Mayk Tayson müasir dövrün ən yaxşı beş boksçusunun adlarını açıqladı
Keçmiş dünya çempionu Mayk Tayson (50-6, 44 KO) müasir dövrün ən yaxşı beş boksçusunu açıqlayıb, lakin siyahıya ağır çəkidən heç bir boksçunu daxil etməyib.
Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Dəmir Mayk”ın sözlərini "Pound 4 Pound with Kamaru & Henry" "YouTube" yayımlayıb.
"Hazırda mənə görə ən yaxşı beş boksçu kimlərdir? Buraya David Benavidesi, Terens Kroufordu, Errol Spensi, Şakur Stivensonu və Gervonta Devisi daxil edərdim”, –Tayson bildirib.
Qeyd edək ki, 15 noyabrda Tayson bloqer Ceyk Pol ilə döyüş keçirəcək. Son döyüşündə Pol keçmiş UFC döyüşçüsü Mayk Perri üzərində vaxtından əvvəl qələbə qazanıb (boksta 0-2). Döyüş kreyser çəkisi limitində (90,7 kq-dək) baş tutub.
Tayson peşəkar boks karyerasını 2005-ci ildə başa vurub. O, ümumilikdə 58 döyüş keçirib (50 qələbə və 6 məğlubiyyət, iki döyüş nəticəsiz başa çatıb). Noyabr 2020-ci ildə Mayk Roy Cons ilə nümayiş döyüşündə iştirak edib. Döyüş iki dəqiqəlik səkkiz raunddan ibarət olub və heç-heçə ilə yekunlaşıb.
Mayk WBC, WBA və IBF versiyaları üzrə çempionluq titullarını qazanmış tarixdəki ən gənc boksçu hesab olunur. O, eyni zamanda WBC, WBA və IBF kəmərlərini eyni anda əldə edən ilk ağır çəkili boksçudur.