"COP29 Cənubi Qafqazda təhlükəsizlik və sülhün açarı rolunu oynaya bilər" - Ekspert 

 

"Azərbaycan bir neçə gündən sonra, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək və həmçinin sessiyaya sədrlik missiyası da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək. COP 29 mahiyyətinə görə dünya miqyaslı tədbirdir və Azərbaycan ilk dəfədir ki, bu qədər böyük bir tədbirə ev sahibliyi edir".

Paralel.az xəbər verir ki,  bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bunun da ölkəmizə böyük müsbət təsirləri var və bu müsbət təsir konfransdan sonrakı dövrlərdə, ölkəmizə qarşı dünya dövlətlərinin münasibətini dəyişəcək:

"ABŞ -ın və bir sıra siyasi dairələrin təbirincə desək, COP29 Cənubi Qafqazda təhlükəsizlik və sülhün açarı rolunu oynaya bilər. Bu da öz növbəsində Azərbaycana qarşı fəallaşmış bəzi qüvvələrin qarşısını almaqda bizə çox müsbət təsir edəcək".

Çingiz Şahbazi həmçinin onu da qeyd edib ki, əslində COP29 -un Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil və son vaxtlar ölkəmizə qarşı təzyiq və təsirlər də məhz bununla bağlıdır:

"Azərbaycan ABŞ və Qərb tərəfindən ciddi ölkə olaraq qəbul edilir və Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli ölkə hesab olunur. Bu baxımdan ABŞ belə bir ölkənin özünə qarşı əks tərəfində olmasını heç bir halda qəbul etməz və məhz COP29 tədbirinin Azərbaycanda keçirilməsi də bunu deməyə əsas verir. Sözsüz ki, tədbir ölkəmizə bir çox faydalar gətirəcək və inanıram ki, ölkədə istər siyasi, istərsə də sosial baxımdan müsbətə doğru dəyişikliklər baş verəcək.Ölkəmizə qarşı dünyada dəyişikliklərin daxildə də müsbət təsirlərə səbəb olacağını düşünürəm".

0.025351047515869