"Valyuta satışının kəskin artması ilə bağlı xəbərlər gedir" - Ekspert 

 

"Media və sosial şəbəklərdə valyuta satışının kəskin artması ilə bağlı xəbərlər gedir"

Paralel.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, bunun bir neçə səbəb var:
"Əsas səbəb hökumətin ehtiyaclarıdır.
Əvvəla, ötən ilə nisbətən Neft Fondundan büdcəyə transfertlər 3 dəfəyə yaxın artıb.
Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə Fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb.
Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına Fondun satdığı valyutanı özü alırdı, əks halda dövlət büdcəsinin icrası mümkün olmazdı.
Bu səbəbdən 2023-cü il ərzində MB-nin valyuta ehtiyatları 2 milyard dollardan çox artmışdı.
Amma 2024-də vəziyyət dəyişdi - işğaldan azad edilmiş ərazilərin xaricdən idxalla bağlı ehtiyacların və çox güman ki, hərbi tələbatın artması səbəbindən hökumətin idxalı birdən-birə 2 milyard dollar (2 dəfəyə yaxın) artdı. Və satılan dollar kütləsinin də əsas alıcısı dövlət özü oldu.
Təkcə 9 ayda dövlət sektorunun idxalı üçün bazardan 4 milyard dollara yaxın alış olub (ötən il 2,2 milyard dollar).
Şübhəsiz özəl sektorun da idxalında genişlənmə var (təxminən 5%). Üstəlik, ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50%-ə yaxın artıb.
Bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait 10%-ə yaxın artıb.
Bunlar da xarici valyuta tələbini artıran amillərdir.
Hökumət daxildə valyuta ticarətinə elə sərt nəzarət və məhdudiyyətlər tətbiq edir ki, əhalinin bu prosesə həlledici təsiri xeyli dərəcədə istisna olunur" - deyə, qeyd edib.

Şahnaz 

0.098418951034546