Korrupsiyaya qarşı , yoxsa korrupsiya uğrunda mübarizə?
Mənzil, pensiya, sosial müdafiə təminatında korrupsiya “xüsusatları” təsdiqini tapmır”
KQMBİ (rəsmisi) “qanunsuzluqda qanunsuzluq”, “cinayətdə cinayət” əlaməti görmür
Sosial- iqtisadi sahədə rüşvətxorluq, korrupsiya hallarına göz yumulması toplumu iqtidardan, hökumətdən narazı salan, etirazlara yol açan başlıca amillərdəndir. Düzdür, sözdə korrupsiyaya qarşı mübarizə dövlət hakimiyyətinin hər üç qolunda “aparılır”, amma işdə üzə çıxır ki, hər üç qol korrupsiya uğrunda mübarizədə birləşib. Anlamaq olmur, mübarizə korrupsiyaya qarşıdır, yoxsa korrupsiya uğrundadır?
Özəlliklə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin (KQMBİ) “xüsusatlar” axtarışı”na çıxması və onlarla illərdir “tapa bilməməsi” mübarizənin vətəndaşların “gözlərini pərdələməkdən” özgə bir şey olmadığını ortaya qoyur. Mübarizə imitasiyasını göstərən faktı Baş prokuror yanında KQMBİ-nin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov 04.10.2024 tarixli məktubunda məlumat üçün (?-M. B.) bildirib: “Sizə qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətinizə “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılmış və göstərdiyiniz xüsusatlar təsdiqini tapmamışdır.” Bu “mübarizə məktubundan” hüququ pozulan müraciət edən nəsə anlaya bilər? Bəs baş prokuror Kamran Əliyevin özü, yanındakı KQMBİ rəisi Nazim Rəcəbovun özü, cavab məktubunu elektron sənədlə imzalayan Kazım Həmzətovun özü necə? Hansı qanunsuzluqdan danışılır, hansı “xüsusatlar” “axtarılıb” və təsdiqini tapmayıb? Vətəndaşın “qaynar xətt” əlaqə mərkəzinə açıq, şəffaf müraciətinə üstüörtülü, pərdəli cavab verilirsə, “xüsusatlar” barədə izahatı belə alınmırsa, hansı şəffaflıqdan, hansı mübarizədən danışmaq olar? Onu da vurğulayaq ki, “ Vətəndaşların müraciətləri haqqında” qanunun 7.6-cı maddəsinə görə, elektron müraciətə elektron qaydada cavab verilməlidir, elektron sənədi poçtalyonluq edib verməklə yox!
Xatırlatmaq yerinə düşər ki, həmin Kazım Həmzətov 5 ay qabaq - 08.05.2024-cü il tarixli məktubla əlil və şəhid ailələrinə mənzillərin rüşvətlə verilməsində cinayət əlamətləri “tapılmadığını” bildirib. Görünür, şikayətin mahiyyətinin açıqlanması ƏƏSMN-in təpkisi ilə qarşılanıb, ona görə, vətəndaşın növbəti şikayətləri konkretlikdən ümumiliyə “transfer” olunub. Belə ümumi qanunsuzluqları törədənlərin isə “nə atası olur, nə də anası , yetim doğulur”. Kazım Həmzətova “ Vətəndaşların müraciətləri haqqında” qanunun 12.6 -cı maddəsinin birinci cümləsini xatırladırıq: “ Dövlət orqanının ( və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “ Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.” “ Prokurorluq haqqında” qanunun 20-ci maddəsi isə prokurorluqda ərizə, şikayət və digər müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin maddənin tələbinə görə, cinayət barədə ərizə və şikayətlərə təxirəsalınmadan baxılır.
“ Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun bircə 9.3.12-ci maddəsinin 161, 961 ( bu “qaynar xətt” artıq müraciətləri yarım saat növbədə gözlədib, yenidən zəng etməyi avtomatik bildirməklə qəbul etmir-M. B.) “qaynar xət”lərinin növbətçi prokurorlarının diqqətinə çatdırmaqda amacımız, şikayətlərin korrupsiyaya, prokurorluğa aid olmadığı “əsası” ilə qeydə alınmasından imtinaya son qoymağa çalışmaqdır. Həmin maddədə yazılıb ki, fiziki və ya hüquqi şəxslərə HÜQUQLARININ və QANUNİ MƏNAFELƏRİNİN həyata keçirilməsində SÜNİ MANEƏLƏR YARATMAQ korrupsiyaya şərait yaradan hal sayılır. Bəs baş prokurorluq, yanındakı KQMBİ nəyə görə əlillərin, qazilərin, şəhid ailələrinin, pensiyaçıların, ...vətəndaşların qanunla, Konstitusiya ilə doğrulanan hüquqlarına , mənafelərinə maneə yaradan, pensiyaları mənimsəyən, mənzilləri rüşvətlə bölən vəzifəli şəxslərin hərəkətində qanunsuzluq, hüquqpozma, cinayət tapmır? Aydındır ki, belə mübarizənin özü elə korrupsiyadan qaynaqlanır.
Yoxsa 1-ci dərəcəli Qarabağ əlili 10 nəfərdən çox ailə üzvü ilə birlikdə 12-ci ildir Nərimanov RİH-də mənzil nöbəsində ölümünü gözləsin, hələ üstəlik 9-cu ildir Bakı İnzibati Məhkəməsinin qərarı da borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəməyə rüşvəti ilə icraya belə yönəldilməsin, pensiyası mənimsəmə amacı ilə düz hesablanmasın, hələ üstəlik 7 il qabaqkı məhkəmə qərarı ilə əlavə olunan 110 manat özbaşına ləğv edilsin, hətta həyat yoldaşının da pensiyası qərəzlə, şikayət etdiyinə görə azaldılsın və ...161-ə, 961-ə son ilyarımda yüzə yaxın şikayətə bircə yol da baxılmasın, eləcə “xüsusatlar” təsdiqini tapmasın”? Kazım Həmzətov da üstüörtülü yazsın ki, “qanunsuzluqlarda qanunsuzluq”, “cinayətdə cinayət” əlamətləri müəyyən edilməyib, “xüsusatlar” təsdiqini tapmayıb ? Axı şikayət haçan araşdırılıb ki, təsdiqini də tapmasın ? Barəsində şikayət edilənlərin saxta cavabları ilə preventiv tədbirlər görmək , təhqiqat aparmaq hansı qanunda yazılıb? Yazılmayan ölkədaxili mafiya , oğru qanununda?
Məğrur Bədəlsoy