Məəttəl qaldım - Osman Gündüz 

Məəttəl qaldım - Osman Gündüz 
 

Bəzən anlamaq çətin olur söz sahiblərinin çıxışlarını.
Bu gün Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada iştirak edirdim.

Xatrıladıram ki, sonuncu Qlobal İnnovasiya Hesabatında da innovasiya sektorunda Azərbaycanla bağlı vəziyyətin hədsiz pis olması vurğulanıb, 133 ölkə arasında Azərbaycan 95-ci yerdə qərarlaşıb. Sıralamada elə ölkələrlə yanaşı düşüb ki, heç danışılası belə deyil.

Bu baxımdan son zamanlar iştirak etdiyim innovasiya yönümlü tədbirlərdə məmurların, sahə üzrə söz sahiblərinin qlobal hesabata münasibəti mənim üçün çox maraq kəsb edir.

Bu tədbirdə də mədəniyyət nazirinin müavini Səadət xanım Yusifovanın çıxışı diqqətimi cəlb etdi. Çünki adı çəkilən innovasiya hesabatının bir bölməsi də bu qurumla bağlıdır.
Nazirin müavini elə çıxış etdi ki, sanki innovasiyalar sahəsində hər şey bu qurumda əlaymış.
Müsbət istiqamətdə olan bir neçə parametrləri də xatırlatmağı unutmadı.

Məəttəl qaldım.
Amma real vəziyyət necədir ?
Həmin qlobal innovasiya hesabatında bir bölmə, qeyd etdiyim kimi “Mədəniyyət və yaradıcılıq istiqaməti” ilə bağlıdır.
Azərbaycan bu istiqamət üzrə nəinki orta dünya göstəricisindən, hətta Azərbaycanın ümumi innovasiya göstəricisindən xeyli aşağıdır.
Təsəvvür edin ki, məhz İnnovasiyaların “Mədəniyyət və yaradıcılıq istiqaməti” üzrə Azərbaycan 133 ölkə arasında 112-ci yeri tutub. Bu istiqamət üzrə elə alt indekslər var ki, sıfır və sıfra yaxındır.

Hiss elədim ki, nazir müavinin çıxışı deyəsən, adı çəkilən hesabatdan yetərincə məlumatlı olan, bu sahədə əlaqələndirici şəxslərdən biri olan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran müəllimi də heç qane etmədi.

Yeri gəlmişkən, Mədəniyyət nazirliyi indi bütün istiqamətlər üzrə nəsə etməyə çalışır.
Ötən günlər Nazirliyin rəsmiləri RİNN-də "İnnovasiya və texnologiya" istiqaməti üzrə bu hesabatla bağlı keçirilən görüşdə də perspektivə yönəlik bir təqdimat etdilər.
Bildiyim qədər sabah da mədəniyyət sektorunda rəqəmsal transformasiya ilə əlaqəli bir təqdimat da nəzərdə tutublar.

Bu baxımdan düşünürəm ki, əslində adı çəkilən HESABATDAN VƏ REYTİNQDƏN YETƏRİNCƏ MƏLUMATLI OLAN olan şəxslərin toplaşdığı bir məclisdə bu formada reallığı əks etdirməyən münasibət sərgiləməkdənsə elə Nazirlikdə planlaşdırılan işləri sadalamaq daha doğru olardı.

Paralel.az 

0.020879030227661