Bloklanan təşəbbüslər - Dos. İlham Əhmədov 

Bloklanan təşəbbüslər - Dos. İlham Əhmədov 
 

Vətəndaş cəmiyyətinin, peşəkar birliklərin, ayrı-ayrı mütəxəssislərin, sahə üzrə ekspertlərin işi, ölkə rəhbərliyinin çağırışlarına cavab olaraq, könüllü ictimai nəzarət sistemini yaratmaq, ayrı-ayrı sferalarda olan problemləri işıqlandırmaq, həqiqəti demək, mövcud durumu izah etmək, şərh və məsləhət vermək, həll yollarını göstərməkdir.
Məmurların vəzifəsi isə bu təklifləri dinləmək, düşünmək, təhlil etmək, dərk etmək, nəticə çıxarmaq, ideyaları tətbiq etmək, problemləri köklü həll etmək, real inkişafa nail olmaqdır. Məmurların vəzifəsi həm də məsul olduqları sahə üzrə xalq və dövlət qarşısında mütəmadi olaraq hesabat verməkdir.
Bizlər məmurlardan fərqli olaraq bütün bunları heç bir resurs, dövlət dəstəyi olmadan edirik.
Məmurların az da olsa peşəkarlığı və vəzifə məsuliyyəti olsa, verilən təkliflərdən yetərincə faydalana bilərlər, əməkdaşlığa can atarlar, nəhayət ki, gec də olsa, məsul olduqları çox mürəkkəb və dinamik sahəni öyrənməyə cəhd edərlər.
Amma məmurlar nəinki belə təkliflərdən, hətta dövlətin yaratdığı imkanlardan, ciddi resurslardan istifadə etməklə də, praktik olaraq müsbət dəyişikliklərə, inkişafa heç cür nail ola bilmirlər.
Buna görə də son illər təhsil büdcəsində olan ciddi artım, bu sahədə keyfiyyət dəyişikliyi yaratmır, əksinə, büdcə artdıqca, keyfiyyət daha da enir.
Bəs bizlər niyə illər ərzində, heç bir resurs dəstəyi olmadan bu fəaliyyəti davam etdiririk? Kimin üçün?
Çünki, ictimaiyyət olaraq görürük ki, işlər arzu edilən kimi getmir, konkret sahədə problemlər azalmaq əvəzinə ilbəil artır. Ona görə də hərə öz bacardığı köməkliyi etmək istəyir, bunu da sidq ürəklə edir.
Amma verilən təkliflərdən, yazılan məqalələrdən, məsləhətlərdən hansına və necə əməl etməyi bilmək üçün də səriştə və peşəkarlıq lazımdır. Təəssüf ki, çox vaxt heç bir məsləhət nəzərə alınmır. Çünki, "zər qədrini zərgər bilər".
Boş quyuya su tökməklə quyu dolmaz. Sanki, bu sahədəki fəaliyyət "durum nə qədər ağır olsa, bir o qədər yaxşıdır" prinsipi əsasında qurulub.
Hər cür təşəbbüs, təklif yerindəcə bloklanır. Məsləhətlər qulaq ardına vurulur. Amma unutmaq olmaz ki, məsləhətli don gen olar.
Elə edin ki, gələcək nəsillər sizi qınamasın, lənətləməsin.
"Əvvəlin yaxşı olmasından, sonun yaxşı olması daha yaxşıdır".

Paralel.az 

0.026803970336914