Atalı xatirələr ("Mənim xatirələrim" silsiləsindən)

Atalı xatirələr (
 

Qaxdayam, bizim dağlardayam... Doğma yurdun havasından alir, atalı xatirələrlə yaşayıram. Arada başımı qaldırb bizim dağlara baxıram - hər dağın dalından atam boylanır. Atam bu dağların vurğunu idi, Qaxın dağlarını dəlicəsinə sevirdi.

Hər dəfə Qaxa gələndə, "A dağlar, ucadan uca dağlar, məni çəkdiz gətirdiz, qocadan qoca atama, anama yetirdiz" deyib, dağlara salamlaşırdı. Hər dəfə gedəndə, "A dağlar, sizdə nəyim qaldı, bir ağsaqqal atamla, bir ağbirçək anam əmanət qaldı" deyib, dağlarla halallaşırdı... Beləydi mənim şair atam, dağlarla danışırdı...

Arif müəllim Qaxa tez-tez gəlirdi, ildə bir neçə dəfə kəndinə baş çəkirdi, dağlarını, doğmalarını ziyarət edirdi. Məni də hər dəfə özü ilə gətirirdi. Onda hələ ibtidai siniflərdə idim. Yazda babamın Uzun dərəsini (həyətyanı sahəsini) ələk-vələk edirdik, quzuqarnı göbələyi gəzirdik. Babamın dərəsi Quş qayasının (kəndimiz bu dağın döşündə yerləşir) sağ ətəklərindən axan Köndələn çayın sahilində idi. Atam quzuqarnı tapmağın ustasıydı, mən birini axtarıb tapınca, vedrə dolub-daşırdı...

Sonra babamın bulağını ziyarət edərdik, atalı-balalı sərin sudan içərdik. Bağda gəzərdik, atam hər ağacın yanında dsyanardı, əli ilə budaqlarını tumarlayardı. Deyərdi "bu, Ağ almadır, mən calamışam, bu da Sarı armuddur, onu da mən calamışam". Mən atamdan geri qalmamağa çalışardım, yaxındakı alma ağacının gövdəsindən yapışardım. "Bu da Konfet almadır, onu da mən calamışam" deyərdim. İnanın Allaha, özüm dediyimə özüm də inanardım. Atam ləzzətlə gülərdi, nəvazişlə deyərdi: "Hə, sən calamısan, sən böyük olanda calamısan"...

Yaxşı yadımdadır, kəndimizin yayı yazından maraqlı olardı. Atamla səhər tezdən durardıq, adama bir çiy yumurta içərdik. Quş qayasının sol ətəklərindən axan Duru çaya balıq tutmağa gedərdik. Atam məni sahildə qoyardı, münasıb bildiyi yerdən çayın axarını başqa yerə qaytarardı. Sonra yalın əllə balıqlarl daşın-qayanın arasından tutub çıxarardı, yarıya qədər su ilə dolu vedrəyə atardı. Xallı farellər şəffaf suda çırpınardı, üzüçə-gözümə su sıçradardı.

Günortaya kimi vedrəni balıqla doldurardıq, bir qismət çörək yeyib evə qayıdardıq. Yolda uşaqlar bizə həsrətlə baxardı, mən ləzzətlə vedrənin qulpundsn yapışardım. Evdə atam balıqları yağda qızardadı, üstünə yumurta çırpardı. Anam stolun üstünə təndir çörəyi, pomidor-xiyar qoyardı. Bacılarım hər tikədən sonra barmaqların yalardı. Mən balığın sümüyünə baxmazdım, dadından doymazdım...

Qaxdayam, atalı xatirələrimi bizim dağlara danışıram. Dağlar sakitcə mənə qulaq asır... Deyirəm, a dağlar, kaş mən təzədən uşaq olaydım, atalı günlərimi yenidən yaşayaydım... Dağlar sakitcə mənə qulaq asır...

Qalib ARİF

Paralel.az 

0.073925971984863