Yüzlərlə hərbi əsiri, dinc sakini öldürən, sonda özü də güllələnən Mixail Bukin- DƏHŞƏTLİ FAKTLAR
Ən yeni tarix. Maraqlı faktlar.
Yüzlərlə hərbi əsiri, dinc sakini öldürən, sonda özü də güllələnən Mixail Bukin- DƏHŞƏTLİ FAKTLAR.
Müharibə illərində onun haqqında Dövlət Müdafiə Komitəsinə və “NKVD”-yə dəfələrlə arayışlar göndərilib. Həmin arayışlarda Mixail Bukinin Moskvadan 365 kilometr aralıda yerləşən Oryol ərazisində sovet hərbi hissələrinin və partizan dəstələrinin keçirdiyi əməliyyatlara əngəl törətməsi göstərilib. Bununla yanaşı Bukinin almanlar tərəfindən işğal olunan şəhərdə gestapoya işləməsi, yüzlərlə hərbi əsiri və dinc sakini şəxsən öldürməsi də qeyd edilib.
Bu arayışlara İosif Stalin şəxsən reaksiya verib və onun “NKVD”-yə Bukinin məhv edilməsi ilə bağlı göstərişi də olub. Amma Bukini nəinki müharibə illərində, müharibədən sonra da 12 il ələ keçirmək mümkün olmayıb...
Mixail Bukin 1897-ci ildə Oryol şəhərində anadan olub. Ali təhsilini Kiyev Kommersiya İnstitutunda alıb. İnstitutu bitirdiyi vaxtdan 1941-ci ilə qədər Bukin müxtəlif idarələrdə kassir, mühasib, anbardar, texniki təchizat şöbəsinin müdiri kimi vəzifələrdə işləyib.
Müharibəyə qədər Bukin iki dəfə həbs olunub. Birinci dəfə onu 1932-ci ildə qanunsuz valyuta dövriyyəsinə görə həbs ediblər. Buna görə o, 3 ay həbs cəzası alıb. İkinci dəfə Bukin saxta maliyyə sənədlərinə görə 1941-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb edilib və iki il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bukin cəzasını Qomeldə çəkib. Müharibə başlananda almanların Qomeli işğalı zamanı şəhər rəhbərliyi həbsxanalardan məhbusları buraxıblar. Bukin də türmədən çıxaraq yenidən Oryola qayıdıb.
Oryolda Bukinin vəziyyəti, yaşayışı heç də yaxşı olmayıb. Xüsusilə almanlar şəhəri işğal etdikdən sonra vəziyyət daha da ağırlaşıb. Ancaq adi bir təsadüf onun həyatını tamamilə dəyişib.
Bukin ailəsi ilə birlikdə kommunal mənzildə yaşayıb. 1941-ci ilin dekabr günlərinin birində o, hansısa kiçik bir məişət məsələsi ilə bağlı qonşusu, 48 yaşlı Olqa Styopinanın otağına keçib. İçəri daxil olanda otaqda iki alman zabiti olub. Olqa almanların şəhərdə yaratdığı komendaturada tərcüməçi kimi işləyib və alman zabitləri ilə “yaxşı” münasibətlər yaradıb. Bukin Olqa vasitəsi ilə alman zabitləri ilə tanış olub ki, bu tanışlıqdan sonra ona gestapoda iş təklif edilib.
Bukin əvvəlcə gestapoda gizli işləyib. O, bütün günü şəhərdə, şəhər ətrafında gəzib-dolaşıb, partizanlarla əlaqələr yaratmağa nail olub, hətta bəzi hərbi məsələlər haqqında da informasiyalar toplaya bilib. Bütün bunları da almanlara ötürüb. Bütün bunların müqabilində almanlar onun hər ehtiyacını ödəyiblər.
Bukin Oryolda öz şəbəkəsini yaradıb və bu şəbəkəni elə bir sürətlə yaradıb ki, 3-4 aydan sonra 500-ə yaxın almanlara satılmaq istəyən Oryol sakini ona işləyib. Bu şəbəkənin üzvləri hər yerdə olublar, partizan dəstələrində, poçt xidmətində, çörək zavodunda, nəqliyyat qovşaqlarında və s. Məhz onların vasitəsi ilə Bukin bütün hadisələrdən xəbərdar olub, hazırlanan əməliyyatlar haqqında məlumat ona hamıdan qabaq çatıb. Artıq gestapoda ştatlı işçi olan Bukin almanlar arasında göstərdiyi xidmətlərə görə böyük nüfuz qazanıb.
Zirzəmilərdə hərbi əsirlərin güllələlənməsində Bukin böyük “həvəslə” iştirak edib. Bəzən o, bir gündə 40-50 əsir güllələyib.
O, eyni zamanda şəhərətrafı qəsəbələrdə, kəndlərdə almanların keçirdiyi reydlərdə də iştirak edib. Narazı olan dinc sakinləri güllələməkdən, yandırmaqdan, dar ağacından asmaqdan çəkinməyib.
Bukinin bu fəaliyyəti yuxarılarda ciddi narahatlıq yaradıb. “NKVD” rəhbərliyi onun məhv edilməsi üçün xüsusi qrup yaradaraq işğal altında olan Oryola göndərib.
Bukin üzləşəcəyi təhlükəni, alacağı cəzanın nə dərəcədə ağır olacağını anlayaraq Oryolu tərk etmək qərarına gəlib. O, bu məqsədlə şəhərdəki alman komendaturasının rəhbərliyinə müraciət edərək yerinin dəyişdirilməsini xahiş edib. Onun müraciətinə müsbət baxılıb. Amma iş elə gətirib ki, komendatura özü Oryoldan çıxmağa məcbur olub. Belə ki, şəhər sovet qoşunları tərəfindən işğaldan azad olunduqdan sonra alman komendaturasının şəxsi heyəti xidmətini Kaunasda əsir düşərgəsində davam etdirib. Elə Bukin də onlarla birlikdə Kaunasa gedib və düşərgədə komendant müavini vəzifəsində çalışıb. Bukin bu düşərgədə də ən qəddar əməkdaş kimi tanınıb.
1944-сü ilin iyul ayında Bukinin başının üstünü yenidən qara buludlar alıb. 3-cü Belarusiya Cəbhəsi Kaunası işğaldan azad edən ərəfədə Bukin düşərgənin nizami hissəsində sənədlərdə dəyişiklik edib, özünü düşərgənin əməkdaşı yox, əsir kimi qeydiyyata salıb. Düşərgə sovet qoşunlarının nəzarətinə keçdikdən sonra Bukin də əsir kimi azad olunaraq sərbəst buraxılıb.
Sözsüz ki, Bukin Oryola qayıda bilməyib. Çünki bu şəhərin sakinləri onu yaxşı tanıyıblar və fəaliyyətinə yaxşı bələd olublar. O, tələbəlik illərindən yaxşı bələd olduğu Ukraynaya üz tutub, Dnepropetrovsk şəhərində məskunlaşıb. Adını və soyadını dəyişmək haqqında isə düşünməyib. Elə aldığı təzə pasportda da öz ad və soyadı yazılıb. O, şəhər yataqxanalarının birində mühafizəçi işinə düzəlib və ətrafındakılarda özü haqqında müsbət rəy yaradıb.
Bukinin ağlına da gəlməyib ki, onu adı hələ müharibə illərindən “NKVD”-nin axtarış siyahısında qalıb. Dneproretrovskda işləyən zaman xüsusi xidmət orqanları onu Qomeldə, Oryolda axtarıblar. Nəhayət, 12 illik axtarışlar öz nəticəsini verib. 17 aprel 1957-ci ildə DTK əməkdaşları onun yataqxanada həbs ediblər. Bukin onlara heç bir müqavimət göstərməyib, özünü doğrultmağa çalışmayıb. “Mən sizi çoxdan gözləyirdim”,- deyə təslim olub.
Bukinin məhkəməsində 78 nəfər şahid onun əleyhinə ifadə verib. Məhkəmə Bukin haqqında ən ağır hökm, güllələnmə hökmü çıxarıb.
İlham Cəmiloğlu.
Paralel.az