ATƏT koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb
"Bu seçkidə ATƏT-ə üzv 20 ölkədən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Azərbaycanda Milli Məclisə bu gün keçirilən seçkilərdə istər təbliğat-təşviqat kampaniyası, istərsə də bugünkü səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb".
APA xəbər verir ki, bu fikirləri ATƏT-in Qısamüddətli Seçki Müşahidə Missiyasının koordinatoru Maykl Krid jurnalistlərə bildirib.
O deyib ki, missiya işini tamamladıqdan sonra yekun nəticələr qurumun internet saytında yerləşdiriləcək:
"İlk növbədə onu deyim ki, Azərbaycan hökumətinin dəvəti ilə burada olmaqdan çox məmnunuq. Onu bildirmək istəyirəm ki, seçkiöncəsi dövrdə bütün siyasi partiyalara təbliğat və təşviqat kampaniyası üçün mükəmməl şərait yaradılmışdı. O cümlədən, həm vətəndaş cəmiyyəti nümayəndələrinin səsvermə prosesini müşahidə etməsi prosesi, həm də dairə və seçki komissiyalarının işi qanunvericiliyə uyğun olaraq təşkil edilib. Bu seçkidə ATƏT-dən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Onu qeyd etmək istəyirəm ki, seçki məntəqələrində ətraflı müşahidə apardıqdan sonra yekun hesabatımız rəsmi internet saytımız vasitəsilə ictimaiyyətə açıqlanacaq".