Azərbaycanda kişilərin ömrü niyə qısalıb?

Azərbaycanda kişilərin ömrü niyə qısalıb?
 

Azərbaycanda kişilərin ömrü qısalıb. Bu, Dövlət Statistika Komitəsinin məlumatında yer alıb. Belə ki, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib.

2022-ci ildə doğulan oğlan uşaqları üçünsə gözlənilən ömür uzunluğu 73.6 il olub. 

Statistik rəqəmlərə baxdıqda kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlasa da 2020-ci ildə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb.

Başqa bir statsitika da ölkədə kişilərin daha tez öldüyünü təsdiqləyir. 2022-ci il 50-64 yaş aralığında ölən kişilərin sayı 10 min 342 nəfər ikən, qadınların sayı 5 min 473 nəfər olub. Yəni rəsmi statistikaya əsasən, 2022-ci ildə kişilərdə orta ömür uzunluğu 71.3, qadınlarda isə 75.9 olub.

Bəs kişilərin daha az yaşamasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, insanın ömür uzunluğu əsasən onun həyat şəraitindən asılıdır:

“Bizdə ÜST orta ömür müddətini 66 il müəyyən edib. Başqa ölkələrlə müqayisədə komfortlu şərait olmadığına görə, orta ömür müddəti aşağı düşüb. Bu gün işləyən insanlarla, xüsusilə kişilərlə söhbət edəndə aydın olur ki, muzdla işləyənlərin əksəriyyəti 12 saatdan artıq çalışır. Dövlət işində işləyənlərin də bir hissəsi rəsmi yazıldığı kimi 8 saat yox, daha artıq çalışırlar. Bu insan üçün çox ağır zəhmətdir. 

Ailənin əsas yükü də kişilərin üzərindədir.

İnsan normadan artıq işləyəndə bədənində metabolizm pozulur ki, bu da ömrü azaldır. Hələ mən qidalanmanın normal olmamasından danışmıram. Aşağı keyfiyyətli qidaların satılması bir yana, bəzən vaxtı keçmiş, xarab qidaları gizli şəkildə insanlara satırlar”.

Müsahibimiz insanların ömrünün qısalmasının səbəblərindən biri kimi ekoloji tarazlığın pozulmasını göstərib:

“Məsələn, 2 milyon əhalinin yaşaması üçün hesablanmış Bakı şəhərində indi qeyri-rəsmi 4 milyondan çox insan yaşayır. Bunlar ekoloji tarazlığı pozur. 

İnsan ömrü o vaxt uzun olur ki, iş və əmək şəraiti proporsional şəkildə bölünür, insanlar yüksək keyfiyyətli qida qəbul edirlər. Onda insanlar normal yaşayıb, normal istirahət edə bilərlər. Bizdə xəstəxanalarda düzgün aparılmayan müalicələrdən nə qədər ölənlər var. Bunlar hamısı ümumi əhalinin ölüm sayına, yaşına təsir edir”.

 

0.037683010101318