Reytinqdə Azərbaycanla yanaşı olan hansı ölkələrdi?
Özləri yığılıb, özləri danışıblar və dağılışıblar
Ötən həftə “Qlobal İnnovasiya İndeksi 2024” Hesabatı açıqlanıb. Hesabata görə Azərbaycan xeyli geriləyib və 133 ölkənin daxil olduğu reytinqdə 95-ci yeri tutub.
Bununla bağlı bir neçə gün öncəki paylaşımımda bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələrin keçirilməsinin vacibliyini qeyd etmişdim. Hesabatdakı acınacaqlı vəziyyət ən azı 10-dan çox dövlət qurumunun fəaliyyəti və fəaliyyətsizliyi ilə əlaqəlidir.
Baxıram ki, bir neçə gün öncə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın RİNN-in rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun toplantısını keçiriblər. Ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd ediblər.
Məəttəl qalıram.
Nüfuzlu bir qlobal Hesabatda Azərbaycan geriləyib. Reytinqdə Azərbaycanla yanaşı dayanan ölkələrin adlarına baxdıqda bilmirsən ki nə deyəsən.
Amma yuxarıda adı çəkilən qurumalr, sakitcə, heç kimə bildirmədən, maraqlı tərəfləri cəlb etmədən, ciddi bir müzakirələr açmadan yarımqapalı formada toplaşıb, bir az danışıb dağılışıblar.
Çox təəssüf edirəm.
Belə olmaz, cənablar.
Belə münasibət sərgiləmək doğru deyil.
Qeyd olunan qlobal hesabatda çoxsaylı indikatorlar üzrə Azərbaycanın nəticələrinin çox bərbad gündə olduğu qeyd edilib.
Ehtiyac vardı ki, bu indikatorların aidiyyatı olduğu dövlət qurumunun əsas məsul şəxslərinin iştirakı ilə müzakirələr keçirilsin.
Məsul şəxslərdən hesabatlar tələb edilsin.
Ümumiyyətlə, düşünürəm ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada vətəndaş cəmiyyəti və biznesin xüsusi çəkisini artırmaq lazımdır. Qurumun toplantıları sosial mediada canlı olaraq yayımlanmalıdır.
Yoxsa, cavabdeh qurumlardan adi bir əməkdaşları Komissiyada toplayıb, danışıb dağılışmaqla biz nöqsanları və çatışmazlıqları aradan qaldırıb irəli gedə bilməyəcəyik.
P.s. İnnovasiya üzrə qlobal Reytinq siyahısından bir hissəni də əlavə etdim ki, aidiyyatı üzrə sektorda qərar qəbul edənlərimiz fərqində olsunlar ki haradayıq, yanımızdakı kimlərdi.
Osman Gündüz "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti.
Paralel.az