Ərdoğan baltanı daşa vurur...

Ərdoğan baltanı daşa vurur...
 

40 ildir türk cəmiyyətinə Qərbin direktifi ilə sizdə kürd problemi var fikrini aşılayıblar. Əslində kürd məsələsi 100 il öncə İngilis və Fransız hökümətləri tərəfindən Osmanlının parçalatılması planının əsas parçası idi. Osmanlının Güneydoğu bölgəsində İngilis casus Edward William Charles Noel"in xatirə və Londona göndərdiyi raportlarında bunları açıq görmək olar. İndi isə yenidən Ərdoğan bu məsələni gündəmə gətirib və Baxçalı üzərindən edilməsidə olduqca maraqlıdır...

Türkiyənin yerləşdiyi coğrafiya çox çətindir. Şimalda qalibi olmayan bir müharibəyə çevrilmiş Ukrayna məsələsi, cənubda isə harada bitəcəyi bəlli olmayan Yaxın Şərq xaosu. Təbii ki, buna Türkiyənin yaşadığı sistemli problemləri, türk vətəndaşlarının yaşadığı iqtisadi böhranı, hüquq sistemindəki çöküşü, yeni doğulan körpələri qazanc mənbəyinə çevirməyə çalışan bandaları və s. əlavə etmək olar. Türk tipli başqanlıq adı altında Türkiyəyə tətbiq edilən səmərəsiz və işlək olmayan idarəetmə sisteminin nəticəsi göz qabağındadır. İndi bu sistemdən çıxışı müzakirə etmək əvəzinə, daxili siyasi arenada sistemi daha da çökdürmək potensialına malik yeni addımlar atılır...

Təbii ki, Baxçalının çıxışı təkcə içəridə baş verənlərlə bağlı deyil. Bu həm də 20 ildən artıqdır Türkiyənin xarici siyasətini idarə edən AK Partiya hökumətinin xarici məsələlərdə problemlərə ilişib qalması və yeni çıxış yolu axtarışları ilə sıx bağlıdır. Ayrıca çox izdihamlı və mürəkkəb olan Türkiyə ictimaiyyətinin diqqətini cəlb etməsə də, keçən həftə İraqda kürd məsələsi ilə yaxından əlaqəli bir hadisə yaşandı. Ölkənin şimalındakı Kürdüstan muxtar vilayətində seçkilər keçirildi və seçkilərin nəticələri Türkiyə üçün müsbət deyil. Türkiyənin PKK terror təşkilatı ilə əlaqəsinə görə sanksiya tətbiq etdiyi Təlabani Klanının nəzarətində olan Kürdüstan Vətənpərvərlər Birliyi bölgədəki nüfuzunu qoruyub saxlamağı bacarıb, hətta millət vəkillərinin sayını cüzi də olsa artırıb. Təbii ki, Təlabaninin partiyası olan Kürdüstan Vətənpərvərlər Birliyinin Türkiyənin addımlarına baxmayaraq siyasətdən itməməsini qismən də İranla əlaqələndirmək olar. Türkiyə və İran bölgədə birbaşa olmasa da, dolayı yolla qarşıdurmaya davam edir...

Əlavə edim ki, Ərdoğanın özünün təkidli çağırışlarına baxmayaraq, Əsəd Ankaraya hələ də yaşıl işıq yandırmır. Ayrıca Ankaranın Fəratın şərqindəki PYD-YPG quruluşuna Əsəd ilə birlikdə əməliyyat etmə planı da uğursuzluğa uğradı. Üstəlik, AK Partiya hökumətinin PYD-YPG-nin nəzarətində olan bölgələrdə mümkün əməliyyatına nəinki ABŞ, hətta Rusiya da qarşıdır. Görünür, Ankara İraqda aradan qaldırıla bilməyən və Suriyada strukturunu getdikcə gücləndirən PKK varlığının İsrailin Yaxın Şərqdə əsdirdiyi xaos küləyi çərçivəsində güclənərək ciddi düşmənə çevrilməsindən narahatdır. İsrail ABŞ-ın dəstəyi ilə Yaxın Şərqin xəritəsini dəyişdirərkən, Türkiyə höküməti təəssüf ki, yenə baltasını daşa vurmaqdadır...

Müəllif: Pərviz Əliyev 

Paralel.az 

0.081676006317139