş. VATŞAP Fazil Talıbova, sadəcə baş qatmaq üçün lazım olur. Gördüm neçə gündür məlumatı heç açıb baxmayıb. Bir neçə gün də gözləyib zəng etdim ki, soruşum surğunun cavabı nə oldu?. Telefon zənglərim cavabsız qaldı. Başqa bir həmkarımdan xahiş etdim ki, ona zəng edib, məlumata baxmasını xahiş etsin. Fazil Talıbov mənim nömrəmə cavab verməsə də, tanımadığı nömrəyə anındaca cavab verdi (Belə çıxır ki, mənim nömrəm arzuolunmaz şəxslərin siyahısına salınıb). Sorğu barədə isə rayonda olduğunu və qayıdan kimi araşdırıb cavab yerəcəyini bildirdi. Lakin çox təəccüblüdür ki, Fazil Talıbov 10 gün əvvəl göndərilən soğunu heç açıb baxmayıb belə. Bax buna deyərəm, operativlik, gənclik enerjisi, insanlara sayğı və diqqət...

 

Artıq Fazil Talıbovun cavabını gözləməyə səbrim çatmadı və bu qısa məlumatı diqqətinizə çatdırmaq məcburiyyətində qaldım. Çünki mən Fazil Talıbovdan fərqli olaraq insanları intizarda, səksəkədə qoymaqdan həzz almıram, əksinə, narahat oluram. Şikayətçi əlilin hər zəngindən sonra xəcalət təri tökürəm ki, bu insanı narahat edirəm.

 

Əgər Fazil Talıbov mənim hansısa şəxsi sorğuma cavab verməsəydi,  mən onun üstündən keçərdim və məsələni qabartmazdım. Lakin yenicə nazir təyin olunan Sahil Babayevə ümidlə redaksiyadan müraciət edən Qarabağ müharibəsi əlilinin probleminə bu dərəcədə  biganə yanaşması əsla qəbul olunan deyil. Bu gənc oğlan əgər Qarabağ müharibəsində sağlamlığını itirən bir insanın probleminə bu dərəcədə biganə və laqeyid yanaşırsa, onun belə bir vəzifədə çalışmağa haqqı çatırmı?

 

Mənim anladığım qədər, Əmək və Əhalinin Sosial Müdafiəsi o deməkdir ki, bu qurumda çalışan insanlar, əsasən köməyə, qayğıya, ehtirama ehtiyacı olan insanlarla ünsiyyətdə olurlar. Vəzifələri də həmin insanların problemlərin həll etməkdir. Bu baxımdan nazirlik əməkdaşların işə qəbulu zamanı, onların insanlarla ünsiyyət qurmaq bacarıqlarını da nəzərə alınmalıdır, VATSAPsız. Yoxsa, Fazil Talıbov kimi VATSAP əməkdaşla uzağa getmək olmaz.

 

Sonda onu da diqqətinizə çatdırım ki, son illər Səlim Müslümovun fəaliyyətini ən çox tənqid edən jurnalist, bəlkə də mən olmuşam. Bununla belə, Elman Babayev heç zaman sorğularımdan qaçmayıb. Bu qısa məlumatı Sahil Babayevin diqqətinə ona görə çatdırıram ki, Səlim Müslümovun fəaliyyətində zərər çəkən yüzlərlə, minlərlə insan ona böyük ümidlər bəsləyir. Fazil Talıbov kimi VATSAP əməkdaşların nazirlikdə yaratdığı mühit ancaq narazılıqları artıracaq. Artan narazılıqlar isə kresloları laxladır və son nəticə, Səlim Müslümov kimi olur.

 P.S. Qarabağ müharibəsi əlilinin redaksiyamıza şikayətini qəzetimizin növbəti sayında birində diqqətinizə çatdıracağıq. Bizi izləyin!

0.072059154510498