Eks nazir korrupsiya atəşini söndürməyə çalışır

Səlim Müslümova da stajının hər ilinə görə 1 manat 93 qəpikdən pensiya hesablansın

 Hə millət, bu gün sizlərə yenə də məni, eləcə də yüzminlərlə haqqı əlindən alınan mənim kimi məzlumların, imkansızların qənimi kimi tanınan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri çooox hörmətli Səlim Müslümovun dünyada analoqu olmayan pensiya islahatları barədə söz açacağam.

Əvvəlcədən qeyd edim ki, əslində mən heç də yıxılanı vurmaq, ölənin dalınca danışmaq kimi halların tərəfdarı deyiləm. Səlim Müslümovun Azərbaycan əməkçilərini dilənçi gününə salan pensiya islahatları barədə, hələ vəzifədə olduğu, "qılıncının dalının da, qabağının da kəsdiyi" dövürlərdə yetərincə yazmışam. Fəqət, bildiyiniz kimi, məmləkətimizdə söz azadlığı məmurların(vəzifədə olduğu zaman) qapısına kimidir və bir çox hallarda haqlı olsan belə, yazdıqların ən yaxşı halda qanqaraçılığa səbəb olar. Digər təhlükələr də, istisna deyil.

Keçək əsas məsələyə. Bu gün bir sıra Kütləvi İnformasiya Vasitələri Səlim Müs-lümovu bir çox korrupsiya hallarında ittiham edirlər. Amma nədənsə, onun bu hallarda hansısa bir suçunun olub-olmaması barədə rəsmi heç bir məlumat verilmir. Bilirsiniz niyə? Axı neçə illərdir ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır və bu yaxınlarda Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi tədbirlərin birində bəyan etdi ki, ölkəmizdə korrupsiya halları 0 faizə endirilib. Belə olduğu halda, necə etiraf etsinlər ki, Səlim Müslümov dövlətin aztəminatlı insanlara, pensiyaçılara ayırdığı pulları talayaraq özünə böyük bir səltənət yaradıb. Yoxxx, bu əsla ola bilməz, "əlimizdən gələni xalqımız üçün etməliyik" deyən bir alimin adını korrupsiyada hallandırmaq ən azından insafsızlıq olar. Çünki, insafən professor Səlim müəllim də, öz susqunluğu ilə alovlanmağa can atan korrupsiya atəşini sön-dürməyə çalışır və düşünür ki, bu yolla, bu vurhavurdan salamat çıxa bilər.

Lakin, deyəsən Səlim müəllimin də, səbr kasası daşdı və danışdı. Onun danışması, məni də bu yazını yazmağa sövq etdi, and olsun onun məndan çaldığı paralara, yoxsa yazmayacaqdım. Görün Səlim müəllim nə deyir:"Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm"(Pensiyaçıları zəlil gününə salmışam. Onlara çatacaq pulların hesabına özümə, yaxınlarıma, qohum-əqrabama ən yüksək rifah səviyyəsi təmin etmişəm). Əlindən gələni bu olub da qardaşım, daha nə etməlidir ki? Səlim müəllim daha sonra etiraf edir:"Mən də hər zaman prezidentin tapşırıqlarını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum".Vay dədəm vay, bu nə danışır əəə. Mən belə bir açıqlamanı bir il əvvəl eşitmişdim, amma inanmaq istəməmişdim. Səlim Müslümovdan yox haa, onun sadiq işçilərində biri olan Binəqədi rayon dövlət sosial müdafiə departamentinin rəisindən. Adını xatırlamıram, o, təxminən belə demişdi. Siz bütün baş verənlərdə(əmək pensiyalarının məmurlar üçün ən yüksək səviyyədə, sadə əməkçi insanlar üçün isə dilənçi payı kimi verilməsində) Səlim Müslümovu ittiham edirsiniz, onun burada heç bir günahı yoxdur. O, əslində kimdir axı? Ona yuxarıdan nə deyirlər, o da onu yerinə yetirir. Eyni şeyləri indi də Səlim Müslümov deyir. Buradan belə bir nəticə hasil olur ki, sən demə, əməkçi pensiyaçıları dilənçi kökunə salmaq prezidentin tapşırığı imiş. Bəlkə,  2,5 milyardı talamaq da, prezidentin tapşırığıdır, cənab Müslümov?   

Sitatın əvvəlində isə Səlim Müslümov bildirir ki,"Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm"

Yəni, əlimdən gələn talamaq, soymaq idi, onu da elədim. İndi də özünü təmizə çıxarmaq üçün kimlərisə, özünə şərik edərək yaxasını haqq-ədalətin əlindən qurtarmaq istəyir, daha açıq desəm prezidenti şərləməklə öz cinayətlərini örtbastır etməyə çalışır. Bu açıqlamanın başqa adı yoxdur, zatən.

Səlim Müslümov dövlətin milyonların yox haaa, milyardların taladığının açıq etiraf etsəydi, daha yaxşı olardı. Ancaq edə bilmədi, buna gücü çatmadı.

Allahtəala buyurur ki, heç vaxt imkansızları, acizləri, məzlumları incitməyin. Bu halda onlar məndən kömək istəyəcəklər və mən də onlara kömək edəcəyəm.

Görün Səlim Müslümov nə deyir:"Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq, əlimizdən gələni xalqımız üçün eləməliyik". Elədinmi, Səlim Müslümov? Sənin bacardığın 1,5 milyon pensiyaçını, bir o qədər də sosial müavinətə ehtiyacı olanı zəlil gününə salmaq, dilənçiliyə məhkum etmək idisə, niyə bu işdən əl çəkmədin? Özün əməkçilərə məxsus milyonları, milyardları taladığın halda, onları dilənçi gününə salmağını uğurlu pensiya islahatları kimi təqdim etməklə, sadə insanları, həm də dövləti aldatdın. Sənə etimad göstərən prezidentə xəyanət etdin, indi də onu özünə şərik qoşmaq istəyirsən?  Prezidentimiz bütün çıxışlarında dönə-dönə tapşırıb, tələb edib ki, məmurların vəzifəsi xalqa xidmət etməkdir. Sən kimə xidmət etdin, cənab Müslümov?

İndi isə Səlim Müslümovun idarəçilik sisteminin gizlinlərində olan bir faktı diqqətinizə çatdlırım. Məsələn, necə olur ki, eyni zərərli sahədə çalışan, eyni yaş həddində olan üç nəfərə təyin olunan pensiyalar arasında çox yüksək məbləğ fərqləri olsun. Əslində, Səlim Müslümov onların hər birinə eyni pensiya təyin edib. Sonradan, pensiyaların miqdarı dəyişdirilib.

Ə.Z.Ş oğlu (adlar şərtidir) Səlim Müslümovun təyin etdiyi pensiyadan narazı qalaraq, Azərbaycan Respublikası Prezidentinə müraciət edib, bundan sonra Səlim Müslümov onun pensiyasını hansısa yollarla 168 manatdan 683 manata qaldırıb. Digər pensiyaçı Q.H. İ oğlu məhkəməyə müraciət edib. Bu halda vəkillə Dövlət Sosial Müdafiə fondunun əməkdaşları asında əldə olunan razılıqla, həmin pensiyaçıya  57 yaşından deyil, 52 yaş həddindən pensiya təyin olunub. Həmin beş ildə pensiyaçıya hesablanan məbləği isə o, ödəniş kartından çıxararaq DSMF-nun əməkdaşlarına verib. Bu danışıqlar müqabilində onun pensiyası da 162 manatdan, 564 manata qalxıb. 

Üçüncü şəxs isə nə Prezidentə işikayət edib, nə də DSMF-nun işçiləri ilə razılaşıb. Bu səbədən də pensiyası 57 yaşından hesablanaraq cəmi 167 manat təşkil edib. Bir mətbuat işçisi olaraq çalışan həmin şəxs, dövlətinə və qanulara inanaraq apardığı çabalar isə heç bir nəticə verməyib. Çünki, vəzifədə olduğu dövürdə Səlim Müslümov, daha yüksək vəzifədə olan şəxslər tərəfindən müdafiə olunurdu və mətbuatın yazdıqları onlara heç bir təsir etmirdi. Yəni bu gün Azərbaycanda vəzifədə olan hər hansı bir məmur, ictimai qınaq deyilən bir şeyi əsla qəbul etmir. Çünki himayədarlarına güvənir. Bu isə o deməkdir ki, onların taladıqları milyonlara, milyardlar həmin himayədarları da şərikdirlər.

Mətbuatda yazılan yazılar Səlim Müslümovu əndişələndirdiyi zaman, himayədarları öz səlahiyyətlərindən sui-istifadə edərək, həm yazıları yazan pensiyaçıya, həm də onu dərc edən qəzetlərə, saytlara təzyiqlər etməklə, onu təmizə çıxarmağa nail olublar. İradları da bu olub ki, "siz prezidentin etimad göstərdiyi bir məmuru tənqid edirsiniz". Son nəticədə isə məlum olur ki, prezidentin etimad göstərdi həmin məmur dövlətin 2,5 milyard pulunu dədəsinin malı kimi qamarlayıb özünə, yaxınlarına ərəb şeyxləri səviyyəsində yaşam tərzi qurub.

Utanmazlığın dərəcəsinə bax ki, xalqın, dövlətin milyonlarını, milyardlarını talayan həmin məmurlar çıxır televiziya verilişinə, yaxud mətbuat səhifələrinə başlayır xalqa haqq və ədalət nağılları danışmağa ki, son 10-15 ildə pensiyalar 50-60 dəfə artıb, sosial müavinat alanlar yağ-bal içində yaşayırlar və sair və ilaxir.

Mən Səlim Müslümova nağıl danışmaq istəmirəm. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə əməkçi insanların və imkansız əhalinin müdafiəçisi olmasını arzulayıram. Çünki Səlim Müslümovun idarəçiliyi dövründə bu nazirlik əsla öz adına və statusuna uyğun fəaliyyət göstərməyib. Bu gün bir kimsə deyə bilməz ki, Səlim Müslümovun dönəmində bu nazirlik kiminsə pozulmuş əmək və sosial hüququnu müdafiə edib. Sadə bir misal, Səlim Müslümov hansı hesablamalarla o qənaətə gəlib ki, əmək pensiyaçılarını sovet dönəmində qazandıqları stajın bir ilinə görə 1manat 93 qəpik ödənməlidir? Bu məbləğin hansısa əsasları varmı? Yoxsa, sadəcə olaraq  bu Səlim Müslümovun dissertasiya işi olub və o, sübut etməyə çalışıb ki, bu pensiyaçıları diləndirmək üçün ən mütərəqqi yoldur. Yəqin ki, bu bacarığına görə də, alim, professor adını qazanıb. Necə deyərlər: "Mən salim olum, cümlə-cahan batsa da batsın nə işim var". Təki Səlim Müslümov professor olsun, pensiyaçıların çəkdiklərindən ona nə!

Və sonda. Mən heç zaman kiminsə həbsinin tərəfdarı olmamışam, o cümlədən də Səlim Müslümovun həbsini istəmirəm. İstədiyim odur ki, Səlim Müslümova da stajının hər ilinə görə 1manat 93 qəpikdən pensiya hesablansın və həmin məbləğə yaşamağa məhkum edilsin. Bəlkə onda anlaya ki, sosial ədalət nədir. Bu artıq başqa bir söhbətin mövzusudur, gələn yazılarımın birində bu mövzuya mutləq toxunacam.

Son görünənlər isə budur ki, yeni nazir hələ də kadr islahatları ilə məşğuldur. Onun pensiyaçıların Səlim Müslümov tərəfindən pozulan huquqların bərpası üçün hansı işlər gördü-yündə, yaxud görəcəyindən xəbərim yoxdur. İnşallah Səlim Müslümovun yoluna getməz.

0.71475291252136