BRİCS Sammitinə dair......
BRİCS SAMMİTİNƏ DAİR......
Kamran Sultanlı:
BRICS-in Kazan sammiti bütün dünyanın diqqət mərkəzində idi. Xüsusilə bu sammitin Rusiya üçün önəmli simvolik və siyasi əhəmiyyəti var idi. Rusiya bu sammit vasitəsilə dünyanın böyük qisminin onun yanında olduğunu və Rusiyanın təcrid olunmadığını göstərməyə çalışdı. Sammitə Hindistan və Çin liderlərinin qatılması, sammitdən öncə Pekin və Dehlinin sərhəddən hərbi olaraq çəkilmə və normal sərhəd nəzarəti haqqında anlaşması Rusiya acısından önəmlidir. Rusiya lideri Putin beynəlxalq ekspertlərin qeyd etdiyi kimi Hindistan və Çin arasında hazırda geosiyasi yapışqan rolunu oynayır. Yəni bu iki Asiya nəhəngi arasında mürəkkəb münasibətləri praqmatik şəkildə idarə etmək və onların münasibətlərini idarə olunan səviyyədə saxlamaqla ortaq maraqlar sahəsində üçtərəfli əməkdaşlıq platforması qurmaq Rusiya üçün faydalıdır. Xüsusilə Hindistan və Çin Rusiya ilə ticarəti hər keçən gün artırır. Ötən il Rusiya və Çin arasında ticarət dövriyyəsi 240.3 milyard dollar, Hindistanla isə 69.5 milyard dollar təşkil edib ki, buda Hindistanla münasibətlərdə bütün zamanların rekord göstəricisidir. Hindistan gündəlik 1.9 milyon barrel neft idxalı, 26.1 milyon ton kömür idxalı ilə Rusiya ilə ticarətdə önəmli qazanclar əldə edir. Hindistan Rusiya neft idxalına tətbiq olunan endirimlə ötən il 12.7 milyard dollara qənaət edib......
Çin də Rusiyadan bu il gündəlik 2.07 milyon barrel neft, 30 milyard kubmetrə yaxın qaz idxal edib. Ötən il Rusiya Çinə 55 milyon ton neft, 100 milyon ton gübrə, 40 milyard kubmetr qaz nəql edib. Bu il artıq neft ixracı 71.9 milyon tona çatıb. Sentyabr ayında Çin Rusiyaya 16.2 milyard dollar mal tədarük edib ki, bu da ay göstəricisinə görə ən yüksək rəqəmdir. Hindistan 100 milyon dollar texnoloji məhsulların ixracı ilə Rusiyanı texnoloji məhsullarla təmin edən ikinci əsas ölkəyə çevrilib. Bu baxımdan Dehli və Pekinlə münasibətlər müharibə vəziyyətində olan Kreml üçün həyatidir. Sammitdə NATO üzvü Türkiyənin liderinin qatılması və BMT-nin baş katibin qatılması Putin üçün önəmli siyasi nəticədir. Xüsusilə Ukraynanın dəvəti ilə İsveçrədə keçirilən sülh sammitinə qatılmayan BMT baş katibin Putinlə görüş üçün Kazana gəlməsi beynəlxalq instutların deqradasiyasından və yeni dünya nizamı uğrunda mübarizənin davamından xəbər verir......
Lakin BRİCS sammiti maliyyə və iqtisadiyyat sahəsində əvvəlcədən elan edildiyi kimi önəmli qərarların qəbulu ilə yadda qalmadı. Rusiya prezidenti Putin Euroclear və Clearstream kimi Qərb nəzarətində olan əsas depozitarlar və klering mərkəzlərinə alternativ yaradılmasını təklif etsə də, Çin və Hindistan hələlik buna isti yanaşmırlar. Anlaşılandır ki, bu ideya ən çox sanksiyalar altında olan Rusiya və İran üçün maraqlıdır. Lakin Qərblə geniş ticarəti olan Hindistan və Çin üçün o qədər də əlverişli deyil. Bundan əlavə Rusiya lideri təklif etdi ki, alternativ ödəniş sistemlərinin yaradılsın. Lakin Pekin və Dehli digər üzvlər buna isti yanaşmır. BRICS ölkələri öz aralarında hansı ödəniş üsulundan istifadə edəcəklər bu sual hələ də açıq qalır. Misal olaraq təkliflərdən biri milli valyutalardır, Rusiya artıq təşkilata üzv BƏƏ, Çin və Hindistanla milli pul vahidləri ilə ticarət edir. Lakin buna baxmayaraq BƏƏ ilə ticarətdə böyük dirhəm likvidliyi və Hindistan banklarında rupilər istifadə edilə bilmir ki, bu da ciddi problemlərə səbəb olur. Digər tərəfdən milli pul vahidlərinin ciddi likvidlik problemi var. Eyni problem rəqəmsal valyutaya da aiddir. Sonuncu əsas ödəniş vasitəsi kimi yuan nəzərdə tutulsa belə, əsas sual budur ki, Çin üzv dövlətləri yuanla təmin etməyə hazırdırmı? Hətta Rusiya ilə bu qədər yaxın münasibətlərə baxmayaraq Pekin Rusiya ilə ticarətdə Yuan təminatını azaldıb. Beynəlxalq banklar arası ödəniş sistemi olan SWIFT-də dollar öz statusunu daha da artırır......
Hazırda dolların istifadəsi 49%-ə çatıb, Çin Yuanın payı 1% artıb cəmi 5% təşkil edir. Müharibə ən çox zərbəni avroya vurub. Xüsusilə Avro istifadəsi 37%-dən 21%-ə qədər azalıb. Bütün bu məsələlər alternativ ödəniş sistemi ilə problem yaradır. Digər tərəfdən BRİCS-ə üzv ölkələrin çoxu əsasən ixrac edən yəni daha çox satan və daha az alan ölkələrdir. Belə olan zaman isə əldə yığılan artıq əmanətləri hansısa BRİCS üzvü ölkəsi istehlak etməlidir, lakin heç bir BRICS üzvü buna hazır deyil. Bu baxımdan dolların yaxın və orta perspektivdə hegemonluğu davam edəcək. Dolların statusuna təsir etmək üçün gərək sərmayə nəzarəti zəiflədilsin ki, Pekin hələlik buna hazır deyil. Digər tərəfdən BRICS-ə üzv ölkələrdən biri daha çox istehsal(profisit) əvəzinə daha çox istehlak etsin. Lakin buna baxmayaraq BRİCS Qərbin maliyyə sisteminə inamını itirən Qlobal cənub ölkələri üçün ümid olaraq qalır. Çünki Putin hesab edir ki, ABŞ sanksiyaları uzun vədədə Amerika maliyyə sisteminə olan inamı sarsıldır. Digər tərəfdən isə BRICS-in Yeni İnkişaf Bankı hazırda qlobal cənub ölkələri üçün yeni ümiddir. Doğrudur Dünya Bankının 75.6 milyard dollar yardımına qarşı, BRİCS-in Yeni İnkişaf Bankı cəmi 5.6 milyard yardım edir, lakin bu gələcəkdə arta bilər. Digər tərəfdən isə Putin BRICS-ə üzv ölkələrin öz taxıl birjasının yaratmağı təklif edib. Bu təklif biraz məntiqlidir təşkilat daxilində Rusiya əsas ixracatçı, Çin və Hindistan isə əsas idxalatçıdır, Putin buna görə də taxılın qiymətini üzv dövlətlərin müəyyən etməsini təklif edir. Bir sözlə taxıl ilə bağlı OPEK-un prototipini yaratmaq. BRICS ümumiyyətlə maliyyə və iqtisadiyyat sahəsində ciddi nəticələr əldə etməyib, buna baxmayaraq təşkilat iradə göstərir. Kazan sammiti isə hələlik Rusiya üçün ciddi simvolik və siyasi nəticə olaraq qalır. Lakin BRİCS-in gələcək strukturuna BRICS-ə üzv ölkələrin qərarlarından çox ABŞ iqtisadiyyatında dəyişməkdə olan struktural məsələlər daha çox təsir göstərə bilər......
Pərviz Əliyev:
Pekin BRİKS ölkələrinə formalaşmaqda olan çoxqütblü dünya sistemində mühüm oyunçular kimi baxır. Başqa sözlə, BRİKS Qərb mərkəzli beynəlxalq sistemə mühüm əlavədir və həmişə Qlobal Cənub ölkələrinin səslərini və maraqlarını əks etdirmir. Çin və ABŞ-ın rəhbərlik etdiyi Qərb arasında mövcud gərginlik şəraitində Çinin BRİKS və ASEAN-da qeyri-Qərb ölkələri ilə iqtisadi və strateji əməkdaşlığı genişləndirməyə çalışması təbiidir. BRİKS müasir beynəlxalq siyasi iqtisadiyyatda getdikcə daha güclü qüvvəyə çevrilir. BRİKS ölkələrinin ümumi ÜDM-i artıq G7 ölkələrini üstələyir. Alıcılıq qabiliyyəti paritetində dünya ÜDM-in 30%-nə qarşı 35%. BRİCS-in təsiri artdıqca, Qərb getdikcə daha çox diskomfort hiss edəcək, çünki Qərb ölkələri dünya siyasətinə sıfır məbləğli oyun kimi baxmağa öyrəşiblər. Halbuki, reallıqda BRİKS və G7 üzvlərinin mübahisəsinə ehtiyac yoxdur. Düşünürəm ki onlar Qlobal Cənubun inkişafı və qlobal maliyyə sabitliyinin qorunması da daxil olmaqla, dövrümüzün ümumi çağırışlarını həll etmək üçün birlikdə işləyə bilərlər......
Böyük ölçüdə Qərbin təzyiqləri və sanksiyaları Rusiya və Çini daha da yaxınlaşmağa sövq edib. Hər iki ölkənin prioritetləri öz dövlətlərində sabitliyi qorumaq və Qərbin düşmənçiliyinə baxmayaraq, dünya miqyasında böyük dövlət statusunu qorumaqdır. Hər yüksək səviyyəli görüşdən sonra Rusiya ilə Çin arasında siyasi, diplomatik və iqtisadi əməkdaşlığın hər iki tərəfin maraqlarına uyğun olduğu üçün möhkəmlənəcəyi gözlənilir. Rusiya ilə Ukrayna arasında münaqişəsi də uzanıb. Beynəlxalq ictimaiyyətin prioriteti münaqişəni dayandırmaq və diplomatik həll yolu tapmaqdır. BRICS-in iki üzvü Çin və Braziliya artıq bu yaxınlarda BMT-də münaqişəyə son qoymağa və sülh yolu ilə həll axtarışına çağıran sülh təşəbbüsü irəli sürdülər. Onları Cənubi Afrika, İndoneziya və Türkiyə də daxil olmaqla ondan çox başqa ölkə dəstəklədi. Lakin ABŞ və digər Qərb dövlətləri bu təşəbbüsü dəstəkləmədilər. NATO münaqişəyə yaxın gələcəkdə son qoymaq niyyətində olmadığını nümayiş etdirərək Ukraynaya silah tədarükünü davam etdirir. Təəssüf ki, aparıcı dövlətlər arasında dərin fikir ayrılıqları olduğundan bu münaqişənin tezliklə bitəcəyi ehtimalı azdır......
Çinin aqressiv güc kimi Qərb stereotipinə baxmayaraq, bu ölkə Yaxın Şərqdən Cənubi Çin dənizinə, Rusiya ilə Ukrayna arasındakı münaqişədən tutmuş Şimali Koreyanın nüvə probleminə qədər beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə dair çoxdankı siyasətə malikdir. Bu siyasət 1950-ci illərin əvvəllərində Çin və Hindistan tərəfindən hazırlanmış dinc birgəyaşayışın beş prinsipinə gedib çıxır. Çin üçün güc tətbiq etməkdənsə, danışıqlar yolu ilə qarşılıqlı məqbul həll yolu tapmaq həmişə üstünlük təşkil edir. Çin rəhbərliyinin həqiqi fikirlərindən asılı olmayaraq, Çin, ABŞ və digər böyük dövlətlərin sülhün ümumi məxrəcinə diqqət yetirməsi və münaqişəni tez bir zamanda dayandırması vacibdir. Bu prinsip digər münaqişələrə, xüsusən də İsrail və Qəzza arasındakı müharibəyə aiddir...
Müəllif: Pərviz Əliyev
Paralel.az