"Çoxşaxəli islahat və yeniləşmə hərəkatı", görəsən, nə olan şeydir, İsa müəllim?!

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2022-ci ilin sonlarından Akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verildiyini deyib.
"Çoxşaxəli islahat və yeniləşmə hərəkatı", görəsən, nə olan şeydir, İsa müəllim?! Yəni demək istəyirsiniz ki, plagiatorları, işbazları, saxta dissertasiya şəbəkəsinin üzvlərini bir daha stimullaşdılrmayacaqsınız? Onlara xəbərdarlıq edəcəksiniz? Alim mundiri geyinmiş alverçilərə, maklerlərə, dövlətin elm qurumunda qaz vurub qazan dolduranlara "dur" deyəcəksiniz? Saxta əsərlərin çapına pul xərcləməyəcəksiniz? Həqiqi iş ortaya qoyan alimi burunlamayacaqsınız? Dostbazlıq prinsiplərindən vaz keçəcək və dövlət vəsaitini mənimsəyənlər barəsində ölçü götürəcəksiniz?"

Paralel.az xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.

 "Sayənizdə bunların heç biri baş vermədi axı, İsa müəllim! Məlik Məmməd nağılllarına gəlincə, o nağıllar uşaqların, bir də qocaların ideal əyləncə vasitəsidir. Bizim kimi halal yolla ailə dolandırmağa səy edənlərin isə belə nağıllara ehtiyacı yoxdur. Nağıl, gop, tərif, pafoslu sözlər, gözə kül üfürmələr akademik əyləncənin vacib komponentlərindəndir..
Bu sualların heç birinin cavabı yoxdursa, elm qurumunda hansı islahat və yeniləşmə ola bilər?! Gözə üfürülən külün həcm və kəmiyyətinin daha da artması bir başqa biabırçılıqdır. Gizlədilmiş faktlar araşdırılsa, hər şey üzə çıxacaq.
"Çoxşaxəli islahat və yeniləşmə hərəkatı" (bəh-bəh, nə gözəl səslənir e!) püskürmək heç nəyi həll etmir. Ona görə də akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur. Necə deyərlər, "köhnə hamam, köhnə tas".
Aa, bir "islahat"ı unutdum: R.Mehdiyev "direktor" sözünün böyrünə "Baş" sözü yazmışdı, İ.Həbibbəyli "islahat" aparmış və "Baş" sözünü ellipsisə uğratmışdır. Eynən akademik əyləncənin qurbanı olmuş orfoqrafiyanın başına açılan oyun kimi (metafor-metafora-metafor). Bu da sənə çoxşaxəli islahat və yeniləşmə hərəkatı! Nə günlərə qaldıq, ağlayanımız yox!.."

0.02671480178833