Şübhəsiz ki, yoxsulluq genetik deyil...
Şübhəsiz ki, yoxsulluq genetik deyil.
Həyatının hansısa mərhələsində kasıb ailənin övladının zəngin, zəngin ailənin övladının yoxsul olması mümkündür.
Lakin dünyanın fərqli ölkələrində davamlı olaraq aparılan araşdırmalar göstərir ki, sosial problemlərin, əlverişsiz həyat şərlərinin nəsillərarası ötürücülük əmsalı kifayət qədər yüksəkdir.
O səbəbdən hökumətlər yoxsulluqla mübarizə, bu sahədə dərin elmi araşdırmaları dəstəkləmək üçün ev təsərrüfatlarının müayinəsinə bu istiqamətdə də araşdırmalar əlavə edir.
Türkiyə statistika qurumunun bugünlərdə həmin mövzuda yaydığı hesabatın maraqlı nəticələri var. Araşdırma hazırda 25-29 yaş qrupunda olan gənclər arasında keçirilib və onlara 14 yaşında olarkən maddi durmlarının necə olması ilə bağlı suallar ünvanlanıb.
Təqdiqatın nəticələrinə görə, 14 yaşında olarkən valideynlərinin varlı olduqlarını düşünən gənclərin 41%-i hazırda ən zəngin, 8,5%-i isə ən yoxsul 20%-lik əhali qrupunda yer alırlar. Göründüyü kimi, zəngin ailələrin yoxsullaşma faizi çox aşağı olub.
"14 yaşımda ailəmin maddi vəziyyəti çox pis idi" deyən 25-29 yaşlı gənclərin 15%-i hazırda ən zəngin 20%-lik, 24,5%-i isə ən yoxsul 20%-lik gəlir qrupunda yer alıb. Bu nümunədə isə yoxsul ailələrin zəngin qruplara keçid səviyyəsi çox aşağı olub.
14 yaşındaykən öz evi olanların 58%-i yenə də mənzilə sahibi, 26%-i kirayə evlərdə yaşayır. Eyni yaşda kirayədə qaldığını deyənlərin isə cəmi 40%-i mənzil sahibi olmaq imkanı qazanmış, yerdə qalanları nəsibi hələ də kirayə evlərdir.
14 yaşında ildə 1 dəfə də olsa tətilə (istirahətə) gedə bilməyənlərin 70%-i yenə də gedə bilmir.
Bu nəticələr göstərir ki, yoxsulluq qismət deyil. Amma nəsildən nəsilə ötürücülük əmsalı yüksək olan bir fenomendir.
Əslində bizdə də yoxsulluqla mübarizə, onun gerçək səbəblərinin bilinməsi baxımından belə araşdırmalara çox ciddi ehtiyac var. Lakin bizdə statistika ultra səviyyədə siyasiləşib və hökumətin yanaşması budur ki, statistika müstəqil və elmi araşdırma institutları üçün yox, yalnız onun siyasi məqsədləri üçün mövcuddur. Statistik hesabatlar, göstəriclər və araşdırmalar yalnız onun zövq və istəyinə uyğun olmalıır.
Əgər hökumət deyirsə ki, bizdə yoxsul və yoxsulluq yoxdur, statistika da bunu sübut eləməyə mükəlləfdir.
Rövşən Ağayev, İqtisadçı - ekspert
Paralel.az