“Xarici banklardakı milli sərvətimiz böyük risk altındadır" – Keçmiş nazir
Maliyyə Nazirliyi bildirib ki, bu ilin 6 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8282,4 milyon manat vəsait daxil olub. Bu da proqnozlaşdırılan göstərici ilə müqayisədə 1053,8 milyon manat və ya 14,6 faiz çoxdur. Həmin daxil olmuş vəsaitin 70,9 faizi və yaxud 5875,1 milyon manatı qeyri-neft sektorunun, 29,1 faiz və ya 2407,2 milyon manatı isə neft-qaz sektorunun payına düşüb.
Nazirlik qeyd edir ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3252,2 milyon manat vəsait təmin edilib. Bu da proqnoz göstəricisinə nəzərən 418,2 milyon manat və ya 14,8 faiz çox, ötən ilin icrasına nisbətən isə 176,7 milyon manat və ya 5,7 faiz çoxdur.
Maraqlıdır, ölkənin iqtisadi inkişaf templərinin nəzərərçarpacaq dərəcədə azalması müşahidə olunduğu halda adıçəkilən qurumlar büdcə qarşısında öhdəliklərini artıqlaması ilə necə yerinə yetirə bilirlər?
Keçmiş maliyyə naziri Saleh Məmmədov “AzPolitika”-ya şərhində bildirib ki, bunu sovet iqtisadçıları iki beşilliyin planının bir beşillikdə artıqlaması yerinə yetirilməsi kimi qiymətləndirirdi. Onun sözlərinə görə, bəzi yerli iqtisadçılar da bunu yüksək nailiyyət kimi qiymətləndirir: “Kapitalist iqtisadçıları isə tam tərsinə iqtisadi çökmə, iqtisadi fəallığın ciddi surətdə zəifləməsi, geriləmə kimi qiymətləndirilir. Məsələ burasındadır ki, pulun qiymətləndirilməsi sisteminin üç vacib prinsipi əsas götürülür:
Birincisi, bu günkü dollar və ya manat sabahkı dollardan qiymətlidir. Əldə olunan bu günkü manatı gecikdirmədən bu gün aktivə çevirmək lazımdır;
İkincisi, risksiz manat riskli manatdan daha güclüdür. Bu gün Azərbaycanin milli sərvətinin yarıdan çoxu xarici banklarda tutulur, böyük risk altındadır. Həm qlobal inflyasiya, həm qlobal monetar sistemindəki inqilabı dəyişikliklər sərvətdən ciddi itkilərə səbəb olur;
Üçüncüsü, sahibkarın, şəxslərin əlində olan pul dövlətin əlinə keçən puldan xeyli güclüdür, Azərbaycan və digər yüksək korrupsiyalı ölkələrdə isə bir neçə dəfə güclüdür".
S.Məmmədov maraqlı misal da gətirib: “Azərbaycanda iş adamları mənzil tikintisi zamanı kvadratın tikintisinə 500 manat xərc çəkir, dövlət vəsaiti hesabına təqribən 2000 manata başa gəlir. Deməli 4 dəfə pulların gücündə fərq var. Bəzi tikintilərdə bu fərq 20 dəfəyə qədər qalxır. Ona görə məmur maraqlıdır ki, büdcəyə daha çox pul yığsın”.