Ürəkdən qəlbə yol tapan həkim
Dünən ölkəmizdə seçki adında gözəl bir tamaşanın ya iştirakçısı, yaxud da seyrçiləri olduq. Seçki ilə bağlı sosial media da paylaşılan fotoları, videoları gördükcə yalnız mənfi təəsurat yaradan acılar insanın ürəyin ağrıdır. Ölkəmizdə bu kədər zolağı ilə yanaşı ürəkaçan bəzi hallar da vardır ki, mahiyyətdən yox, detallardan yazaraq yaxşı şeyləri də qeyd etməyi də bacarmalıyıq.
Əvvəla, qeyd edim ki, şəxsi motivli bir şeyləri sosial media da paylaşmağı sevmirəm. Ailə tablosu, övladların doğum günləri, yaşayışımız, qayğılarımız kimi şəxsi həyatımıza aid məsələlərin önəmi başqaları üçün deyil, bizim üçündür.
Lakin şəxsi həyata toxunan elə ictimai məzmun kəsb edən mövzular vardır ki, gərək onlardan söz açasan, onlardan da danışasan.
O mövzunun içərisində ictimaiyyətin bilməli olduğu elə maarifləndirici mesajlar var, gərək onlardan bəhs edəsən. Niyə onları yazmalı, danışmalıyıq?
Çünki, mənim indiyədək bilmədiklərimi başqaları bilsin. Mənim mənfi mənada yaşadıqlarımı başqaları yaşamasın. Mənim çəkdiklərimi onlar çəkməsin. R.Rzanın şerinin dili desək, kül nə çəkdi, oddan soruş...
Ölkəmizdə aritmik (ürək döyüntüsünün pozulması) əlaməti olan insanlar az deyil. Bu daha çox anadangəlmə və həyat şərtlərinin sürətlə dəyişkənliklərindən səbəbindən ola bilər. Bu sahə o qədər genişlənib ki, kardiologiyanın xüsusi, dar ixtisaslaşması olaraq artimioloq bu işlə daha detallı olaraq məşğul olmağa başlayıblar.
Aritmik pozuntusu olan pasiyentlər bu qeyri-standart həyat şərtlərini illər uzunu ya çətinliklə yaşayırlar, yaxud da xırda müalicələrlə bunu adladırlar. Lakin sonda yenə də keyfiyyətsiz həyat tərzi ilə aylarını aylarına calayırlar.
Aritmik pozuntu nədir sualının qısa cavabı var. Əslində normal şərtlər daxilində insanın 1 dəqiqədə 60-90 dəfə ürək döyüntüsü olduğu halda, bu xəstələrdə ürək döyüntüsü 1 saniyədə 180-220 arasına qədər yüksəlir. Bu vəziyyətə düşən xəstələrə elə gəlir ki, ürək sanki indicə dayanacaq, yerindən çıxacaq, qəfil ölüm baş verəcək və s. Bir az psixoloji müvazinəti olmayan insanlarda bu panik atakla nəticələnə bilir. Aritmik pozuntunun əsas simptomları əslində çox sadədir: yuxusuz gecələr, ac qalmaq, həyacan, qəfil hadisə, pis xəbər, isti hava və s.
Müasir tibbi protokollara görə aritmioloqlar artıq ürək döyüntülərinin aradan qaldırılması müalicəyə tabe olmayan xəstələr üçün aritmiyaya səbəb olan ocaqları müəyyən etməklə onu söndürməyi vacib hesab edirlər. Və bununla obrazlı desək, elə bil avtomobilin mühərrikinin 2 pəri var, biri işə düşməyəndə o birisi işləyir və beləliklə biri-birilərini əvəz edir. Əslində mühərrik bir pərlə işləsə digər pərə mane olmaz. İnsan ürəyində bir neçə ocaq olanda onlar biri-birini əvəz etməklə hər şeyə qıcıq verirlər. Əsəbi insanların hər xırda şeyə verdiyi reaksiyalar kimi...
Aritmoloqlar ablasiya yolu ocaqları söndürür və insanları ürəyindəki döyüntülərini aradan qaldıra bilirlər. Bu bahalı bir əməliyyat növü hesab edildiyindən hər bir vətəndaş bunu etdirə bilmir. Bu əməliyyat hazırda 3500 manat civarında qiymətləndirilir.
Eyni zamanda bu sahədə ölkəmizdə mütəxəssislərin də sayı kifayət qədər deyildi. Lakin yaxşı xəbər ondan ibarətdir ki, bu sahədə peşəkar aritmioloqlar yetişib və bu əməliyyat Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta ilə qarşılayır. Məhz bu 2 səbəbdən vətəndaşlarımız üçün yaxşı bir fürsət yaranıb.
Gündə bəzən bir neçə dəfə ürək döyüntüləri olan gənclərdən başlamış yaşlılaradək insanlarımız bu imkanlardan yararlana bilərlər. Bəlkə bu yazını oxuyan çoxsaylı həmvətənlərimiz vardır ki, onlar indiyəqədək bu problemlərinin necə çözəcəklərini bilmirlər. Bunun üçün Türkiyədə və digər xarici ölkələrə getməyə ehtiyac yoxdur. Pul xərcləməyə də həmçinin. Türkiyəli uzman, kardioloq Ata Kırılmazın rəhbərliyi ilə bu əməliyyat ölkəmizdə reallaşır.
Mən də uzun illər, xüsusilə koronovirus dönəmindən sonra bu problemlərlə uğraşdım. Hiss edirdim ki, həyat keyfiyyətimi aşağı salır. Gecələr yaradıcı işlərimə maneə olurdu. İdmanda, xüsusilə futbolda ən yaxşı halda birinci 45 dəqiqəni oynayıb, ikinci 45 dəqiqədə məcburən müdafiəyə çəkilirdim. Həyacan və müzakirə yaradan toplantılara çox vaxt məhz aritmik risklərə görə qatıla bilmirdim. Məcburən həyatımı sabit reysə salmağa məcbur oldum. Şükür, sonradan çözümü tapıldı.
Uzun axtarışlardan sonra günlərində birində çox hörmətli aritmoloq Günay Rəhimova ilə görüşüb problemlərimi danışdım. Məni səbrlə dinlədikdən sonra dəyərli bir məsləhət verdi: “Siz onsuz da yaşlaşdıqca, ürək döyüntüləriniz aylardan həftələrə, həftələrdən günlərə, günlərdə isə bəzən bir neçə dəfə tutmağa doğru gedə bilər. Üzərinə gəlsəz, yaşla yarana biləcək, xəstəlikləri (qan təzyiqi, şəkərli diabet və s.), o zaman bu sizin həyat keyfiyyətinizi aşağı salacaq. Sizi məmnunusuzluq sindromuna doğru aparacaq. Mənim məsləhətimə qalsa, ablasiya edilməsi daha dorğudur.”
Ciddi əsaslandırma və ağlabatan mülahizələrindən sonra düşünüb qərarımı verdim. Nəhayət ölkə üzrə 120 nəfərdən ibarət tərkib toplandı və A.Kırılmazla həmin xəstələr əməliyyata alındılar. Mənim əməliyyatımı məhz Gunay həkim icra etdi. Elə ustalıqla söhbətə giriş edib diqqətimi çəkən sual-cavabla artıq bir də xəbərdarlıq etdi ki, artıq ürəyinizdə olan ocaq söndürüldü.
Mən isə artıq əməliyyat stolunda olanda xəyallarımla söhbət edəndə Gunay xanımın göstərdiyi istiqanlı davranışa və səmimi ortama görə düşündüm ki, ürək işi məşğul olmaq təkcə peşəkarlıq məsələsi deyil, həm də QƏLB məsələsidir. Pasiyentin ürəyini etibar etdiyi insana qəlbi ilə qarşılıq verə bilmək həmin mütəxəssisin üstünlüyü qədər vacib keyfiyyətidir.
Çox təşəkkür edirəm, sayğılı Günay doktor.
Amma bir təklifimi də verməyi özümə borc bildim. Əgər əməliyyata 10 nəfər alınırsa, o zaman digər 5-10 nəfərin ümumi palatada da saxlanmasına ehtiyac yoxdur. 10 nəfər əməliyyata alınan zaman 8-ci sıradan sonra növbəti 5-10 nəfəri əməliyyata hazırlamaq üçün prosedurlardan keçsinlər. Məsələn mən saat 12:00-dan 19:00-dək ümumi palatada qolumda əməliyyat ehtiyac olardısa, qanla təmin edilməsi üçün “vazefiks” biləyimə vurulmasından yoruldum. Yeddi saat uzanıq vəziyyətdə, başqa pasiyentlərin psixoloji stresslərini dinləmədən əməliyyata götürülsəydim, daha rahat olardım, nəinki həmin şərtlər altında...
Tam səmimi deyirəm ki, əməliyyatdan sonra kəsilmiş, deşilmiş yaralardan daha çox biləyimdə 10 saat saxladığım “vazefiks” mənə daha çox əziyyət verdi.
Hörmətli Günay doktor, bunu yazmağı niyə özümə borc bildim?
Çünki əməliyyat başa çatandan sonra pasiyentlər sağlamlıqlarına qovuşduqları üçün sevinərək evlərinə gedirlər.Və onların Sizə geridönüşləri əsasən olmur. Buna bəlkə də ehtiyac görmürlər.
Başqalarının qayğıları üçün kiməsə nəsə deməyi əhəmiyyətli saymırlar. Lakin mən hesab edirəm ki, işlərinizin daha keyfiyyətli və məmnunedici formada qurulması üçün hər bir pasiyentin görüb-bildiyi problemlər haqqında sizləri məlumatlandırması vətəndaşlıq mövqeyidir. İşin daha yaxşı təşkil olunmasınına yardım etməkdir.
“Məlhəm” Beynəlxalq Hospitalının kardiologiya şöbəsinin tibbi personalına, təmiz şəraitlərinə görə buradan xüsusi minnətdarlığımı bildirirəm. Əziyyətimizi çəkdiniz, heç bir maddi gözləntiniz olmadı, yalnız şəfqətinizi və humanizminizi gördüm.
Kardioloq Akif doktora həm koronovirus dövrü, həm də əməliyyat günü göstərdiyi tibbi-konsultativ dəstəyə görə təşəkkür edirəm.
Əməliyyat bitəndən sonra əməliyyatın diski, təlimatlar, əməliyyatdan əvvəlki və sonrakı saatların vəziyyəti ilə bir qovluq verirlər ki, bu da mədəni xidmətin və hesabatlılığın əsas əlamətlərindən sayılmalıdır. Bizim əsas məqsədimiz yaxşıları deyə-deyə artırmaq, pisləri yaza-yaza azaltmaqdır.
Müasir tibbin üstünlükərinin insanlara verdiyi imkanlardan faydalanmaq çağdaş dünyanın bizə nəsib etdiyi ən mühüm nemətdir. Bu nemətdən vətəndaşlarımızın faydlanmasına həm haqqları, həm də hüquqları çatır.
Sağlam cəmiyyətin ilkin şərti sağlam insanlardan ibarət cəmiyyət yaratmaqdan keçir! Sağlam olun, sağlam qalın!
P.S. Əməliyyatdan sonra gecə saatlarında yatmayıb bu məktubu yazmaq ehtiyacı ürəyimə yatan əməlləri dilə gətirmək və ürəyimizə su verən insanların ürəyincə vətəndaş olmağımızı ifadə etməyimizdir.
Hər şey ürəyinizcə olsun, Günay doktor!
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az