Elektrik mühərriki ilə işləyən avtomobillər 3 il müddətinə ƏDV-dən azaddır
Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətinin 3 ildən 5 ilə kimi artılmasını birinci oxunuşda təsdiqləyib. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin dünənki plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.
Qeyd edək ki, hazırki qanunverciliyə görə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Layihə səsverməyə qoyularaq qəbul edilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, bu kimi güzəştlər elektromobillərin alışına olduqca müsbət təsir göstərir:
“Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, son illər elektrik avtomobillərə tətbiq olunan xüsusi güzəştlər mövcuddur. İstər 2023, istərsə də 2024-cü ildə analoji mövzu ilə bağlı qanunlar qəbul edildi. Yeni qaydalar həm hibrid, həm də elektromobillər üçün nəzərdə tutulub. Bu isə sözügedən avtomobillərin satış tempini artırdı. Hətta 2022-2023-ci illərin statistikasına baxsaq, fərqin nə qədər çox olduğunu açıq-aydın görə bilərik. Sözügedən 2 il ərzində tətbiq olunan yeni güzəştlərdən sonra təqribən 8 dəfəyədək fərq meydana gəldi. 2024-cü ildə də satış statistikalarının ötən ildən daha çox olacağına ümid edirik”.
Eyyub Əliyev elektormobillərin kütləvi alışının ölkənin avtomobil parkının yenilənməsinə də müsbət töfhə verdiyini diqqətə çatdırıb:
“Əlbəttə, belə halların dövlət tərəfindən stimullaşdırılması, elektrik avtomobillərinin, ümumiyyətlə ekoloji təmiz nəqliyyat vasitələrinin sayının ölkəmizdə daha da artmasına səbəb olur. Onu da qeyd edim ki, bu eyni zamanda ölkəmizin atvomobil parkının yenilənməsinə təkan verir. Bu kimi yeniliklər yeni avtomobil almaq istəyənlərə bir növ stimul olur. Ümid edirəm ki, bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək. Bu gün əminliklə demək olar ki, elektrik avtomobillərlə bağlı mümkün olan bütün güzəştlər tətbiq olunub”.
Nazim Hacıyev