Misir lideri 12 ildən sonra Türkiyəyə gəlir
Ankara ilə Qahirə arasında başlayan normallaşma prosesi çərçivəsində Misir prezidenti Sisi 12 ildən sonra sentyabrın 4-də Türkiyəyə səfərə gələcək.
Paralel.az xəbər verir ki, Misirlə normallaşma prosesində prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü il fevralın 14-də Qahirəyə tarixi səfər edib və iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb.
Sentyabrın 4-də Sisinin Ankaraya baş tutacaq səfər çərçivəsində Türkiyə Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası prezidentlərinin sədrliyi ilə ilk iclasını keçirəcək.
Görüş zamanı hər iki ölkənin lideri əvvəlcə Qəzzada atəşkəs istiqamətində atılan addımları və bölgəyə humanitar yardım səyləri, mövcud 10 milyard dollara yaxın olan ticarət həcminin 15 milyard dollara yüksəldilməsini, Türkiyə PUA-larının Misirə tədarük edilməsi məsələsini müzakirə edəcəklər.
İki liderin Şərqi Aralıq dənizi və Liviya kimi regional məsələləri də ətraflı müzakirə edəcəyi gözlənilir.