Yeni yaranan universitetlər - Dos. İlham Əhmədov 

Yeni yaranan universitetlər - Dos. İlham Əhmədov 
 

"Doğru suallar qoymaqla və bu suallar ətrafında müzakirələr aparmaqla təhsilimizi inkişaf etdirə bilərik."
(ETN E. Əmrullayev).

İndiyə qədər FB -də təhsilə dair yüzlərlə sual qoymuşuq. Məmurlar bu müzakirələrə qoşulmasada, sosial şəbəkə iştirakçıları müzakirələrə fəal qoşulmuş, maraqlı təkliflər vermişlər. Amma məmurların nə burda, nə başqa platformalarda ali təhsilin ciddi məsələlərini müzakirə etdiklərini heç vaxt görmədim. Bundan itirən isə təhsildir.
Əgər həqiqətən menecerləri təhsil maraqlandırırsa, onlar özləri belə müzakirələr açmalı, işgüzar müzakirələr aparmalı, ya da digər müzakirələrə fəal qoşulmalı, ona ton verməli, proseslərdən faydalı nəticələr çıxarmalıdırlar.
Hələ də ali təhsilə dair beyin mərkəzləri, elmi mərkəzlər yaradılmayıb ölkədə. Ali təhsilə dair heç bir jurnal da nəşr edilmir. Hərçənd 100 dəfələrlə bunların vacib olduğunu mətbuatda bildirmişik.
İndi keçək əsas məsələyə.
Son vaxtlar ölkəmizdə 2 yeni universitet açıldı. Daha bir yeni universitetin açılması da nəzərdə tutulur. Bunlar yaxşı haldır.
Məlum olduğu kimi yaxın gələcəkdə "Azərbaycan- Rusiya Universiteti" yaradılacaqdır.
RF universitetləri artıq Boloniya prosesindən çıxıblar. Bu haqda Dövlət Duması və RF ETN-nin xüsusi qərarı da var.
Bizim universitetlər isə Boloniya prosesi ilə işləyirlər. Bu halda yeni yaradılacaq “Azərbaycan -Rusiya universiteti” bəs hansı ali təhsil modeli ilə işləyəcək? Ölkəmizdə əvvəllər yaradılmış
MDU və MDTU-nin filialları müstəqil universitet deyillər, bu səbəbdən də onlar əsas universitetin təhsil modeli ilə işləyirlər. Həm də MDU əvvəldən heç Boloniya prosesinə qoşulmaylb.
Amma yeni yaranan universitetin müstəqil universitet kimi öz modeli olmalıdır.
Bu məsələni qaldırmaqda məqsədimiz ETN menecerlərini indidən xəbərdar etməkdir. Proseslərə əvvəldən hazırlaşsınlar, sonra gec ola bilər.
Əgər bu yeni universitet bizim digər 51 universitetimiz kimi Boloniya prosesindən yayınacaqsa, beynəlxalq akkreditasiyadan keçə bilməyəcəksə, onda bu 52-ci universitetin də verdiyi diplomlar, xaricdə tanınmaya bilər.
Digər mühüm məsələ bu universitetdə yaradılacaq ixtisasların təyin edilməsidir. Hesab edirik ki, bu universitetdə təbiət elmləri və texniki- texnoloji ixtisaslar üzrə kadr hazırlığı aparılmalıdır (TAU-da olduğu kimi). Humanitar və iqtisadi ixtisaslar üzrə bu gün ölkədə tələbatdan dəfələrlə artıq kadr var.
Yeni universitet və ya ixtisas açanda, əmək bazarının tələbi, iş yerlərinin mövcudluğu və iqtisadiyyatın inkişaf perspektivləri hökmən nəzərə alınmalıdır.
Hesab edirik ki, strateji yanaşma, düzgün maliyyə və kadr siyasəti, səmərəli planlaşdırma, peşəkarlıq olarsa, son vaxtlar ölkədə açılan yeni universitetlər ali təhsilin inkişafına təkan verə bilər.

Paralel.az 

0.015411853790283