FED rəhbərindən gözlənilən açıqlama gəldi: Faizləri endirməyin vaxtı...
ABŞ Federal Ehtiyat Sistemi FED faizləri azaltmağa hazırdır, lakin bu prosesin vaxtı və sürəti bir sıra amillərdən asılı olacaq.
Musavat.com xəbər verir ki, bu fikirləri tənzimləyicinin rəhbəri Cerom Pauel Ceksonda dünyanın aparıcı mərkəzi banklarının rəhbərlərinin ənənəvi olaraq toplaşdığı illik iqtisadi simpoziumda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə,“(pul) siyasətinin korreksiyasının vaxtı çatıb və istiqamət aydındır”. Pauell eyni zamanda qeyd edib ki, faiz dərəcələrinin endirilməsinin vaxtı və sürəti daxil olan məlumatlardan proqnozların dəyişməsindən və risklərin balansından asılı olacaq.
Bundan əlavə, FED rəhbəri ölkədə inflyasiyanın 2 faizlik hədəfə doğru stabil hərəkətinə inamının artdığını qeyd edib. Onun sözlərinə görə, inflyasiya üçün yuxarı risklər azalıb, lakin məşğulluq üçün aşağıya doğru risklər artıb. Qeyd edib ki, Amerika iqtisadiyyatının "yumşaq enişi" - yəni ÜDM-də tənəzzül və ya azalma olmadan inflyasiyanın daha da yavaşlaması hələ də mümkündür: "Ümumilikdə, iqtisadiyyat yaxşı templə böyüməyə davam edir".
Onun sözlərinə görə, uçot dərəcəsinin gözlənilən endirilməsi yalnız tələb üzərində təzyiqi aradan qaldıracaq, lakin iqtisadi artıma təkan verməyəcək və bu, inflyasiyanın sürətlənməsi ilə təhdid edəcək: "Pul siyasəti məhdudiyyətlərinin müvafiq şəkildə yumşaldılması ilə əmək bazarının güclü qaldığı bir vaxtda inflyasiyanın 2 faizə qayıdacağına inanmaq üçün yaxşı əsas var".
Pauell qeyd edib ki, faizlərin hazırkı səviyyəsi Amerika Mərkəzi Bankına əmək bazarının “arzuolunmaz daha da zəifləməsi” riski də daxil olmaqla istənilən risklərə cavab vermək üçün daha geniş imkanlar yaradır: “FED, qiymət sabitliyinə doğru irəliləyərkən güclü əmək bazarını saxlamaq üçün əlindən gələni edəcək”. Pauelin fikrincə, bu bazarın yaxın gələcəkdə “inflyasiya təzyiqinin artması mənbəyi” olması ehtimalı azdır.