Yeni qazanc mənbəyi üçün Azərbaycan xalqından halallıq almısınızmı?
Rövşən Kəbirli yazır...
Özüm hələ rast gəlməmişəm, sosşəbəkələrdə yayılan məlumatlardan belə bəlli olur ki, müalicəvi İstisu mineral suyu artıq paytaxt marketlərdə satışa çıxarılıb. O su ki, 29 il nəinki ölkə vətəndaşları, hətta didərgin Kəlbəcər camaatı ona həsrət qalmışdı. Zəmanənin əclaflığına baxın ki, vaxtilə kefi istəyəndə uzanıb bulağın gözündən bu sudan içənlər bugün onu pulla satın almalıdır,özü də 1.40 manata. Olsun, buna sözüm yox. Ancaq bulağın başına qonquyandan soruşmaq istəyirəm: Yeni qazanc mənbəyi üçün Azərbaycan xalqından halallıq almısınızmı? Tutaq ki, bizləri adam yerinə qoymursunuz, bəs o diyarın hər qarşında qanı tökülən şəhidin doğmalarından, əlin, gözün, ayağın itirib ömürlük əlil olan qazidən necə halallıq istərdinizmi? Bilirsinizmi nəşi aylar sonra tapılan mayor Vüsal Vəliyev və onun kimi daha neçə nəfər silahdaşının qanı qayalardan hələ indi-indi süzülür, torpağın alt qatına?
Deyə bilərsiniz xalqdan, şəhid doğmalarından, qazilərdən necə halallıq ala bilərik. Qanmaz olduğunuz bəlli, o səbəbdən çıxış yolu göstərirəm. Piştaxtalara sürdüyünüz o məhsulu 3-5 gün pulsuz paylayın, şəhid ailəsi və qaziləri isə azı 3 il ödəmədən azad edin. Bununla əsla ziyan etməyəcəksiniz, çünki daşınma xərcləri də daxil o məhsulun maya dəyəri 60-65 qəpikdən artıq deyil.
Yeri gəlmişkən təbii sərvətimizi bizə də çox baha satırsınız.
Hə indi görüm qeyrət damarınız işlək vəziyyətdədir, yoxsa paytaxt yolları kimi o da tıxanıb.
Paralel.az