Naşükür olmayaq

Naşükür olmayaq
 

Mən idmandan uzaq adamam. Amma hər bir azərbaycanlı kimi “Qarabağ” FK-nun nailiyyətlərini daim izləmiş, komandanın uğurları ilə fərəhlənmişəm. Çünki, futbolda son 30 ildə başqa ciddi uğurlarımız olmayıb. Klubun bu uğurlarında baş məşqçisi kimi Qurban Qurbanovun xüsusi xidmətlərinin olması danılmaz həqiqətdir.
Q. Qurbanovun futbolumuzun inkişafında, o cümlədən “Qarabağ” FK-da xidmətlərini ölkə Prezidenti də dəfələrlə qeyd etmişdi.
Azərbaycan futbol tarixində Qurban Qurbanov kimi parlaq karyerası olan ikinci bir futbol məşqçisi hələ olmayıb, yəqin ki, yaxın 10 illiklərdə də olmayacaq da. Futbol məşqçilərinin beynəlxalq reytinqlərində nəinki ölkə üzrə, hətta Türk dövlətləri və Qafqaz ölkələri üzrə ən yüksək reytinq də məhz Q. Qurbanova məxsusdur.
Q. Qurbanov 2008-ci ildən bu günə qədər "Qarabağ" FK baş məşqçisidir. Bu müddət ərzində "Qarabağ" FK 6 dəfə Azərbaycan Kubokunun, 11 dəfə Azərbaycan Çempionatının qalibi olmuşdur.
Q. Qurbanovun rəhbərliyi altında "Qarabağ" FK dəfələrlə UEFA Avropa Liqası qrup mərhələlərində uğurla iştirak etmiş, dəfələrlə parlaq qələbələr qazanmışdır.
Bu müddət ərzində Q. Qurbanova müxtəlif klublardan (ölkə klublarından və xarici klublardan) daha böyük məbləğdə qonorar vədi ilə dəvətlər gəlməsinə baxmayaraq, o, “Qarabağ” FK-dan getməmişdir.
Həmən ərəfədə Qarabağdan olan ziyalılar da Q. Qurbanova klubda qalmaq üçün müraciətlər etmişdilər. Bütün şirnikləndirici vədlərə baxmayaraq o klubda işini davam etdirdi.
Futbol kollektiv oyundur, klubun uğuru tək baş məşqçisidən asılı deyil, burada bir çox amillərin təsiri var. Bütün bu amillər təmin edildikdə, baş məşqçi və komanda yaxşı nəticə verə bilər, əks halda uğur qazanmaq mümkün deyil. Ola bilər ki, klubda nəsl dəyişikliyi gedir, bəzi oyunçular müxtəlif səbəblərdən klubu tərk edir, onların yerinə daha yaxşılarını tapmaq asan olmur.
Bu gün bəzi futbol fanatiklərinin sosial şəbəkələrdə Qurban müəllimin yüksək peşəkarlığını, vətənpərvərliyini, ölkə futbolu və klub qarşısında xidmətlərini unudaraq, ona qarşı xoş olmayan fikirlər yazmaq, ən azından qədirbilməzlikdir.
Komandanı təkcə stadionda oyun zamanı yox, klubun böhranlı vaxtlarında da dəstəkləmək, həvəsləndirmık, ruhlandırmaq lazımdır.
Əgər onu əvəzləyəcək başqa bir məşqçi namizədiniz varsa, bəlkə onu milli komandaya dəvət edəsiniz? 33 ildir ki, futbol üzrə milli komandaya dünyanın müxəlif ölkələrindən bahalı məşqçilər dəvət edilməsinə baxmayaraq, milli komanda biabrçı məğlubiyyətlər seriyasından xilas ola bilmir. Milli komanda öz 33 illik tarixində “Qarabağ” FK-nun nailiyyətlərinin cüzi hissəsinə də nail ola bilməyib.
Naşükürlük etmək yaxşı deyil.

İlham Əhmədov, dosent 

Paralel.az 

0.016941070556641