Törəsi, gələnəyi unudulmaq dəhşətli aqibətdir, Allah qorusun!
"Yüzbaşı on-on beş adamı divara hördürüb başlarına kəl qoşdurdu, dartıb bədənlərindən ayırtdırdı..."
Y. V. Çəminzəminlinin "Qan içində" ("İki od arasında") romanından. Quba xanı Fətəli xanın Şamaxıda ordusuna əsgər yığan zaman orduya qatılmaq istəməyən cavanlara ibrət olsun deyə, törətdiyi faciə. Həmin ordu isə Qarabağ Xanlığının ordusu ilə döyüşəcəkdi: qardaş-qardaşa qılınc çalacaqdı.
Bundan xəbər tutan digər xan - Qarabağ xanı İbrahim xan ordu topladı, insanlar əkin-biçindən əl götürüb ölüm səfərinə yol aldırlar.
Ardını isə qoy mən özüm deyim: İbrahim xan xəbər tutanda ki, Fətəli xan ordu toplayıb onun üstünə gəlir, qərara alır ki, Fətəli xanı sərhəddə qarşılasın. Və gürcü İraklidan kömək istəyir. İrakli oğlu Georginin sərkərdəliyində beş min adam göndərir ki, bunun da çoxu Qazax və Şəmsəddindən idi, yəni bizdən - canı, qanı bizdən idi. Onlar da İbrahim xanın qoşunu ilə birləşib Fətləi xanın qoşununu gözləyirlər.
Fətəli xan da rus çarından kömək istəyir. Çarlıq da Fətəli xana, adını səhv xatırlamıramsa (çoxdan oxumuşam deyə), Tarqi Şamxalın (Dağıstanın rəisi olmalıdır, məncə) başçılığı ilə 8 minlik ləzgidən ibarət ordu verir. Gürcü, bir də rus bizim xan olacaq rəhbərlərə ordu verirlər ki, qırın bir-birinizi. Zamanı gələndə mən özüm gəlib sizi bir-bir "dənləyəcəyəm". Elə də olur. Xanlıqlar bir-birləri ilə vuruşub zəifləyəndən sonra urus xanlıqlarımızı bir-bir işğal edir. Və bu işğal "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələri ilə başa çatır. Beləliklə, Azərbaycanın şimalı bütovlükdə urusun hakimiyyəti altına keçir. Taa 1918-ci ilin mayına qədər.
Hələ xanlıqlar tariximizdə bir əhvalat da var. Naxçıvan, İrəvan və Qarabağ xanlarının müttəfiq olub Şəki xanı Hacı Çələbinin üzərinə yürüş etmələri əhvalatı. Bu əhvalat lap utandırıcıdır...
Sonda həmin üç xan üçün düşmən olan Hacı Çələbi gürcü İraklinin üzərinə yürüş edib onu öldürməyə gələn üç xanı əsirlikdən azad edir... Burada naxçıvanlılar bilirsiniz necə deyirlər? "Ölün daa, ölün!"
Beləcə, əcdad...
İndi, bizi düz, dürüst sözlərimizə görə qınayanlar, mən, biz sizi qınamırıq, əcdadı belə olmuş adamları nə deyə qınayaq ki?! Elə deyil, dəyərli Idris müəllim!?
M. Arazın: "Mən-mən" deyən yerdə sən olmadın, Azərbaycan!" - nidasının olduğu şeiri pafosla qiraət edirsiniz ee. Bax o nidadakı "mən-mən" deyən"lər sizsiniz! Hamı: "mən-mən", "mənə nə", - deyir, amma...
Biz bu Vətənin dəyərini öyrənməkdən, öyrəndikcə sevməkdən, sevdikcə təbliğ edib sevdirməkdən başqa bir əmələ qol qoymadıq. Yeri gəldi, gələnəyimizi, tariximizi öyrədək, təbliğ edək deyə, onsuz da az olan öz şəxsi vəsaitimizdən sərf etdik. Etməyə də davam edirik. Yadımdadır, "İstedad" kurslarında saathesabı müəllim işləyirdim. Hər ay sonuna doğru maaş alanda Mərkəzin aylıq iş planındakı tədbirimizə həmin əməkhaqqıdan bir miqdar vəsait ayırırdım. Ki, bu filan tədbir üçün, bu filan çəkiliş üçün...
2020-ci ilin sentyabr ayında kəndimizdəki "Şaxbəzəmə", sonrakı aylarda isə Ordubad rayonuna xas olan "Şah plaov" adətlərinin çəkilişlərinə aid bütün sərfiyyatı mən öz üzərimə götürdüm. Ssenari və kameraarxası mətnini yazdım. Çəkilişə, montaja və qət ediləcək yola sərf ediləcək bütün maddi vəsaiti o zaman yenə saathesabı çalışdığım və Naxçıvan Müəllimlər İnstitutundan aldığım əməkhaqqının da üstünü düzəldərək öz üzərimə götürdüm. Məqsəd bu idi ki, unudulmaqda olan gələnəyimiz araşdırılsın, təbliğ edilsin, insanların mənəvi aləmini zənginləşdirən, insanlara mənəvi zövq verib onları əxlaqi dəyərlər baxımından tərbiyə edən adətlərimiz unudulmağa yol almasın. Bu işdə bircə qırıq nəfimiz oldusa, nə xoş bizə... Amma indi olmuşuq hər şeydən narazı adam... Gərçi, niyyətimiz insanı razı salmaq da deyil. Allah razı olsun, inşallah - qayəmiz də, niyyətimiz də, məqsədimiz də budur!
Törəsi, gələnəyi unudulmaq dəhşətli aqibətdir, Allah qorusun!!!
Müəllif: Səyyar Bayat
Paralel.az