Bizim şou-biznes - xalqı musiqili verilişlərlə əyləndirməklə pul qazananlar
Düşünürəm ki, bizim şou-biznes əhlini (yəni xalqı musiqili verilişlərlə əyləndirməklə pul qazananları) 3 qrupa bölmək olar. Birinci elitar qrupdur ki, burda talant, sənət birincidir - puldan, biznesdən irəlidir. Bura başda Rəşid Behbudov, Zeynəb Xanlarova, Flora Kərimova və s. olmaqla ("müqəddəs yer" boş qalmır, Azər Zeynalov, Azərin və s. kimi talantlar artıq onların yerini tutur), əsl sənət yaradanlar daxildir. Bunlar vokal sənətinin korifeyləridir, özləri ucaldıqca bizim musiqi sənətini də ucaldır, özləri məşhurlaşdıqca, Azərbaycanı da bütün dünyada tanıdırlar.
İkincilər sözün əsl mənasında şou-biznes əhlidir, yəni toy-mərasim mügənniləridir. Doğrudur, burda sənət var, talant var, amma pul eşqi, varlanmaq həvəsi sənəti üstələyir. Bunlar da musiqi sənətinə öz töhfələrini verir(b), amma sənətin birinci - elitar səviyyəsinə yüksəlmir, Azərbaycandan kənara çıxa bilmirlər. Bu qrupda bir zamanlar Akif İslamzadə, Habil Əliyev, Məmmədbağır kimi sənətkarlar liderlik edirdi, indi Röyalə, Faiq Ağayev, Aygün Kazımova, Eyyub Yaqubov kimi müğənnilər at oynadırlar.
Üçüncü qrupu mən, yerli dialektə və dəbə uyğun olaraq, şou-cındır qrupu adlandırardım. Burda həvəs, istək var, gözəllik var, amma sənət yoxdur, burda yeganə məqsəd puldur. Bunlar pul üçün bütün müqəddəs dəyərlərini (əgər varsa, deyirəm!) satmağa hazır olan adamlardır. Əslində bunların satmağa da bir şeyləri qalmayıb, bunlar Böyük Marksın ifadəsi ilə desək lümpenlərdir, bütün mənəvi dəyərlərini itirən, sosial pilləkanın ən aşağı mərtəbəsinə - oğrular və dilənçilər səviyyəsinə düşənlərdir. Satmağa hansısa iş qüvvəsi, hansısa qabiliyəti olmadığından, bunlar özlərini, hətta cisimlərini (özləri utanmadan faktura deyir) bazara çıxarırlar. Odur ki, tele-efirlərdən düşmürlər, nəyin bahasına olrs-olsun, gündəmdə qalmaq istəyirlər. Bu məqsədələ də, ağızlarına gələni deyirlər və abırlarına gələni geyirlər.
Mən üçüncü qrupda məlum səbəblərdən ad çəkmirəm, amma bunlar bizim tele-efirləri dolduran, faktiki olaraq, tele-zibilliyə çevirən, milliyyəti və cinsiyyəti bilinməyən "musiqiçi"lər, "mügənnilər", tele-aparıcılar və sairdir və getdikcə çoxalır. Bunlar XƏRCƏNG xəstəliyi kimidir, müalicəsi çətindir, hara düşdü, oranı məhv edir... Odur ki, kəsib atmaq lazımdır... Və nə qədər tez atılsa, sağalmaq bir o qədər asandır...
Qalib ARİF
Paralel.az