Hüseyn Abdullayev başını qaldıra bilmədi - İclas təxirə düşdü + FOTO
Keçmiş deputat Hüseyn Abdullayevin yeni açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas Hüseyn Abdullayevin vəziyyəti ilə bağlı baş tutmayıb.
Ötənhəftəki qərara əsasən, Abdullayev video-konfrans vasitəsilə məhkəməyə qoşulub. O, vəkili Şəhla Hümbətova ilə birgə kamera qarşısına keçib. “Quska” hazırda özünü pis hiss etdiyini, tam sağalana kimi mühakimə edilmək istəmədiyini bəyan edib.
Bundan əvvəlki iclasda təqsirləndirilən şəxsin müalicə müəssisəsinə köçürülməsi haqda qərar qəbul edilmişdi. Qərarda o da qeyd olunurdu ki, ilkin müayinənin nəticəsi ilə bağlı məhkəməyə məlumat verilməlidir.
Amma hələ ki, nə məhkəməyə, nə vəkillərə həkim rəyi təqdim edilib.
“Quska”nın vəkilləri Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova bununla bağlı narazılıqlarını məhkəmənin diqqətinə çatdırıblar.
“Hüseyn Abdullayevin halını hamımız görürük. Görünən dağa nə bələdçi? Qərar var ki, şəxs ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunmalıdır. Çox təəssüf ki, Tibb Baş İdarəsi onun müayinəsini formal həyata keçirib. Şəxsin keyfiyyətli müalicə alıb sağlam mühakimə edilmək hüququ var. O, sağlam olub özünü müdafiə edə bilməsə, vəkillərin onu müdafiə etməsi formal xarakter daşıyacaq”-Ceyhun Yusifov deyib.
Vəkil Cavad Cavadov bu vəziyyətdə məhkəmə istintaqının davam etməsinin mənasız olduğunu bəyan edib. Vəkil qeyd edib ki, Avropa Məhkəməsi qaydalarının 39-cu bəndi əsasında təqsirləndirilən şəxsin təcili müalicəsi üçün müraciət edilib.
Şəhla Hümbətova H.Abdullayevin mülki xəstəxanada müayinə edilməsinə icazə verilməsi məsələsinə toxunub. Hakim deyib ki, müalicə müəssisəsindən rəy gəldikdən sonra zərurət olarsa, bu məsələyə təkrar baxılacaq.
Prosesin gedişində məhkəmə zalında əyləşən “Quska”nın anası oğlunun stoldan başını qaldırmadığını görüb məhkəmədən oğlunun vəziyyətini nəzarətə götürməsini xahiş edib.
Sədrlik edən hakim Azər Tağıyev Zeynəb Abdullayevanı təsəlli edib, əlindən gələn hər şeyi edəcəyinə söz verib: “Heç nədən narahat olmayın, əlimdən gələni edəcəyəm. Mən özüm də maraqlıyam ki, şəxs sağlam mühakimə edilsin. Sizə söz verirəm, oğlunuzu sapsağlam edəcəyəm”.
Hakim qısa müşavirədən sonra təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə prosesinin davam edə bilməyəcəyini elan edib.
Bu səbəbdən proses sentyabrın 5-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Hüseyn Abdullayev proses boyu başını əlləri ilə stola dayayaraq oturub. O, başını sadəcə bir neçə saniyəlik qaldıra bilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.
Onu da qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib. O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.