Təhsil problemlərinə akademik susqunluq -Dos.Ilham Əhmədov
Təhsil mütəxəssisi kimi, məni akademiya sisteminin təhsildəki ciddi problemlərə seyrçi münasibəti çox düşündürür: niyə akademik sistem belə ciddi məsələlərdən kənardadır? Axı söhbət təhsildən-yəni, millətin gələcəyindən gedir.
Bəlkə ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər? Bəs ziyalı mövqeyi, milli mənafe harada qaldı? Axı elmin gələcəyi bü günkü təhsilin durumundan, onun inkişaf səviyyəsindən, yeni nəslin rəqabətqabiliyyətli təhsilindən çox asılıdır. Alimin təhsildəki böhrana kənardan seyrçi kimi baxması heç milli və dövləti mənafe baxımından da anlaşılan deyil.
Akademik institutlar hansı quruma tabe olmalarından asılı olmayaraq, ölkənin beyin mərkəzi kimi ictimai, elmi, təhsil, mədəni, ədəbi v.s. sahələrində fəal iştirak etməli, monitorinq, qiymətləndirmə işlərini icra etməli, ölkə rəhbərliyini mütəmadi olaraq məlumatlandırmalıdır. Yoxsa, ölkə rəhbərliyinin ictimai nəzarətin zəruriliyi barədə çağırışları bizim alimlərə aid deyil?
Sabah bu sahədə yaranacaq daha ağır durumla əlaqəli akademik sistemə veriləcək çoxsaylı suallara cavab tapmaq, biganəliyi və passivliyi əsaslandırmaq heç cür mümkün olmayacaq, nə ölkə rəhbərliyi qarşısında, nə də xalq qarşısında.
Elm və təhsil sahəsində heç bir ciddi xidməti və təcrübəsi olmayanların silsilə səhv qərarlarına akademik sistemin susqunluğu, bəlkə də gələcəkdə onların bütün elmi fəaliyyətinin nəticələrinə kölgə salacaq?
Ölkədə alternativ beyin mərkəzləri hələ də yaradılmadığına görə, gələcək milli inkişaf naminə bu proseslərə ciddi ehtiyac var.
Əgər alimlər müəyyən səbəblərdən fərdi qaydada problemlərə münasibət bildirmək istəmirlərsə, onda heç olmasa kollektiv rəy bildirsinlər.
Ən azından təhsilin dağıdılmış məzmununa alimlər gərək öz münasibətlərini
bildirsinlər. Məsələn, Kimya institutu kimya üzrə proqram və dərsliklərə rəy versin, fizika institutu fizika üzrə dərsliklərə rəy versin v.s.
Məsələn, Rusiyada belədir. RF EA institutları ixtisaslarına uyğun olaraq məktəb dərsliklərini müzakirə edib, rəy verməsə, onlar nəşrə gedə bilməz.
AMEA institutları inzibatı baxımdan keçıb ETN-nin idarəsinə. İndi bunu etmək daha asandır, əgər nazirliyin belə bir istəyi olsa.
Amma deyəsən belə istək yoxdur. Görünür təhsilimizə keyfiyyətli dərsliklər lazım deyil.
Təhsilin məzmunu onun keyfiyyətini təmin edən əsas amillərdəndir. Niyə bu məsələ öz müsbət həllini 20 ildə tapa bilmədi? Məlumdur ki, keyfiyyətli dərsliklər kölgə təhsili olan repetitorluq bazarına mənfi təsir edir, onun dövriyyəsi aşağı düşür. Bu son illər öz intibah dövrünü yaşayan çoxsaylı kurslara və onları himayə edən məmurlara ziyanlıdır.
Amma sahə üzrə akademik qurumlar öz təşəbbüsləri ilə nələrsə edə bilərlər, ən azı təhsili məhv olmaqdan qorumaq üçün. Sonrakı peşmançılıq fayda verməz. Gələcək nəsillər ölkənin elm və təhsil sferasında olan indiki böhranın alimlər tərəfindən vaxtında aradan qaldırılmadığı üçün bizləri qınayacaqlar.
Paralel.az