"Bentley" tarixinin ən güclü sedanının premyerasına hazırlaşır
"Bentley" sentyabrın 10-da "Flying Spur" sedanının yeni versiyasını təqdim edəcək. Bu avtomobil brendin 105 illik tarixində ən güclü, dinamik və səmərəli 4 qapılı avtomobil olacaq.
Paralel.az xəbər verir ki, bu barədə CarBuzz məlumat yayıb.
Yenilənmiş "Flying Spur" 575 kVt (782 at gücü) olan yeni "Ultra Performance Hybrid" mühərriklə təmin olunacaq. Güc qurğusu 4.0 litrlik tvin-turbo V8 mühərriki əsasında qurulub və ilk olaraq "Bentley"nin bu günə qədər ən güclü yol avtomobili olan dördüncü nəsil "Continental GT Speed"də istifadə olunub. Yeni "Bentley Continental GT Speed" modelində mühərrik 0-dan 100 km/saata 3.2 saniyəyə sürətlənir və maksimal sürəti 335 km/saata çatır.
"Bentley Flying Spur" ilk dəfə 2005-ci ildə Cenevrədə təqdim edilib və 2019-cu ildə modelin üçüncü nəsli debüt edib. "Flying Spur"un top versiyaları "Bentley"nin iyulda vidalaşdığı 6 litrlik iki turbo W12 mühərriki ilə təchiz edilib.(Oxu.Az)