DİM imtahan iştirakçılarına limit qoyub? – Qiymətləndirici olmaq istəyənlər narazılıq edir
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 11-dən 7 oktyabra qədər qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarında iştirak etmək istəyənlərin qeydiyyatını aparır. Bu gün son gündür, imtahanlar isə bu il oktyabrın 27-də keçiriləcək.
Xatırladaq ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən, Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə bağlı 9 istiqamət üzrə imtahanlar keçirir:
1. Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;
2. Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;
3. Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;
4. Müəssisələrin qiymətləndirilməsi;
5. Qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;
6. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;
7. Təbii sərvətlərin qiymətləndirilməsi;
8. Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;
9. Xidmətlərin qiymətləndirilməsi.
Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır.
Ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.
İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və saytda yer almış bölmə vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeyd olunur ki, ixtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.
“AzPolitika”-ya müraciət edən vətəndaşlar isə bildiriblər ki, “dim.gov.az” saytında yerləşdirilən tələbləri yerinə yetirsələr də, imtahanda iştirak etmək hüququ əldə edə bilməyiblər. Buna səbəb isə “seçilmiş imtahan üzrə boş yerin olmadığı” barədə DİM-in xəbərdarlığıdır.
İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və saytda yer almış bölmə vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeyd olunur ki, ixtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.
Məlum olur ki, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarında iştirakda say məhdudiyyəti qoyulub. Əgər nəzərdə tutulmuş 100 nəfər iştirakçı artıq qeydiyyatdan keçibsə, əlavə müraciətlər qeydə alınmır. Amma say məhdudiyyətinin olması barədə qanunvericilikdə və DİM-in saytında hər hansı məlumat və ya xəbərdarlıq yoxdur və ümumiyyətlə belə bir həddin müəyyən olunması absurddur və vətəndaşların hüquqlarının pozulmasıdır. Xatırladaq ki, DİM-in təşkil etdiyi imtahan və müsabiqələrdə iştirakçılara say məhduiyyəti qoyulmur. Qeydiyyat müddəti ayın tarixi və saatla müəyyən edilir, iştirakçı sayından asılı olmayaraq, yalnız təyin olunan vaxt limiti dolduqdan sonra müraciətlər dayandırılır.
Maraqlıdır, qiymətləndirmə fəaliyyəti ilə məşğul olanlara qarşı bu məhdudiyyət nə ilə bağlıdır? Ümumiyyətlə vətəndaşlar arasında ayrı-seçkilik yaradan bu tələb nə dərəcədə qanuni və ədalətlidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirib ki, imtahanlarda iştirakla bağlı hər hansı limit qoyulmayıb: “Sadəcə müracət edənlər az idi, amma son günlər onların sayı artıb. Sistem özü limit müəyyənləşdirir, amma hal-hazrda aradan qaldırılıb və 153 nəfər müraciət edə bilər. Əgər bundan daha artıq müraciətlər olacaqsa, bu limit də aradan qaldırılacaq. Bu, sırf texniki məsələdir, limit qoyulması ilə bağlı hər hansı qurumun qərarı yoxdur. Kim problemlə üzləşirsə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə və Dövlət İmtahan Mərkəzinə müraciət edə bilər, biz onlara yardımçı olacağıq”
V.Oruc qeyd edib ki, qanunvericilikdə sayla bağlı məhdudiyyət yoxdur, 1000 nəfər olsa belə, imtahanlarda iştirak etmək üçün müraciət edə bilər. “Hal-hazırda sistemdə 113 nəfər qeydiyyatdadır, 150-dən çox yer var, əgər gün ərzində o da dolacaqsa, yenidən texniki limit ayrılacaq. Bu sırf proqramla bağlı məsələdir, başqa hər hansı məhdudiyyət yoxdur”, - o bildirib.
DİM-in İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, sözügedən imtahanlarla bağlı qurum tərəfindən hər hansı limit qoyulmur: “Əslində elektron imtahanlarda proqram tələbata görə əvvəl 100 nəfər, daha sonra müraciətlərin sayına görə 200 və daha çox limit qoyur. Taksi sürücülərinin imtahanında da eyni hal yaşanmışdı, iki şöbədən sonra üçüncü şöbəni də açdılar. Hazırda qiymətləndirici olmaq istəyənlərlə bağlı müraciətlər üçün say artırılıb. Hər hansı problem yoxdur”.
Qiymətləndiriclər Cəmiyyəti İdarə Heyəti sədrinin müavini Ramil Osmanlı da “AzPolitika”-ya açıqlamasında belə bir problemin olduğunu təsdiqləyib: “Belə bir texniki problem vardı. DİM-ə müraciətlərimizdən sonra aradan qaldırılıb. Bu gün son gündür, iş gününün sonunda vəziyyəti daha dəqiq öyrənə biləcəyik”, - o vurğulayıb.
Rasim Əliyev