DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA.” - Səxavət Əlisoy

“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA.” - Səxavət Əlisoy
 

“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA.”
         Kitabdan hissələr- 4

Qorbaçov mərhələsi- Mixail Qorbaçov Yuri Andropovun yerinə keçməliydi. Cümlə sovet vətəndaşları bunu gözləyirdi. Ancaq Konstantin Çernenko buna əngəl oldu. K. Çernenkonun ilk çıxışını televizordan izləyənlər onun hakimiyyətinin çox davam etməyəcəyini deyirdi. K. Çernenkonun SSRİ çapında bir dövlətin başına keçməsi həm ölkə daxilində, həm də xaricdə ironiya ilə qarşılandı. 3 il ərzində (1982-1985) SSRİ-nin 3 Baş Katibi dünyasını dəyişdi. Tragikomik bir vəziyyətə mübtəla olmuşdu sovet xalqı. Xalq ironiya ilə 1985-90-cı illəri “dəfn beşilliyi” adlandırırdı. Leonid Brejnev dönəmində Siyasi Büroda orta yaş 70 idi. Bu durumda dünyasını dəyişən Baş Katibin cavan kadrla əvəz olunması mümkün deyildi. Tipik herontokratiya-qocaların hakimiyyəti idi Sovet İttifaqında. 47 yaşlı Mixail Qorbaçov Mərkəzi Komitəyə katib gətirildiyi gündən həm, xaricdə, həm də, daxildə müəyyən qüvvələr onu gələcək Baş Katib kimi görməyə başladı. Vəzifə karyerasında sürətlə irəliləyən M. Qorbaçov iti ağlı, işgüzarlığı və korrek nitqi ilə Kremlin digər “bosslarından” fərqlənirdi. Onu Leonid İliç Brejnevlə Yuri Andropov tanış etmişdi. Bu tanışlıq L. Brejnevin 1978-ci ildə Bakıya səfər etfdiyi qatarda gerçəkləşdi. Ağır böyrək xəstəsi olan DTK Sədri Yuri Andropov hər il Mineralnı Vodıda istirahət edir və müalicə alırdı. Stavropol Vilayəti Partiya Komitəsinin birinci katibi kimi Mixalil Qorbaçov onunla yaxından tanış olmaq imkanı tapmışdı. Həftədə iki-üç dəfə Yuri Andropovu ziyarət edir, onu bişirdiyi kababa qonaq edirdi. Bütün bunlara rəğmən Mixail Qorbaçov Yuri Andropovun rəğbətini qazanmışdı. Leonid Brejnevin Bakıya gedən qatarı 19 sentyabr 1978-ci ild tarixdə Mineralnı Vodıda dayandı. Yuri Andropov Leonid Brejnevlə görüşdü və yanında da Mixail Qorbaçov vardı. Yuri Andropov Mixail Qorbaçov barədə Brejnevə xoş sözlər dedi. Onu bacarıqlı bir təşkilatçı kimi təqdim etdi. Mineralnı Vodı görüş digər bir nüansa görə də tarixə keçdi. Belə ki, Leonid Brejnevin səfərdə Konstantin Çernenko müşaiyət edirdi. Yuri Andropov və Mixail Qorbaçovun onlarla görüşməsi SSRİ-nin 4 Baş Katibinin bir masa arxasında toplandığı gün kimi yadda qaldı.
Bu görüşdən iki ay sonra Leonid Brejnev Mixail Qorbaçovu Kremlə Mərkəzi Komitənin katibi vəzifəsinə təyin etdi...
54 yaşlı Mixail Qorbaçovdan xalq çox şey gözləyirdi. Onun Baş Katib seçilməsinə Qərb də məmnun idi. Bu məmnunluğa əsas verən səbəb Mixail Qorbaçovun Mərkəzi Komitənin katibi işlərkən, 1984-cü ildə İngiltərəyə səfəri olmuşdu.
London səfərində Kremlin partiya funksionerlərindən savayı arvadı Raisa Maksimovna da Mixail Qorbaçovla birgə idi. London səfəri Mixail Qorbaçovun Qərbə birinci səfəri idi. Bəzi tarixçilər məhz bu 6 günlük səfəri SSRİ-nin dağılmasının miladı kimi görür. Və bu səfərdə ilk dəfə olaraq yüksək səviyyəli nümayəndə heyətinin protokoldan kənar hərəkətləri qeydə alındı. Hansı idi onlar? 1. Raisa Maksimovnanın Qorbaçovu rəsmi səfərdə hansı statusla müşayitə etməsi bir müəmma idi və Kremldə ciddi söz-söhbət yaranmasına rəvac verdi. Nədən ki, heç bir Kreml yetkilisi rəsmi xarici səfərə çıxarkın arvadını aparmırdı. 2. Sovet İttifaqından Londona gələn yüksək nümayəndə heyəti ilk dəfə olaraq Karl Marksın qəbrini ziyarət etmədi. 3. Raisa Maksimovna Londonun məşhur Cartier salonundan 1780 ABŞ dollarına brilyant sırğa alır və ən ilginci odur ki, ödəmə qızıl “Amerikan Ekspress” kartı ilə həyata keçirilir. Mərkəzi Komitə katibində bu kartın olması, onun Qərb banklarında hesabının varlığı anlamına gəlirdi. Bu məsələ ilə bağlı Baş Katib Konstantin Çernenko Mixail Qorbaçovu kabinetinə çağırıb izahat istədi. Mixail Qorbaçov kartın özünə aid olmadığını, nümayəndə heyətinin üzvlərinin birinə məxsus olduğunu deyir. Ağır xəstə olan Baş Katibi bu cavab qane edir.
Mixail Qorbaçovun London səfərinin ən ilginc tərəfi onun İngiltərənin Baş naziri Marqarat Tetçer tərəfindən olduqca mehriban qarşılanması və aralarında gerçəkləşən ikili söhbətlər idi.
Qeyd etmək lazımdır ki, Mixail Qorbaçovun Londona səfəri təsadüfi deyildi. Baş nazir Marqaret Tetçer 1982-ci ildə Folklend müharibəsini zəfərlə bitirəndən sonra Böyük Britaniyanın xarici siyasəti ilə daha ciddi ilgilənməyə başlamışdı. Açıq antikommunizm mövqeyindən əsla geri addım atmayan Marqarat Tetçer Sovet İttifaqının rəhbərləri ilə birbaşa əlaqələr yaratmaq ideyasını ortaya qoymuşdu. İdeyanı gerçəkləşdirmək üçün 8-9 sentyabr 1983-cü ildə Xanım Tetçer Çekersdəki rezidensiyasında mətbuata qapalı ikigünlük seminar təşkil edir. Seminarda diplomatlar və sovetoloqlar-SSRİ üzərə mütəxəssislər olmaqla iki qrupla ciddi müzakirələr aparılır. Son olaraq Oksford universitetinin politoloqu və SSRİ üzrə mütəxəssis Arçe Braunun Mixail Qorbaçovu Londona dəvət etmək təklifi qəbul olunur. Səfərdən sonra seminar iştirakçıları ilə yenidən bir araya gələn Marqarat Tetçer Mixail Qorbaçovu xarakterizə edərkən, “o əsl bizim adamdır” iafdəsini işlədir.
Marqarat Tetçer illər sonra öz xatirələrində yazırdı ki, “Kommunist rejimini çökdürmək üçün sovet liderlərinin gənc nəsli arasında ən uyğun insanı tapmaq və sonra onu yetişdirmək və dəstəkləmək” niyyətində olub və bu məqsədə çatmaq üçün planlı şəkildə ardıcıl mübarizə aparıb.”
Mixail Qorbaçovun London səfərindən sonra Siyasi Büro üzvləri xəstə K. Çernenkonu onun əvəz edəcəyini açıq-aşkar görürdü. Onun qarşısını almaq üçün Kremlin “qocaları” uzun illər SSRİ-nin Xariçi işlər naziri vəzifəsində işləmiş ahıl Andrey Qromıkonu Baş Katib etmək istəyirdilər. Andrey Qromıko imtina etdi. Və Konstantin Çernenkonu dəfn etdikdən sonra Mixail Qorbaçovun namizədliyini müdafiə etdi...
Eynən xələfləri kimi Mixail Qorbaçov da ilk alovlu çıxışında xalqı ümidləndirən vədlər verdi. 23 aprel 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yeni Baş katib ölkənin “sosial-iqtisadi inkişafının sürətləndirilməsi” kursunu elan etdi. 1985-1987-ci illərdə Qorbaçovun hakimiyyətinin ilk mərhələsində ölkədə əsas transformasiya şüarı “sürətləndirmə” idi. (“aşkarlıq” və “yenidənqurma” sonradan yarandı). Yeni kurs SSRİ iqtisadiyyatının modernləşdirilməsini, yeni iqtisadi metodların tətbiqini və elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadəni nəzərdə tuturdu. Lakin bu proqramların həyata keçirilməsində əsas diqqət SSRİ üçün ənənəvi olan qeyri-iqtisadi və inzibati tədbirlərə, o cümlədən istehsalatda əlavə tənzimləmə orqanlarının yaradılmasına yönəldilmişdir. Onlardan biri də 1986-cı ildə məhsulların keyfiyyətinə nəzarət etmək üçün müəssisələrdə yaradılmış dövlət qəbul komissiyaları idi.
"Sürətləndirmə" nin əsas vəzifəsi maşınqayırma sənayesinin inkişafı idi. “Sürətləndirmə” çərçivəsində 1986-cı ilin aprelində “Mənzil 2000” mənzil tikintisi proqramı da qəbul edildi. Bu proqrama görə 2000-ci ilə qədər hər bir sovet ailəsi ayrıca mənzillə təmin olumacaqdı. Kənd təsərrüfatının idarə edilməsi sistemində ciddi islahatlar aparıldı. Aqrar sahəyə aidiyyatı olan yeddi İttifaq nazirlik və idarəsini birləşdirən Dövlət Aqrar-Sənaye Komitəsi (Dövlət Aqroprom) yaradıldı.
1989-cu ildə Qosaqroprom səmərəsiz elan olundu və ləğv edildi.
“Sürətləndirmə” çərçivəsində 1985-ci il mayın 7-də Sovet İttifaqında alkoqolizmə qarşı mübarizə kampaniyasına start verildi. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri haqqında” qərarlarını açıqladı. Mayın 16-da isə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Sərxoşluğa qarşı mübarizənin gücləndirilməsi haqqında” fərmanı dərc olundu. Kampaniya zamanı spirtli içkilərin istehsalı xeyli azaldılmış, qiymətlər artırılmış, bəzi şərab və araq mağazaları bağlanmış, qalan satış məntəqələrində isə spirtli içkilər yalnız yerli vaxtla saat 14:00-dan 19:00-a kimi satılırdı. İctimai yerlərdə və iş yerində alkoqollu içkilər içməyə görə cərimələr və intizam tənbehləri artırılıb. Sonuncu halda təkcə qanunu pozan işçilər deyil, onların bilavasitə rəhbərləri də cərimələnib. Cərimələr 30 ilə 100 rubl arasında dəyişirdi (orta əmək haqqı 150-180 rubl). Samoqon (kustar üsulla araq çəkmə) istehsalına görə isə hətta cinayət məsuliyyəti nəzərdə tutulurdu. Kampaniyaya rəğmən şərab istehsalı məhdudlaşdırıldı, üzüm bağları və spirtli içkilərin istehsalı üçün avadanlıqlar məhv edildi. Mixail Qorbaçovun ideoloji maşını ayıqlığın, sağlam həyat tərzinin fəal təbliğatını aparırdı.

Alkoqolizmlə mübarizə kampaniyasının həm müsbət, həm də mənfi nəticələri oldu. 1985-1987-ci illərdə doğum və gözlənilən ömür uzunluğunda artım, ölüm halında isə azalma müşahidə edildi. O cümlədən, doğulanların orta illik sayı 1984-1985-ci illərdə 5 milyon 381 min nəfərdən 1987-ci ildə 5 milyon 599 min nəfərə yüksəldi. Kişilər üçün gözlənilən ömür uzunluğu 1984-1985-ci illərdəki 62,9 yaşdan 1987-ci ildə 65,1-ə qalxdı. Ölənlərin sayı 1984-cü ildəki 2 milyon 965 min nəfərdən 1987-ci ildə 2 milyon 805 min nəfərə endi. SSRİ-də spirt istehlakı 1985-1988-ci illərdə adambaşına 7,2 litrdən 3,7 litrə qədər azaldı. Bütün bu göstəricilər Mixail Qorbaçovu ruhlandırırdı. Əslində, Baş Katibə təqdim olunan bu statistik rəqəmlər əslində gerçək deyildi. Şünki SSRİ-də xalq eyni templə içməkdə davam edirdi. (Sovet xalqının spirtli içki qəbulu barədə gerçək rəqəmləri ilk dəfə Yuri Andropov DTK sədri vəzifəsində olarkən, Baş Katib L. Brejnevə 1970-ci ildə təqdim etmişdi. Yuri Andropov SSRİ-də adambaşına ortalama il ərzində 15 litr araq içildiyini və bunun olduqca ağır fəsadlar verə biləcəyini ifadə edərək, L. Brejnevdən qəti addımlar atılmasını təklif etdi. L. Brejnev “iqtisadiyyat batar” cavabını vermişdi.) Mixail Qorbaçovun başlatdığı kampaniya SSRİ-nin 37 milyard rubl itirməsi ilə sonuclandı. Spirtli içkilərin satışına qoyulan məhdudiyyətlər əhali arasında kütləvi narazılığa, o cümlədən narkomaniya və toksikomaniyanın yüksəlməsinə, “samoqon” həcminin artmasına səbəb olub.
Artıq 1988-ci ildə iqtisadi çətinliklər Sovet rəhbərliyini alkoqollu içkilərin istehsalını yenidən artırmağa məcbur etdi (1989-cu ildə 1984-cü ilin səviyyəsi aşıldı). Eyni zamanda, məhdudlaşdırıcı qanunlar 1990-cı ilə qədər formal olaraq fəaliyyət göstərməyə davam etdi.
Alkoqolizmin SSRİ-nin məhv olmasında önəmli rollardan birini oynamasını nəzərə alaraq onun barəsəində bir az ətraflı yazmaq gərəkdir.
Mixail Orbaçova qədər SSRİ-də bir neçə dəfə alkoqolizmin qarşısının alınması üçün cəhdlər olmuşdu. O cəhdlərə diqqət edin:
1. 1917-1925. İlk antialkoqol kampaniyası bolşeviklər tərəfindən 1917-ci ildə qəbul edildi. Hakimiyyətə gəldikdən dərhal sonra Petroqrad Hərbi İnqilab Şurası 1917-ci il noyabrın 8-də “sonrakı xəbərdarlığa qədər spirt və hər hansı “spirtli içkilər” istehsalı qadağandır” əmri imzalandı. Əhalinin kütləvi surətdə kustar üsullarla çəkmə araq-samaqon hazırladığını görən hökumət geri addım atmaq məcburiyyətində qaldı. Rusiya Federasiyası səhiyyə naziri Nikolay Semaşko xüsusi hesabat hazırlayıb rəhbərliyə təqdim etdi. N.A.Semaşko araq istehsalının və satışının bərpasını həm tibbi, həm də siyasi səbəblərlə izah edərək vurğuladı ki, dövlət tərəfindən tənzimlənən araq istehsalı, “samaqon”dan fərqli olaraq spirtin tərkibindəki zərərli maddələrin təmizlənməsinə imkan verir. Bununla Semaşko Sovet vətəndaşlarının sağlamlığına vurulacaq zərbənin qarşısnın alınacağını bolşeviklərə anlatdı. 1925-ci il avqustun 26-da SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Soveti SSRİ-də spirtli içkilərin istehsalının və ticarətinin bərpası haqqında dekret verildi.
Sovet vətəndaşlarının spirtli içkilərə olan vurğunluğunu yaddan çıxarmayan dövlət rəhbərləri bir sıra profilaktik qərarlar qəbul etdi. 1928-ci il avqustun 2-də Leninqrad Şəhər Şurasının istirahət günlərində və “inqilab bayramları”nda spirtli içkilərin satılmasını qadağan edən qərarı qüvvəyə mindi. Üstəlik, bu qərar təkcə araq və çaxıra deyil, hətta pivəyə də şamil olundu. Qərara tabe olmayanlar inzibati cəzaya - 100 rubla qədər cərimə və ya bir ay müddətinə məcburi əmək cəzasına məruz qalırdı.
2. 1929-cu ildə Sovet hökuməti və yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə alkoqolizmi dayandırmaq üçün “zəhmətkeşlərin tələbləri” ilə pivə dükanlarının və digər spirtli içki verilən məkanların kütləvi şəkildə bağlanaraq yeməkxana və çayxanalara çevrildi. Sərxoşluğu pisləyən, sağlam həyat tərzini təbliğ edən “Ayıqlıq və mədəniyyət” jurnalın nəşrə başladı..
Pivə istehlakının kəskin azalması onun istehsalının azalmasına səbəb oldu. Moskva və Leninqrad başda olmaqla SSRİ-nin digər şəhərlərində bir sıra iri pivə zavodları bağlandı.
3. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin “Sərxoşluğa qarşı mübarizənin gücləndirilməsi və spirtli içkilərin ticarətində nizam-intizamın yaradılması haqqında” barədə birgə qərarı qəbul edildi. Vağzallarda, hava limanlarında, meydanlarda yerləşən bütün ictimai iaşə obyektlərində (restoranlardan başqa) araq satışı qadağan edilib. Sənaye, təhsil və uşaq müəssisələrinin, xəstəxanaların, sanatoriyaların bilavasitə yaxınlığında, kütləvi şənlik və istirahət məkanlarında araq satışına icazə verilmədi. “Samaqon” hazırlanmasına qarşı mübarizə kəskin şəkildə gücləndirildi.
4. SSRİ Nazirlər Sovetinin 1972-ci il mayın 16-da “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizənin gücləndirilməsi tədbirləri haqqında” 361 nömrəli qərar dərc olundu. Qərarda spirtli içkilərin istehsalını azaldılması, əvəzində üzüm şərabı, pivə və sərinləşdirici içkilərin istehsalını genişləndirməsi nəzərdə tutulurdu. Spirtli içkilərin qiymətləri artırıldı; tündlüyü 50 və 56 dərəcə olan araqların istehsalı dayandırıldı; 30 dərəcə və daha yüksək tünd olan spirtli içkilərin satış saatları səhər saat 11:00-dan axşam 19:00-a qədər məhdudlaşdırıldı. Əyyaşların məcburi müalicəsi üçün dispanserlər yaradıldı. Alkoqollu səhnələr filmlərdən kəsildi...
Göründüyü kimi Mixail Qorbaçova qədər SSRİ-də dörd dəfə antialkoqol kampaniyası aparılmışdı. Və bu kampaniyaların heç biri davamlı səmərə vermədi. Bunları bildiyi halda Mixail Qorbaçov zənn edirdi ki, onun başlatdığı kampaniya fərqli olaca və gözlədiyi nəticəni verəcək. Onun ortaya qoyduğu antialkoqol proqramı sovet insanının- homosovetikusun həyat tərzini dəyişdirmək gücündə deyildi. Nədən ki, spirtli içki sovet vətəndaşlarının böyük bir kəsiminin mentalitetinə oturmuşdu. Onun həyat tərzindən spirtli içkini çıxarmaq cəhdi mütləq boşa çıxacaqdı və çıxdı da. İçkiyə alışmış bir topluma “ayıqlıq”, “sağlam həyat tərzi” barədə mühazirə aparmaq sadəcə, populizm idi. Mixail Qorbaçov sovet xalqını “araqla imtahana çəkməyin” nə qədər zərərli olduğunu kampaniyaya start verdikdən 4 il sonra anladı...
M. Qorbaçovun “sürətləndirmə” siyasətinin əslində SSRİ-nin süqutunun “sürətlənməsi” olduğu ortada idi. Onun xarici siyasətdəki addımları bu “sürətlənməni” təsdiq edirdi. Hansı addımları? İkinci dünya müharibəsindən sonra imperialist güclərin başlatdığı soyuq savaş SSRİ-yə çox baha başa gəlirdi. ABŞ və onun müttəfiqlərinə qarşı rəqabət üçün SSRİ-i 10 trlyon! rubl sərf etdi. ABŞ və müttəfiqləri Nikita Xruşşov dönəmindən başlayaraq SSRİ-nin tədricən silahsızlaşdırmaq-tərkisilah proqramını gerçəkləşdirirdi. İmperialist güclər bu “tərki-silah” planını M. Qorbaçovdan əvvəlki Baş Katiblərlə “əməkdaşlıq və dostluq” sayəsində “dünyada sülh” naminə həyata keçirməyə nail olmuşdu. Onlar M. Qorbaçovu da “ələ keçirməyi” bacardılar.
Ən birinci addım olaraq M. Qorbaçov “Brejnev doktrinası”ndan imtina etdi. Əslində bu addımının tərcüməsi sosialist düşərgənin dağılmasına start vermək demək idi. (1989-cu ildə Sovet Qoşunları sosialist ölkələrindən çəkildi) Və bu həm də ABŞ-ın SSRİ-yə dair məlum planının müddəalarından birinin yerinə yetirilməsi idi. Elə buradaca xatırlatmaq yerinə düşər ki, ABŞ İkinci dünya müharibəsindən sonra Şərqi və Mərkəzi Avropa ölkələrinin SSRİ-nin nəzarətinə keçməsi ilə barışa bilmirdi. ABŞ gələcəkdə digər Avropa dövlətlərinin də Kremlin işğal edə biləcəyindən ciddi narahat idi. Bunun qarşısını almaq üçün ABŞ 1947-ci ildə “Trumen doktrinası”nı açıqladı. Müəllifi ABŞ-ın prezideti Harri Trümenin olduğu bu doktrina İkinci Dünya Müharibəsindən sonra güclənən sosializm qüvvələrinin artımını məhdudlaşdırmaq, SSRİ-yə və sosialist blokunun digər ölkələrinə davamlı təzyiq göstərmək, demokratik qüvvələri və rejimləri qorumaq məqsədi daşıyırdı. “Trümen doktrinası” ABŞ və Böyük Britaniyanın hərbi blok olaraq SSRİ və müttəfiqləri qarşısında dayanmağı önə şəkirdi. Daha sonra ABŞ 1948-ci ilin aprel ayından “Marşall planını” ( ABŞ Dövlət katibi Corc Marşall) gerçəkləşdirməyə başladı. Bu plana rəğmən ABŞ İkinci Dünya müharibəsində dağıntılara məruz qalmış dövlətlərə təmənnasız yardım etməyə başladı. Məqsəd bu dövlətlərin SSRİ-nin təsiri altına düşməməsi və eyni zamanda onları özünə yaxınlaşdırmaq idi. Həm, “Trümen doktrinası” və həm də, “Marşall planı” əslində bir məqsədə - kommunist sisteminin dağılmasına aparan yolun iki qoluydu. Bu doktrina və plan eyni zamanda SSRİ-yə qarşı soyuq savaşın elanıydı.
1985-ci ilin payızında Sovet lideri Cenevrədə ABŞ prezidenti Ronald Reyqanla görüşdü. Görüşdən sonra nüvə müharibəsinin yolverilməzliyi haqqında bəyannamə imzalandı. 10-12 oktyabr 1986-cı ildə İslandiyanın paytaxtı Reykyavikdə R. Reyqanla ikinci görüşdə M. Qorbaçov hər iki ölkənin nüvə arsenalını 50%. azaltmağı təklif etdi. Bu təklif orta və qısa mənzilli raketlərin ləğvi ideyasını da ehtiva edirdi. M. Qorbaçovun bu təklifi dünya siyasət səhnəsində böyük rezonansa səbəb oldu.
Xarici siyasətin yeni siyasi təfəkkür prinsipləri əsasında aparılması SSRİ ilə ABŞ arasında silahlanma yarışının dayanmasına və tərksilah prosesinin başlanmasına səbəb oldu. Silahsızlanmaya start R. Reyqan və M. Qorbaçovun 1987-ci ilin dekabrında Vaşinqtonda baş tutan üçüncü görüşü zamanı verildi. 8 dekabr 1987-ci ildə SSRİ və ABŞ arasında orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə imzalandı. Müqavilə 4 min nüvə başlığı ilə təchiz edilmiş 2 mindən çox raketin məhv edilməsi demək idi. 1991-ci ilin iyun ayına qədər müqavilə tamamlandı. SSRİ 1846, ABŞ isə cəmi 846 raket məhv etdi . M. Qorbaçov Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün belə “güzəştə” razı olduğunu açıqladı. Əslində isə onun bu addımı Sovet İttifaqının hərbi gücünün ciddi şəkildə zəifləməsi, daha dürüstü, SSRİ-nin dağılmasının başlanğıcı idi. Məhz bu müqavilə imzalanandan sonra 1988-ci ilin mayında R. Reyqan SSRİ-yə səfər etdi və bu səfər zamanı Sovet İttifaqını artıq “şər imperiya” hesab etmədiyini bildirdi.
1990-cı il iyunun 1-də Mixail Qorbaçov Sovet İttifaqının Berinq dənizindəki 46,3 min kvadrat kilometr su ərazisini ABŞ-a təmənnasız bağışladı. Bu barədə demək olar ki, SSRİ mətbuatında bir şey yazılmadı.
Amerikalılar yalnız Berinq dənizinin balıqla zəngin balıqçılıq sahələrini deyil, həm də kontinental şelfin əhəmiyyətli bir hissəsini, o cümlədən, “Navarinskoye” və “Aleutskoye” neft-qaz hövzələrinin perspektivli sahələrinə sahib oldu...
Xarici ölkələrdə M. Qorbaçovun populyarlığı sürətlə yüksəlirdi. Ölkə içində isə bunun tam tərsi müşahidə olunurdu. 1985-ci ilin aprel ayında Mərkəzi Komitənin plenumunda qəbul olunmuş “sürətləndirmə” proqramının səmərəsiz olduğu, iqtisadi problemlərin həllini tapmadığı açıq-aşkar görünürdü. Sovet İttifaqında yenidən qıtlıq baş qaldırdı. Bir vaxt dünyaya taxıl ixrac edən SSRİ artıq dünyanın 1 saylı taxıl idxalçısına çevrilmişdi. Bu tam bir fəlakət idi və yaxın gələcəkdə dövlətin daha ciddi problemlərlə qarşı-qarşıya qalacağından xəbər verirdi...

0.029862880706787