Türkiyədə həbsdən məzuniyyətə çıxdı, Batumiyə qaçmaq istədi - Bakıda həbs edildi
Türkiyədə həbsxanadan məzuniyyətə çıxaraq, saxta pasportla Azərbaycana keçmək istəyən şəxs saxlanılıb.
Paralel.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, 26 iyun 1994-cü ildə Türkiyənin Mersin şəhərində anadan olmuş H.A. saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə Respublikasına məxsus pasportla Bakıya gəlib.
H.A. əvvəlcə saxta pasportla Türkiyədən Naxçıvana, ordan da təyyarə ilə Bakıya yollanıb. O, hava limanına endikdən sonra Bakı-Batumi aviareysinə bilet alaraq, Gürcüstana uçmaq istəyərkən saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, H.A. 2018-ci ildə Mersində milliyyətcə suriyalı şəxsi bıçaqladığı üçün şəhər məhkəməsinin hökmü ilə 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təxminən 6 il cəzaçəkmə müəssisəsində saxlanıldıqdan sonra 2024-cü ilin iyun ayının ortalarında 11 gün müddətinə məzuniyyətə buraxılıb.
O, cəza çəkməkdən boyun qaçırmaq, həmçinin məhkum olunması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədlərini rəsmi qaydada keçə bilməməsi səbəbindən özünə 27 min dollara saxta sənəd hazırlayaraq Bakıya gəlib və burdan da Batumiyə uçmaq istəyib.
Ona Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.A barəsində bir il müddətinə azadlıqdan məhrum olunub.