Türkiyə seriallarının təsiri artır - 1 milyard gəlir...

Türkiyə seriallarının təsiri artır - 1 milyard gəlir...
 

Dünyanın 150-dən çox ölkəsində yayımlanan və 700 milyondan çox insanın izlədiyi türk serialları Türkiyənin “​yumşaq güc”ünə çevrilib. 

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi nəzdində Marka Ofisi araşdırma aparıb. 

Araşdırmada serialların Türkiyənin marka dəyərini, izlənilən ölkələrdən Türkiyəyə gələn ziyarətçilərin sayını və türk məhsullarına tələbatı artırdığı qeyd edilib. 

Qurumun türk seriallarının dünyadakı təsirindən bəhs edən “Türkiyənin yumşaq gücü: Türk serialları” adlı araşdırması “Ayın tarixi” dərgisinin son sayında dərc olunub. 

Araşdırmada türk seriallarının həm iqtisadi uğurları, həm də yaratdığı cazibə ilə Türkiyənin müxtəlif coğrafiyalardakı insanlarla əlaqə qurması üçün ən mühüm vasitələrdən birinə çevrildiyi vurğulanıb. Bundan başqa bildirilib ki, iqtisadi ölçü baxımından dünyada ABŞ-dən sonra ən çox serial ixrac edən Türkiyə, seriallar vasitəsilə ölkənin marka dəyərini digər ölkələrlə müqayisədə artırmaqda böyük üstünlüyə malikdir. 

Araşdırmada Türkiyənin tanıdılmasına, ixracına, turizminə və iqtisadiyyatına birbaşa və ya dolayısı ilə qatqı təmin edən seriallar sayəsində müxtəlif coğrafiyalarda türk məhsullarına tələbatın gündən-günə artdığı ifadə edilib. Bundan əlavə, insanların türkcə öyrənmək ,Türkiyə və türklər haqqında müsbət fikirlərdə olması da qeyd edilib. Ən əsası isə bu il teleserial ixracından 1 milyard dollar gəlir gözlənildiyi bildirilib. 

Araşdırmada fikirləri yer alan Kommunikasiya Direktoru Fahrettin Altun, son 3 ildə türk seriallarına qlobal tələbatın yüzdə 183 artdığını ifadə edərək “Bu istehsallar bizim mədəni korrupsiya cəhdlərinə qarşı müqavimət səyimizdir” deyib. 

Məqalədə 2000-ci illərin əvvəllərində Orta Asiya ölkələrində “Deli Yürek” serialının nümayişinin türk seriallarının beynəlmiləlləşməsinin başlanğıcı kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. 2007-ci ildə Yaxın Şərq ölkələrində Kanal D-də yayımlanan “Gümüş” daha bir dönüş nöqtəsi olaraq görülüb. “İçerde” və “Bir Zamanlar Çukurova” seriallarının uğurları da nümunə göstərilərkən, Kanal D-də də yayımlanan “Yargı” serialının ən uğurlu serial seçildiyi xatırladılıb. Xaricdən ən çox tələb olunan TRT serialları “Diriliş Ertuğrul”, “Benim Adım Melek”, “Elimi bırakma”, “Masumlar Apartmanı”, “Filinta” və “Payitaht Abdülhamit” kimi sıralanıb.

Böyük Britaniyada yerləşən Exeter Universiteti tərəfindən 2023-cü ildə nəşr olunan kitabda türk seriallarına artan maraq akademik nöqteyi-nəzərdən müzakirə edilib. 

AB Təhlükəsizlik Araşdırmaları İnstitutunun 2024-cü ilin may ayında dərc etdiyi “Dünyada Türkiyənin Kartları” adlı hesabatda “Türkiyənin dünyanın müxtəlif bölgələrində ayaq izi genişlənib” deyə yazılıb. “Bu, təkcə iqtisadi baxımdan deyil, həm də ölkənin öz yumşaq gücünün uğurlu proyeksiyasında özünü büruzə verir” sözləri qeyd edilib. 

“The Economist” jurnalında bildirilib ki, İspaniyada 2023-cü ilin birinci yarısında ən çox yayılan üç ssenarili serial türk seriallarından ibarətdir.

2023-cü ilin iyul ayında ABŞ-də yerləşən Bloomberg internet saytında dərc edilən məqalədə Türkiyənin yumşaq gücündən uğurla istifadə etdiyi və seriallar sayəsində özünü dünyaya yeni bir güc kimi satdığı ifadə edilib. “Türkiyə NATO-nun ikinci ən böyük ordusunun belə çata bilmədiyi qədər uzaqlarda da ürəkləri və ağılları fəth etmək istəyir”,- deyə bildirilib. 

 

0.053717136383057