Müstəqilliyimiz tamdır, əbədidir 

Müstəqilliyimiz tamdır, əbədidir 
 

Azərbaycanımızın son yüz illik tarixində acılı şirinli-xeyli təqvim günləri var. Təəssüf ki, 4 il əvvələ qədər bu təqvimlər arasında kədərli olanları çoxluq təşkil edirdi. Şükürlər olsun ki, artıq sevincli günlərimizin sayı xeyli artıb. Mahiyyətinə görə bu günlərin hər biri tarixi əhəmiyyət daşıyır. Məsələn, "Zəfər Günü", 30 il yağı tapdağında inildəmiş bölgələrimiz, küllü Qarabağın düşməndən azad edildiyi günlər, 200 il Azərbaycanın ürəyində qara yaraya çevrilmiş erməni separatizmin mərkəzi sayılan Xankəndinin azad olunaraq Azərbaycanın yurisdiksiyasına qaytarılması, mədəniyyət incimiz Şuşanın işğaldan qurtulması və. s.
Heç şübhəsiz belə əlamətdar günlərdən biri də o vaxtkı parlament tərəfindən 18 oktyabr 1991-ci ildə qəbul olunmuş "Müstəqillik haqqında Konstitusiya Aktı"dır. Bu tarixi günün tarixi əhəmiyyətini daha dərindən anlamaq üçün Ulu Öndər Heydər Əliyevin fikirlərinə diqqət yetirək. 1998-ci ildə təkrar ölkə prezidenti seçilən H. Əliyevin andiçmə mərasimi məhz 18 oktyabra təsadüf etmişdi. Ümummilli Lider öz çıxışında deyirdi: " Hörmətli, xanımlar və cənablar, dostlar, bu gün Azərbaycan xalqının tarixində əlamətdar bir gündür. Azərbaycanda dövlət müstəqilliyinin elan edilməsinin yeddinci ildönümüdür və oktyabr ayının 11-də keçirilmiş prezident seçkisində xalq tərəfindən seçilmiş Azərbaycan prezidentinin andiçmə günüdür. Bu iki əlamətdar hadisənin bir günə düşməsi Allahın işidir. Ancaq hesab edirəm ki, bu heç də təsadüfü bir hal deyildi... O sadəcə öz müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi və dünyaya bəyan etdi ki, müstəqil yaşamaq istəyir. Bu öz-özlüyündə böyük tarixi hadisədir. Ancaq bəyan etməklə müstəqil yaşamaq arasında çox çətin bir yol olmuşdur. Azərbaycan xalqı itkilər verməsinə, zərbələr almasına, daxildə çox mürəkkəb proseslər getməsinə baxmayaraq bu çətin, ağır yolu uğurla keçmişdir".
Yaxın, uzaq ölkələrin rəhbərlərinin də iştirak etdiyi tədbirdə Ulu Öndər çıxışının sonunda tədbir iştirakçılar xitabən deyir: "Azərbaycan xalqına minnətdarlıq hissi ilə xalqımızın şərəfinə badə qaldırmağınızı rica edirəm!"
Bəli, həmişəki kimi böyük şəxsiyyət keçilən yolun ağır və çətin olduğunu deyərkən haqlı idi. Çünki hələ heç o illərdə də Azərbaycanın müstəqilliyi tam deyildi, bütövləşməmişdi. Ölkə ərazisinin 20 faizi düşmən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək faktiki Azərbaycanın nəzarətindən çıxarılmışdı,müstəqilliyimiz yarımçıq idi. Bu yarımçığı bütövləşdirmək missiyasını da məhz Ulu Öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. Bir il əvvəl Xankəndinə sancılan üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini de-fakto da təmin etmiş oldu. Başqa sözlə, biz yalnız indi qürur və sevinc hissi ilə "Müstəqillik Günü"n təmtəraqla, qürurla qeyd edə, şənlənə bilərik. Bu əlamətdar tarixi gün ərəfəsində Azərbaycanımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğurunda canını fəda etmiş mülki və hərbiçi soydaşlarımızı sayğıyla yad edir, onlara Allahdan rəhmət, yaralı qazilərimizə şəfa, başda Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuzun şəxsi heyətinə cansağlığı diləyirik! Nahaq deməyiblər ki, "Ordum varsa, yurdum var". Bugün ölkəmizin suverenliyini istənilən xarici təhlükədən qorumağa hazır və qadir ordumuz var və biz bu qalib orduyla fəxr edirik!
Ürək açıqlığı ilə onu da qeyd etmək istəyirəm ki, digər icra strukturları kimi respublikanın Ədliyyə Nazirliyinin kollektivi də tarixi bayramı işindəki çoxsaylı nailiyyətlərlə, uğurlarla alnı açıq qarşılayır. Hörmətli nazirimiz Fərid Əhmədovun ədliyyə sistemində illər öncə başlamış köklü islahatları daha dərinləşdirmək istəyi sayəsində əminliklə deyə bilərik ki, bugün Nazirliyimizin ayrı-ayrı strukturları vətəndaşlara göstərdiyi keyfiyyətli xidmət sahəsində cəmiyyətin inam və etimadın qazana bilmişik. Bizim üçün əsas vəzifə və şüar açıqlıq, şəffaflıq və vətəndaş məmunluğuna nail olmaqdır ki, məncə biz bunu bacarırıq. Demək, bayrama əliboş getmirik. Əminliklə deyə bilərik ki, Nazirliyimiz bundan sonra da cənab və qalib prezidentin tapşırıq və göstərişlərini vaxtında və dəqiq icra edəcək savadlı kadrlara və iradəyə malikdir!
"Müstəqillik Günu" münasibətiylə xalqımızı təbrik edirik!

Malik Mahmudov,
Ədliyyə Nazirliyi Beyləqan rayon Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri.

0.03770112991333