AMEA "CAVANLAŞIR" – İsa Həbibbəylinin yeni müşavirləri kimlərdir?

AMEA
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli özünə yeni müşavirlər təyin edib. Bu barədə İ.Həbibbəylinin özü açıqlama verib.

Belə ki, akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA Prezidentinin müşaviri vəzifələrinə təyin olunublar.

İlk baxışdan adi xəbərdir, amma bu hörmətli akademiklərimizin yaşına nəzər saldıqda, onların real müşavirlik imkanları, yumşaq desək, şübhə doğurur. 

Məsələn, akademik Telman Əliyevin 89 yaşı var! İndidən sonra hörmətli akademikimiz İ.Həbibbəyliyə süni intelekt və müasir innovasiyalardan müşavirlik edəcək...

Akademik Yaqub Mahmudovun 85 yaşı var. 

Digər yeni müşavir, akademik Möhsün Nağısoylu da 80 yaşı haqlamaq üzrədir – 78 yaşındadır. 

Yeni müşavirlərin arasında ən “cavanı” isə akademik Adil Qəribovdur ki, onun da 75 yaşı var və o, AMEA Prezidentinə yeni texnologiyalarla bağlı məsləhətlər verəcək. Yeri gəlmişkən, İsa Həbibbəylinin özünün də yaşı 75-dir...

Görəsən, yaşı 80-i haqlamış və ötmüş insanların müasir həyatda az qala hər saniyə dəyişən, yeniliklərlə dolu süni intellekt, rəqəmsal inkişaf, innovasiyalar, yeni texnologiyalar və s. məsələləri izləməsi, dərk etməsi, bunların dərinliklərinə varması, sonra da bütün bunlarla bağlı AMEA Prezidentinə hansısa məlumat və məsləhətlər verməsi, müşavirlik etməsi nə dərəcədə mümkün və ağlabatandır? Axı, bu insanların ən azından fiziki sağlamlığı bütün bunları yerinə yetirməyə imkan verməz. Savadından, mövqeyindən asılı olmayaraq, ahıl insanlarımıza hörmətimiz var. Amma olmazmı ki, bu akademiklərimizi “maaşa bağlamaq” üçün başqa bir şey düşünsünlər?

Digər yandan, AMEA Prezidentinin müşaviri mütləq akademikmi olmalıdır? Sonra da şikayət edirlər ki, elmimiz qocalıb. Olmazmı ki, belə vəzifələrə öz sahələrində nailiyyətləri olan gənc alimlər dəvət olunsun? Yaşı 90-a çatan Telman Əliyev sünni intelekt və innovasiyalarla bağlı İsa Həbibbəyliyə nə danışa, nə yenilik çatdıra bilər axı?

Sovet dövründə Azərbaycanda Şirəli Müslümov vardı. Guya 168 il yaşadığı deyilirdi, hətta barəsində film də çəkilmişdi. Rəhmətlik sağ olsaydı, İsa Həbibbəylinin müşavirləri sırasına onu da təklif etmək olardı...

Bundan əvvəlki AMEA Prezidenti Ramiz Mehdiyev sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu özünə müşavir tətin edəndə çoxları bunu “hoydu-hoyduya” götürmüşdü. Amma həmin vaxt Ə.Abbasovun cəmi 67 yaşı vardı və indiki yeni müşavirlərlə müqayisədə “çiçəyi burnunda gənc” sayıla bilərdi.

Təəssüf ki, Azərbaycanda “yeni gələn, köhnəyə rəhmət oxutdurur” ifadəsi həmişə aktual olub və bu gün də aktualdır. Ancaq bunu nə zamansa Ramiz Mehdiyevin timsalında misal çəkəcəyimiz heç ağlımıza gəlməzdi...

Cəlal Məmmədov

0.053858041763306