"Əhalinin keyfiyyətli enerji təminatı:
görülmüş işlər, real vəziyyət və perspektivlər"

Bu yazı "Azərişıq" ASC-nin elan etdiyi müsabiqə üçün dərc olunmur

 Burada, möhtərəm Prezidentimizin Etibar Pirvediyevə
ünvanladığı bir sual yadıma düşdü:"Heç utanırsan?"

 Son günlər saytlarda, qəzetlərdə "Azərişıq"Açıq Səhmdar Cəmiyyətinin şəninə yazılan tərifnamələri oxuyuram və çox təəccüblənirəm. Bir layihə yazısı üçün araşdırma aparan jurnalist, necə olur ki, "Azərişıq"ASC-nin bütün respublika ərazisində gördüyü qlobal işləri az bir zaman kəsiyində mükəmməl araşdıra bilir? Sonra həmin jurnalistlərlə söhbəti zamanı öyrənirəm ki, hörmətli həmkarlarımın, ümumiyyətlə "Azərişıq"ASC-nin gördüyü işlərdən xəbərləri yoxdur. Digər  tərəfdən, əgər hər hansı bir jurnalist "Azərişıq"ASC-nin fəaliyyəti, yəni müsabiqə şərtlərinə görə,"Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunu əhatə etməlidirsə, bu çox ciddi araşdırma, vaxt və zəhmət tələb edir. Oxuduğum yazılardan bildiklərim isə odur ki, jurnalist həmkarlarımın heç biri nə vaxt itirib, nə zəhmətə qatlaşıb, sadəcə olaraq "Azərişıq"ASC-nin saytına daxil olaraq, yaxud həmin qurumda çalışan tərif həvəskarları vasitəsi ilə əldə etdikləri məlumatlardan yararlanaraq öz "araşdırmalarını" ərsəyə gətiriblər. Və çox maraqlıdır ki, həmin məlumatlarda söhbət, əsasən əyalətlərdə yerləşən rayonların ucqar dağ kəndlərində ağır, çətin relyef şəraitində görülən işlərdən gedir. Mənə belə gəlir ki, "Azərişıq" bu yolla sanki jurnalist həmkarlarıma çatdırmaq istəyir ki, bu çətinliklərə siz də qatılmayın, bizdən aldığınız məlumatlar əsasında gəzişmələr edin, tərifinizi yazın, biz də sizi bu qabiliyyətiniz müqabilində mükafatlandıraq. Əla taktikadır, elə deyilmi?

Mən isə sizə həmin mövzuda daha maraqlı bir yazı təqdim etmək istəyirəm, heç bir mükafata təmənnam olmadan.

Beləliklə, hadisələr (yəni, mənim müşahidə və aradırma məkanım) vaqe olur Zaqatala rayonunun Maqov, Paşan, Yolayrıc, Höytala, Danaçı, Aşağı Çardaxlar kəndlərində. "Azərişıq"ASC-nin bu kəndlərin mövcudluğundan xəbəri var, yox bunu deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu qurumun hansı adlar daşımasınadan asılı olmayaraq, əhalini keyfiyyətli enerji ilə təmin etmək baxımından bu kəndlərdə heç bir iş görülməyib. Təsəvvür etmək belə çətindir ki, bəzi yerlərdə odun dirəklər o dərəcədə çürüyüb, yarasız hala gəlib ki, elektrik naqillərindən asılı vəziyyətdə qalıblar. Nəzərə alsaq ki, bu kəndlərə işıq sovet dönəminin 1958-60-cı illərdə çəkilib, deməli, heç bir şərhə də ehtiyac yoxdur. Mən təkcə 3-4 gün ərzində baş çəkə bildiyim kəndlərdə gördüklərimi qeydə aldım.

Rayondakı tanışlarımla söhbətim zamanı məlum oldu ki, digər kəndlərdə də eyni vəziyyət hökm sürür. "İşıq idarəsi (el arasında qurum belə adlanır) yalnız pul yığmaq və işıqları kəsməklə məşğuldur. Siz hansı xidmətdən danışırsınız? Hansısa bir dirək qırılıb düşür, əhali ya həyətindən bir ağacı kəsib yerinə basdırır, yaxud da pul yığıb, yenisini elə işıq idarəsindən alır", bu da yerli sakinlərin dedikləri. Rayonun kəndlərində olduğum zaman deyilənlərin doğru olduğunu öz gözlərimlə də gördüm. Burada son 30-40 ildə heç bir təmir-bərpa işləri görülməyb.

"Azərişıq"ASC rəhbərliyinin yazdıqlarıma azacıq şübhəsi varsa, həmin kəndlərə gedə, hər şeyi öz gözləri ilə görə bilərlər.   

Haşiyə: Çalışın bu kəndlərə yağış, qar başlamadan gedin ki, yollarda qalmayasınız. Yaxud da, məmur həmkarınız, Zaqatala rayon icra hakimiyyətinin başçısı M. Əhmədzadə cənablarından xahiş edin ki, həmin kəndlərə rahat getdiyi avtomobilini bir müddətə sizə icarəyə versin.

Buranın yolları da, Masazır qəsəbəsinin yollarından fərqlənmir. Masazır yollarını necə olduğunu görmək üçün isə Bakının 5 addımlığında yerləşən Abşeron rayonunun Masazır qəsəbəsinə gəlin.

Mənim anladığım qədəri, Azərbaycanı bütövlükdə nura qərq etdikləri iddiasında olan "Azərişıq" ASC-nin rəhbərliyindən heç kim son illər bu qəsəbədə olmayıblar. Olsaydılar, bütün Azərbaycanı nura qərq etdikləri iddialarına görə, ən azından xəcalət çəkərdilər.

 Burada, möhtərəm Prezidentimizin Etibar Pirvediyevə ünvanladığı bir sual yadıma düşdü:"Heç utanırsan?". 

İndi isə Zaqataladan qayıdaq Bakıya, daha doğrusu, Abşeron rayonunun Masazır qəsəbəsinə.

Bilməyənlər üçün arayış: Masazır qəsəbəsi Abşeron rayonuna daxil olan ən böyük (bəlkə də səhv edirəm, dəqiq bilmirəm) qəsəbələrdən biridir. Buna baxmayaraq, nədənsə bu qəsəbə heç kimi (torpaq dəllalları və onların himayədarları istisnadır) maraq dairəsində deyil. Nə rayon rəhbərliyinin, nə də ondan daha yüksəkdə duran aidiyyəti qurumların. Masazır qəsəbəsinə təşrif buyuranları isə əsasən məcburi köçkun və qaçqınlar üçün salınan yaşayış massivinə, yaxud da "Qurtuluş" və "Yeni Bakı" massivlərinə aparırlar ki, "görün nə möhtəşəm işlər görülüb Masazır qəsəbəsində". Həmin massivlər isə qəsəbənin heç 5-10 faizini təşkil etmir. Bu qəsəbədə nə dəqiq ünvanlar var, nə qaz, nə işıq, nə su, nə də kanalizasiya sistemi. Bu qəsəbə sanki dövlət tərəfindən həyata keçirilən

"Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı" Dövlət proqramlarından da kənarda qalıb. Kənarda qalıb ona görə deyirəm ki, ölkə başçısının sərəncamı ilə indiyə qədər 4 belə proqram həyata keçirilsə də, Masazır qəsəbəsində heç nə dəyişməyib. Elə bil bu qəsəbənin Bakıətrafı qəsəbələrə də heç bir aidiyyəti yoxdur. Bunları qoyaq bir kənara, çünki bu yazı "Azərişıq"ASC-yə həsr olunur və əsas məqsədimiz də, əhalinin keyfiyyətli enerji ilə təminatını qarşıya məqsəd qoyan "Azərişıq" ASC-yə fəaliyyətindəki bəzi nöqsanları göstərməkdir.

Masazır qəsəbəsində enerji ilə bağlı əsas problem işıqların tez-tez, heç bir xəbərdalıq olmadan söndürülməsi və gərginliyin çox aşaqı səviyyədə olmasıdır. Bu səbəbdən də qəsəbədə keyfiyyətli enerji təminatından danışmaq əsla mümkün deyil. Çünki insanlar adi məişət cihazlarından belə, normal istifadə edə bilmirlər. Mən hələ işığın tez-tez kəsilməsi səbəbindən məişət cihazların sıradan çıxması ilə sakinlərin əlavə xərcə düşməsi faktını demirəm... Digər bir problem, işığın kəsilməsi ilə suyun da yoxa çıxmasıdır. Çünki su nasoslarının işləməsi üçün də enerji lazımdır. Deməli, "Azərişıq"ASC-nin yarıtmaz fəaliyyəti üzündən insanlar həm işıqdan, həm də sudan məhrum olurlar.

Bütün Azərbaycanı, ən ucqar kəndləri belə, nura qərq etməyi qarşısına məqsəd qoyan "Azərişıq" ASC görəsən Bakının 5 addımlığında olan Masazır qəsəbəsini nə vaxt yadına salacaq?

Yoxsa, onlar belə hesab edirlər ki, Lerik, Yardımlı, Tovuz kimi rayonların ucqar kəndlərini nura qərq etdiklərini deməklə, jurnalistləri ciddi araşdırmalardan çəkindirirlər?

Bilirlər ki, həmin rayonlara getmək, "Azərişıq"ASC-nin hesabatında qeyd olununların doğru olub-olmadığını araşdırmaq, hazırkı ağır maliyyə  durumunda jurnalistlərin imkanları xaricindədir və bu səbəbdən də onlar "Azərişıq" ASC-dən aldıqları məlumatlarla kifayətlənirlər.

"Azərişıq" ASC-nin məlumatında qeyd olunur ki, respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlindən 9, 500 MVA 2017-ci ilin əvvəlinə 12000 MVA-yadək yüksəlib.

Çox gözəl, çox pakizə! Ondan heç olmasa, bir damcı da Masazır qəsəbəsinə versəydiniz də. Bəlkə Masazır qəsəbəsinin respublikamıza aidiyyəti yoxdur? Bəlkə, "Azərişıq" ASC-nin şəbəkə xəritəsindən Masazır qəsəbəsini siliblər?

"Azərişıq" ASC-nin digər bir məlumatında qeyd olunur ki, ötən ilin sonlarında 110kv-lıq birinci və ikinci Beyləqan hava xəttində aparılan səmərəli işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilib, nəticədə bu iki rayonun 140 min əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Çox gözəl, bəs Masazır qəsəbəsi nə vaxt fasiləsiz elektirik enerjisi ilə təmin olunacaq? Siz bu suala savab serə bilərsinizmi ki, biz də işimizi bilək?!

"Azərişıq" ASC-dən aldığımız başqa bir məlumata görə, son 15 ildə ölkəmizin generasiya gücü fantastik səviyyədə-3000 MVA artıb.

Yaxşı, bunu da bildik, alqışlar sizə, yenə də soruşuram, Masazır camaatı sizin bütün bu uğurlu işlərinizdən nə vaxt bəhrələnə biləcək?

Bütün bunlara rəğmən, sizə bir şeyi də açıqlayım ki, keyfiyyətli enerji təminatı sahəsində Masazırın perspektivləri heç də pis deyil. Qəsəbədə çox sayda yüksəkliklər, təpəciklər var ki, orada külək, günəş işıq sistemləri quraşdırmaqla, nəinki Masazır qəsəbəsini, hətta ətraf qəsəbələri də fasiləsiz elektrik enerjisi ilə təmin etmək olar. Ancaq istək lazımdır. Yoxsa ki, jurnalisti saxta rəqəmlərlə Lerik, Yardımlı, Tovuza göndərməklə iş bitmir. Məqər bilmirsiniz ki, mənim kimisinin biri də çıxıb, həqiqətləri yazacaq. Allah sizləri qorusun!

P.S. Mən artıq heç nə demək istəmirəm, çünki "Azərişiq" ASC-nin fəaliyyətinə ən doğru qiyməti möhtərəm Prezidentimiz verib.

 

Yusif Seyid

0.39809489250183