Postneft dövrünün ayaq səsləri - CƏRİMƏ İQTİSADİYYATI
Postneft dövürünün ayaq səsləri – cərimə iqtisadiyyatı
Postneft dövrünün pul çatışmazlığı fiskal potensialı artırmaq məqsədilə fiksə edilmiş (sabit) gəlir mənbələrini deyil, təsadüf gəlir mənbələrini (lotoreyadan gəlir, cərimə və sanksiyalardan daxilolmalar və s.) gündəmə gətirib. Bununla bağlı Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edib. Məlumat üçün bildirim ki, cərimələrlin məbləğinin artırılması ilə bağlı sonuncu tədbir 2023-cü ilin iyul ayında olmuşdu. Demək hər il cərimələrin artırılmasına yenidən baxılır.
Azərbaycan parlamenti hüquqpozma hallarına görə elə yüksək cərimə məbləği təyin ediblər ki, ona inanmaq belə mümkün deyil. Yeni cərimə hədləri ilə tanış olaq; avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək, məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək, avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. Bununla yanaşı tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manatadək qaldırılıb. Və eyni hərəkəti bir il ərzində iki dəfə edən şəxs 700 manat cərimə ediləcək, yaxud barəsində 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.
Cərimələrin bu qədər yüksək məbləğdə müəyyən olunması haqlı olaraq çoxlu sayda suallar doğrur: Yeni cərimə hədləri ilə hüquqpozma hallarının minimuma endirməyi nəzərdə tutur? Cərimələrin məbləği ölkədəki orta aylıq əməkhaqqının məbləğinə nə dərəcədə adekvatdır? Bu cərimələrin yüksək həddi hüquqpozmanın azaldılmasına, yoxsa daha çox büdcəyə vəsait daxilolmasına hesablanıb?
Cərimələr – vətəndaşın cibinə girməyin mədəni üsulu
Müharibədən əvvəlki illərdə pullar daha çox ölkənin inftastrukturu üçün lazım idi. Maliyyə cərimələrinin müxtəlif üsulları “kəşf” edilmişdi. Avtomobilin təkərlərinin ölçü müxtəlifliyindən başlamış, ağlagəlməz digər detallı fərqlərə qədər hamısı cərimələrin əsas səbəbləri idi.
İndi isə işğaldan azad olmuş bölgələrimizdə infrastrukturun yaradılması üçün qanuni və ya qanunsuz formada maliyyə mənbəyi rolunda çıxış etməyə hesablanmış müxtəlif addımlara start verilib. Sanki əvvəlki şuar belə idi: “Qarabağ boyda dərdimiz var...” İndiki şuar isə belədir: “Hər şey Qarabağ üçün...”
Bu qədər yüksək məbləğdə maliyyə cərimələri müəyyən edən parlament üzvləri başa düşməlidir ki, bütün hallarda cərimələr hüquqpozmanın islah edilməsi üçündür. Cərimələrin insanları “sendviç” kimi əzmək və qazanc məqsədli olmalı deyil. Çünki cərimələr büdcəni doldurmaq aləti deyil, həm də büdcəni doldurmaqdır. Hökumət üçün cərimələri neftdən daxilolmaların azalması fonunda onu əvəz edən alternativ maliyyə qaynağı hesab edir. Bununla da cərimələr hesabına büdcəni doldurmaq kimi asan və ictimai narazılıq doğran yol tutduğu hiss olunur.
Cərimələrin ədalətsiz tərəfi ondan ibarətdir ki, cərimələrin maliyyə yükü ilə azgəlirli sosial təbəqələrin aldıqları əməkhaqqının məbləği arasında disbalans var. Ölkəmizdə hazırda minimum əməkhaqqının 345 manat və orta aylıq əməkhaqqının məbləği isə 997 manat olduğu halda 4000-5000 manatlıq cərimə məbləğinin müəyyən edilməsi hüquq məsələsi deyil, hüququn əksi olan istismarçılıq formasıdır. Bu zaman hüquqi nəticələr doğracaq halların azaldılmasından daha çox, cərimələr hesabına dövlət büdcəsinin doldurulması vasitəsi olduğu sezilir.
Paradoksal hal isə orasıdır ki, bu qədər yüksək cərimə və sanksiyalardan daxilolacaq vəsaitin həddi növbəti büdcə ili üçün öncədən proqnozlaşdırılır. Halbuki fiskal siyasətin əlifbasını bilənlərə aydındır ki, cərimələr proqnozlaşdırıla bilməz. Bu bir insanın ölüm gününü proqnozlaşdıırlmasına bənzəyir. Cənablar, sizlər öləcəyiniz və ya yıxılacağınız günü bilirsiniz?
Suala cavab təbii ki, dəqiqdir: Xeyr! Çünki bilsəm ki, hara yıxılacam, ora balış qoyaram. Demək mümkün deyil. Hökumətdə öncədən hesablaya bilməz ki, növbəti ildə neçə min və ya milyon insan kəmərsiz avtomobil idarə edəcək? Nə qədər insan avtomobilin pəncərəsindən bayıra zibil atacaq?
Cərimələr təsadüf gəlir mənbəyidir. Fiksə olunmuş gəlir qaynağı deyil. Cərimələrlə dövlət büdcəsini doldurmaq kursu seçiləndə hökumət bununla Norveç modelini yox, Dubay modelini seçdiyini ifadə etmiş olur. Ona görədir ki, Azərbaycanda növbəti ilin dövlət büdcəsinin gəlir mənbələri üzrə təsnifatlaşdırması aparılanda cərimələrin həddi orada açıq mətnlə qeyd olunur.
Bu cərimələrin fantastik məbləğinə baxanda bütün çılpaqlğı ilə görmək olur ki, məqsəd hüquqpozmaları mimimumlaşdırmaqdan daha çox büdcəyə daha çox əlavə maliyyə vəsaitlərinin daxilolmasını təmin etməkdir. Bu ölkədə avtomobil almaq avtomobil saxlamaqdan çətin olub. Çünki cərimələr hüquqpozmanı tənzimləmə alətindən çıxaraq dövlət büdcəsinin daxilolma maliyyə mənbəyi rolunu oynamağa başlayıb. Məqsəd təhlükəsizlik tədbirlərini önləmək, hüquqpozmaları minimumlaşdırmaq və hüquqa hörməti artırmaq üçün yox, dövlət büdcəsini cərimələr hesabına doldurmaq üçündür.
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az