ABŞ İngiltərənin qərarına baxmayaraq, İsrailə silah tədarük edəcək
Amerika Birləşmiş Ştatlar administrasiyası Böyük Britaniyanın müvafiq təchizatı məhdudlaşdırmaq qərarına baxmayaraq, İsrailə silah tədarükünü davam etdirəcək.
“Paralel.az ” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Onun sözlərinə görə, yəhudi dövləti Amerika silahlarından istifadə etməklə beynəlxalq hüququ pozmur.
“Böyük Britaniyaya gəlincə, hər bir ölkənin İsraili necə və nə dərəcədə dəstəklədiyi barədə danışmaq hüququ var. Mən, əlbəttə ki, britaniyalı həmkarlarımızın qəbul etdiyi qərarları bu və ya digər şəkildə şərh etmək fikrində deyiləm.
Bircə onu deyə bilərəm ki, birincisi, biz İsrailin müdafiə qabiliyyətini qorumaq üçün etməli olduğumuz işləri etməyə davam edəcəyik”.
Ağ Ev rəsmisi bildirib ki, Vaşinqton administrasiyası Tel-Əviv ilə İsrail Müdafiə Qüvvələrinin Amerika silahlarından istifadə edərkən beynəlxalq humanitar hüquqa riayət olunması məsələlərini müzakirə edir.
Qeyd edək ki, sentyabrın 2-də Britaniya hökuməti bir sıra hərbi məhsulların İsrailə ixracına icazəni dayandırıb.(Report)