Balıq dəryada yetişər
Elm və təhsil naziri E. Əmrullayev “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu”nda çıxışında deyib ki, “elmlə məşğul olan insanları biz tanımırıq, görmürük”.
Bu fikir elmi ictimaiyyətdə təəccüb, təəssüf və istehza yaratdı. Alimlər deyir ki, Siz nə vaxt elmi mühitdə oldunuz ki, alimləri də tanıyasınız?
Bu ona oxşayır ki, fermer əkin sahəsində toxum səpib, amma onu sulamayıb, qulluq etməyıb, gübrə verməyib. 6 aydan sonra da əkin sahəsinə gəlib, baxır və deyir: mən burda yaxşı məhsul görmürəm. Məhsulun yaxşı olması üçün hərə öz işini tam görməlidir, yarımçıq işlə yaxşı məhsul almaq mümkün deyil.
AMEA əməkdaşı Zaur Əliyev nazirin bu fikrinə münasibət göstərib, yazıb ki, ölkədə tanınmış alimlər az deyil. Bu dəryanın bir damlası kimi də öz işləri haqqında məlumat verib.
Amma ETN məmurları Zaur müəllimin sosial şəbəkələrdə gedən bu yazısından nəticə çıxarmaq əvəzinə, söhbəti şəxsi müstəviyə keçirdib, onun məqalələrinin sayının az olduğunu bildirirlər. Guya, onun çox məqaləsi olsaydı, vəziyyət fərqli olacaqdı?
Burda söhbət fərddən yox, problemdən gedir. Deyək ki, Zaur mm. məqalələrinin kəmiyyəti sizi qane etmir, bəs 300 nəfərə yaxın akademik və müxbir üzv, min nəfərdən çox elmlər doktoru, professor, minlərlə f. d. arasında da alim yoxdur?
Bu foruma dəvət alan diaspor alimləri də vaxtı ilə burda yaşayıb, təhsil alıb, formalaşıb, müdafiə ediblər. Bəzilərinin indi də yerli alimlərlə əlaqələri var. Düşünürəm ki, bu fikir heç onların çoxusunun xoşuna gəlmədi. çünki, onlar elmi mühit nə olduğunu yaxşı bilirlər.
Diaspora alimləri müxtəlif səbəblərdən (əsasən da maddi sıxıntı səbəbi ilə), 20-30 il əvvəl xaricə üz tutublar. Əminəm ki, onlar burda qalsaydılar, indiki nailiyyətlərindən xeyli zəif nəticələri olacaqdı. Onlar gedib normal elmi mühitə düşdülər, elmi fəaliyyətə yaxşı şəraitləri oldu, inkişaf etdilər. Orta statistik istənilən azərbaycanlı alim 20-25 il əvvəl xarıcə köçsəydi, indi və burda olan durumundan xeyli məhsuldar fəaliyyət göstərib, daha yaxşı nailliyyətlər əldə edərdi.
2 il əvvəl biz bildirmişdik ki, keyfiyyətsiz təhsil sisteminin qurbanı olan minlərlə müəllimlər, sertifikasiyadan keçə bilmədi. Onlardan itirlimiş 15 ilə görə üzr istəyib, normal təkmilləşdirmə kurslarına cəlb edərək peşəkarlığını qaldırmaq əvəzinə, onları gündəm edib, müəllim nüfuzunu aşağı saldılar.
İndi də elm sahəsində bunu etməyə başlayıblar deyəsən. Uzaqdan döyüş asan gəlir. Alimlərə bu illər ərzində hansı elmi mühit, şərait yaradılıb ki, onlardan yüksək nəticə gözləyirsiniz?
300-500 dollar maaş olan alimlə 3000-5000 dollar maaş alan Avropa alimi eyni nəticə verə bilərmi?
Necə deyərlər, balıq dəryada yetişər, akvariumda yox. 30 ildə elmə ayrılan qəpik quruşla da belə elm, belə elmi mühit formalaşa bilərdi.
Ölkədə az da olsa, alimlər var və onlar şəxsi fədakarlığı ilə bu səviyyəyə çatıblar, hər sıxıntılara baxmayaraq ölkəni tərk etməyib, müstəqilliyin möhkəmləndirilməsi naminə az əmək haqqı ilə də olsa, çalışıblar.
Əgər kimsə deyirsə ki, mən alim tanımıram, deməli o adam elmi mühitdən çox uzaqdır. Heç olmasa ensiklopediyalara baxıb, yaxın keçmişdə yaşamış, indi də az sayda qalan müasir alimlərimizi tanımaq lazım idi. Bəli, indi onlar azdırlar, amma elmdə varislik qorunmadı, strategiyalar olmadı, maliyyələşmədi. Heç nə edilmədi. Müəllimləri qınadığınız kimi, bütün həyatını bu sahəyə həsr edən də alimləri bu gün qınamaq əvəzinə, bir məmur kimi onların inkişafına imkan verilmədiyi üçün, anlaşıq göstərmək, üzrxahlıq etmək daha yaxşı olardı.
Nəhayət, əvvəl mühitə daxil olmaq lazımdır, kimin kim olduğunu öyrənmək lazımdır, buna isə illər gərəkdir. Əks halda AMEA-nın iclasında səsləndirilən "elmləri birləşdirmək lazımdır" kimi elmə yad ideyaları hələ çox eşidəcəyik.
Dos. İlham Əhmədov
Paralel.az