"Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdırmasına son qoymalıyıq" - Deputat
"Çoxəslik milli tarximizin parlaq səhifəsi-Zəfərimizin 4-cü ildönümü qarşısında hər bir azərbaycanlı iftixar və qürur hissi keçirir, dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın 8 noyabr təntənəsinə hazırlıqları yeni siyasi təqvim ətrafında xalqımızın birliyini göstərir. Qələbəmizin qazanılmasında müstəsna liderlik və sərkərdəlik qabiliyyəti ilə seçilən Ali Baş Komandan İlham Əliyevin, şanlı ordumuzun və millətimizin yaratdığı tarixi səlnaməni qoruyub saxlamaq, Böyük Qayıdışla yeni Vətən qurmaq, gələcək nəsilləri Zəfər ruhunda böyütmək hər birimizin ali və müqəddəs vəzifəsidir".
Paralel.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda tədbirdə çıxışı zamanı deyib. O, sözlərinə belə davam edib:
“Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”- dövlət başçımızın 7 dekabr 2020-ci ildə o dövr üçün 17 illik idarəçiliyin zirvəsi olan 44 günlük müqəddəs savaşının necə çətin, həm də gözəgörünməz cəbhələrdə qazanıldığını və ondan sonra keçən hər gündə Qələbəmizi möhkəmləndirmək zərurətini göstərir.
Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən İlham Əliyev geosiyasi inqilab etməklə, bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu. Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bircə qalıb BMT qətnamələri, ondan aşağı bütün səviyyələrdə bizim 30 illik imtahanları onların əvəzindən keçən böyük bir şəbəkə formalaşıb.
Xüsusilə də, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyası və fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib. Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media və hüquq orqanların təhdidinə yeni institutlar, tərəfdaş və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumlar yaradılır, beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlbi genişlənir, onlar rəhbər postlara gətirilir.
Sosial Tədqiqatlar Mərkəzi olaraq, “Dezinformasiyaya qarşı mübarizə: ifşa detektoru” layihəsi çərçivəsində hesabatlar, siyasi təhlil sənədləri təqdim edirik. STM-in sədr müavini, professor Tahirə Allahyarovanın müəllifliyi ilə ötən illərdə biz ölkəmizə qarşı açılan yeni: beynəlxlaq hüquq, məhkəmə-diplomatik savaş aparan mütəşəkkil “beynəlxalq hüquq mafiyası”nın fəaliyyətini ifşa etmişik. İndi isə müəllifin sanksiyalar mövzusunda peşəkarlıqla qələmə aldığı ABŞ Konqresi və onunla sinxron işləyən institut və qurumlara sızan qobal erməni millətinin fəaliyyətindən bəhs etmişik.
Bəli, son 35 ildə məruz qaldğımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik. Prezident İlham Əliyev strateq kimi ölkəmizi beynəlxalq iqtisadi-siyasi cəza və qadağalardan qoruyur.
Xatırladaq ki, regionda yerləşən digər qonşular, məsələn İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.
Rusiya əleyhinə son 2 ildə tətbiq oluan sanksiyaların isə ümumi sayı 17.636-dır. Onun təkcə 29 faizini, yəni, 5100-dən artığını bir ölkə-ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imeriyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir.
Bizə qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var: Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək.. “Qlobal layları tərpətmişik”-deyərkən, ölkə başçısı məhz bunu nəzərdə tuturdu.
Göründüyü kimi, dövətlər, siyasi qüvvələr fərqli olsa da hamısı bir məramda birləşir-Vətən müharibəsi nəticəsində regionda baş verən geosiyasi inqilabın nəticələrini qəbul etməsinlər. Daha doğrusu, ölkəmizi Cənubi Qafqazda yeni arxitektura qurmağa qoymasınlar. O üzdən, Qələbəmizdən sonra İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün qonşu xalqların mənafeyini müdafiə edərək, “əlinizi bölgəmizdən çəkin, imkan verin insanlar rahat nəfəs alsınlar”, deyərək, Qafqazda nizamın, sülhün və dincliyin əleyhinə olan dövlətlərə sərt çağırış etmişdi. Bəli, biz qalib dövlət kimi yeni status qazanan, Yüksələn Regional Gücük.
Gəlin, əleyhimizə aparılan kampaniyanın bir neçəsini xatırlayaq-Fransa Senatının müharibədən cəmi 10 gün sonra-20 noyabr 2020-ci ildə Qarabağın müstəqilliyinə dair qətnaməsi son 4 ildə Ermənistan parlamentində nə müzakirə, nə də səsə qoyulub. Göründüyü kimi, ermənilər olmayanda da onu uydururlar!
AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşdirilən qlobal şəbəkə formalaşıb.
Bir neçəsinin adını çəksək, görəcəyik ki, Azərbaycana qarşı fəaliyyət necə mükafatlandırılır. Məsələn, Avropa Parlamentində siyasi korrupsiya şəbəkəsinin başında Rafael Qluksman durur. Onun adı mediada “10 ildə 3 inqilab-2 Ukrayna Maydanı və 1 Gürcüstan çevrilişini edən şəxs kimi çəkilir. 15 il Ukrayna və Gürcüstanda yüksək dövlət vəzifələri tutan Qluksman 5 il əvvəl Fransaya qayıdıb, “Dezinformasiya üzrə Xüsusi Komissiya”nın təsisçisi və prezidenti olub. 2022-ci ilin fevralın 8-də AvroParlamentin İnsan Hüquqları üzrə Alt Komitəsi birgə iclasında “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi” mövzusunda, xaricdəki bloggerlərin iştirakı ilə müzakirə keçirir. 1 ay sonra 2022-ci il martın 11-də isə cəmiyyətimizdə hiddət doğuran "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edilir.
2022-ci ilin oktyabrın 11-də AŞPA-nın məlum Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusu müzakirə və məruzəçi təyin edilib.
10-14 oktyabr 2022-ci il tarixlərində ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi təhlükəsi ilə bağlı qadağalar” mövzusunda müzakirələr edilib və qərarlar qəbul olunub.
Onunla paralel okeanın o tayında- Konqresin və “Konqresdə Erməni Qrupunun” ABŞ dövlətinin siyasətinə aqressiv müdaxiləsi baş verib, lobbiçilik fəaliyyəti siyasi korrupsiya formasında nümayiş olunub.
Konqresdə Zəfərimizdən sonra Azərbaycana qarşı şiddətlənən sanksiya, qərəzli qətnamələrin təəbbüskarları və sponsorlarına ayrılan maliyyənin həcmi ildən-ilə artır. Ermənilərə xidmət edən konqresmenlərin qızğın “siyasi alveri”gedir. 907-ci düzəlişin ilk müəllifi Dina Titus ailəsinə ayrılan maliyyə 2 milyondan artaraq, 3 milyonu keçib. Konqresin “Ermənistan Müdafiə Aktının” sponsor və təqdimatçılarından olan Miçiqan ştatından senator Gary Peters-in varidatı son 2 ildə xüsusilə böyüyüb. Göründüyü kimi, ölkəmiz əleyhinə aparılan mübarizə bəşəri dəyərlər, yaxud qlobal erməni dünyasının maraqları ilə adı ilə böyük siyasi biznesdir.
2024-cü il aprelin 26-da xalqımız üçün dərin rəmzi məna daşıyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının sayı ilə- “44 Azərbaycan rəsmisi” layihəsi Zəfərimizin sakral-müqəddəs simvoluna zərbə vurmaq məqsədi güdürdü. Layihə və siyahı 2023-cü ildə Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanmışdı, sifarişçi isə həmin komissiyanın və erməni qrupun həmsədri Kris Smitdir.
4 oktyabr Cəbrayıl şəhəri günündə 30 illik dağıntılarla əhatələnən bir məkanda, ABŞ başda olmaqla 100-lərlə ölkənin bir dollar yardım etmədiyi və məcburi köçkünlərin insan haqlarına kömək göstərmədiyi gerçəkliyindən çıxış edən ölkə rəhbəri deyir-sitat: “60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək istəyir… bizə qarşı düşmənçilik siyasəti dayanmır…Axı, biz nə etmişik, öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri”.
Ölkə rəhbərinin sözləri eynən Avropa Parlamanetin son daha amansız qətanmə müəlliflərinə də aiddir. Azərbaycan dövləti Türk silah sənayesinin simvolu TUSAŞ-a edilən xain hücumu pisləyəndə Avropa Parlamenti bölgəmizdəki kövrək sülhə zərbə vuran, silahlı terrora dəstək verən qətnamə qəbul edirdi. Qlobal iqlim zirvəsi qarşısında İlham Əliyev bütün dövlətləri sülhə çağırır, əleyhimizə birləşənlər isə regionu müharibəyə sürükləyir. Çünki qazancları terror və savaşlardan çıxır.
Qətnamə 1987-ci ilin oktyabrın 21-də Ulu öndərin Kremldən uzaqlaşdırıldığı və 907-ci düzəlişin qəbul edildiyi tarixlə eyni gündə, məqsədi dəyişməyən müstəmləkəçilik planıdır.
Sənədin məqsədi Avropa Şurasından sonra, ölkəmizin Qərbdən tamamilə təcridi, iqtisadi sanksiyalarla çoxmilyardlıq gəlirlərdən məhrum olunması, ermənilərə guya vurduğumuz maddi, mədəni və digər ziyanı hesablayaraq, xaricdəki maliyyə aktivlərimizlə onların ödətdirilməsi, sülh müqaviləsində birtərəfli güzəştlərə vadar edilməsi, həbsdə olan separatçıların siyasi məhbus elan olunması üçün əməliyyat planıdır. Avropa Sülh Fondu tərəfindən-adına diqqət edin, görün, bir qitədə himayət etdiyi dövlətə silah verən Fond necə adlandırılır, Ermənistana göstərilən hərbi yardımların artırılması üçün İrəvana hücum edəcəyimizə dair saxta iddialarla və Zəfərimizə görə bizi Beynəlxalq Məhkəməyə çəkmək, Avropa Birliyinin, əslində isə NATO-nun sərhədlərimizdə yerləşdirdiyi casus missiyasını gerçək ordu qüvvələrilə əvəzləyərək, onların süngüsü altında ermənilərin Xankəndinə qaytarmağa çalışacaqlar. Qətnamə öz mahiyyətinə görə, Zori Balayanın Ocaq, Abeq Aqanbekyanın Humanite çağırışından daha mənfurdur.
38 çıxışçının hamısı eyni tezislərlə danışıb. 1989-cu ildə Qorbaçovdan Qarabağa müstəqillik istəyən sovet elitası ilə yanaşı, ataları separatizmə və işğala dəstək verən qərbli siyasətçilərin övladları da ənənələrinə sadiqdirlər.
Riyakarlığın zirvəsi isə milli simasını itirən 3 azərbaycanlının ölkəmiz adından dinləmələrdə iştirakıdır. Muzdlu informasiya terrorçuları Mirzəli və şəbəkələri avrodeputat Rafael Qluksman, Natali Luazo tərəfindən əsir alınıb. Görün, Avropa demokratiyasının yeni simaları kimlərdir. Onun X platformasını ermənilərin “Artsaxı tanı” səhifəsini yönəldənlər idarə edir.
Getdikcə Haaqa Tribunalına çevrilən Avroparlamentdə Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri ölkəmizə silah gücünə gətirmək istəyirlər. Qlobal İqlim Zirvəsini boykota çağıranlar da Qarabağın işğalını alqışlayan, 44 günlük müharibədə əleyhimizə olan qüvvələrdir. Norveçin baş naziri Yonas Störenin konfransda iştirakdan imtina edib. Bu yerdə xatırladaq ki, Norveç Neft Fondunun məcmu aktivləri 1.8 trilyon dollardır, ölkəmizin gəlirləri də hamıya bəllidir. “Birinci daşı aranızda ən günahsız olan atsın!” – deyən İsa Məsihin müdrik deyimini norveçli rəhbərə xatırlatmaqda fayda var.
Azərbaycan bütün tərəfdarları ilə bizi beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır. İstər ABŞ-da, istərsə də Avropa birliyində ölkəmizin çoxlu tərəfdarları var. Məsələn, Avropa Parlamentinin bütün 720 üzvünü şantajla iclasa dəvət etsələr də, 200-i tamamilə iclasa qatılmayıb, 89-u bitərəf qalıb, 31-i isə qətnamənin əleyhinə səs verib. Üst-üstə götürdükdə, 300-ə qədər deputat bizə qarşı aksiyada iştirak etməyib. Xarici siyasət idarəmiz və parlament diplomatiyamız məhz həmin deputatlarla işi gücləndirə bilər. Digər tərəfdən, Qərbdə hakimiyyətlərin güclü alternativləri var. Biz Macarıstan, Rumıniya, Bolqarıstan və digər iqtisadi tərəfdaşlarımızla Fransa və Almaniyanın ölkəmizə qarşı embarqo və sanksiya planlarının həmin dövlətlərə ziyan vuracağını onlara çatdırmalıyıq.
Azərbaycanın yeni Parlamentində “Xarici müdaxilə və hibrid təhdidlərə qarşı komissiya”nın yaradılması-bu mərhələnin başlanğıcı olub, xarici müdaxilələrə cavab verilməsi, əks-tədbirlərin həyata keçirilməsi yönündə böyük potensiala malikdir.
Tədqiqat mərkəzi olaraq, sanksiya siyasəti, sanksiya hüququ, lobbiçilik tədqiqatları sahəsində kadrların formalaşmasının gündəmdə durmasını da vurğulamaq istərdik.
Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.
Qələbəmizi cəzalandırmağa qalxanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar.
Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır-biz İrəvanı Qərbin əlindən almalıyıq. Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmalıyıq!"